Azərbaycan üçün dua edirik - Vatikan

29-09-2020, 00:00           
Azərbaycan üçün dua edirik - Vatikan
Azərbaycanla Müqəddəs Taxt –Tac arasında çox yaxşı münasibətlər var və bunu davam etdirməkdə maraqlıyıq. Azərbaycanın çətin günlərində onun üçün dua edirik. Sülhün və dialoqun bərpa olunacağına ümidvarıq.

Teref.az xəbər verir ki, bu fikirləri Müqəddəs Taxt-Tacın dövlət katibinin müavini Edqar Penna Parra Azərbaycanın Vatikandakı səfiri Rəhman Mustafayevlə görüşündə səsləndirib.

Görüşdə Roma Papasının sentyabrın 27-də Müqəddəs Pyotr meydanında ənənəvi “Angelus” duası zamanı çıxışına toxunulub, Qafqaz regionunda zorakılığa dialoq yolu ilə son qoyulmasına dair istəyi, sülhə çağırışı və sadiqləri Qafqazda sülhün bərqərar olması üçün dua etməyə dəvət etdiyi vurğulanıb.

Səfir R. Mustafayev Ermənistanın ölkəmizə qarşı hücumu, eləcə də erməni silahlı qüvvələrinin mülki əhalini və obyektləri hədəfə almasından danışıb.

Ölkəmizin mövqeyinin bəlli olduğunu deyən diplomat Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində münaqişə ilə bağlı fikirlərini qarşı tərəfə çatdırıb. Bildirib ki, Azərbaycan öz torpaqlarını müdafiə edir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Azərbaycan haqq yolundadır və bu yolda zəfər çalacaq. Azərbaycan işğal olunmuş torpaqlarını azad etməlidir.

“Otuz ildir danışıqlar davam edir, ancaq heç bir irəliləyiş, fəaliyyət və nəticə yoxdur. Danışıqlar bərpa edilərsə, artıq konkret plan əsasında olmalıdır. Əks təqdirdə, danışıqların bərpası gözlənilən nəticə verməyəcək”, – deyə səfir bildirib.

Eyni zamanda, Ermənistanın Livan və Suriyadan erməni əsilli sakinlərin Qarabağda məskunlaşdırmasının beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğu vurğulanıb. Təcavüzkar ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsinin, beynəlxalq sənədlərə məhəl qoymamasının qəbuledilməzliyini diqqətə çatdırıb. Axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.