Ermənistan ABŞ-ı da saymadı: Cenevrə görüşünə ehtiyac varmı... - GƏLİŞMƏ

27-10-2020, 09:31           
 Ermənistan ABŞ-ı da saymadı:
Qarabağ cəbhəsində yeni humanitar atəşkəs anlaşması ilə bağlı ABŞ-da əldə olunan razılaşmanın da taleyi Moskva və Paris razılaşmaların taleyi kimi oldu. Əldə olunmuş razılığa əsasən, 26 oktyabrda səhər saat 08.00-da humanitar atəşkəs qüvvəyə minməli idi.

ABŞ prezidenti Donald Tramp isə Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxış edərkən “Biz hər şeyi qaydaya salacağıq. Bu, dediyim kimi, asanlıqla baş verməlidir. Əgər sən nə etdiyini bilirsənsə, bu asan olacaq”, demişdi. Razılaşma xəbərindən sonra isə ABŞ prezidenti twitterdə yazıb: “Mən gecəyarısı qüvvəyə minən atəşkəsə riayət edilməsinə razılıq verən Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Çoxlu insanın həyatı xilas olacaq. Komandamla fəxr edirəm”.

Ermənistan yenə də ənənəsinə sadiq qaldı.

Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Daşkəsənə düşən mərmilər meşədə yanğına səbəb olub.

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalıb. Ağdam rayonunda Qaradağlı kənd tam orta məktəbi də atəşə tutulub.

Düşmən itirdiyi mövqelərlə barışmaq istəmədiyi üçün Azərbaycana sarsıdıcı zərbələr endirməyə çalışır. Görünür, ermənilərin mahiyyətinə daha yaxşı bələd olduğundandır ki, Rusiya Dövlət Dumasının üzvü Aleksey Puşkov ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin asanlıqla həll olunacağı barədə vədini gülüşlə qarşılayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri isə yenə də dövriyyəyə girərək bəyanatla çıxış ediblər.

Virtualaz.org-un məlumatına görə, bəyanatda qeyd olunub ki, həmsədrlər 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüblər, xarici işlər nazirləri və ABŞ Dövlət katibinin müavini Stiven Biqan ilə birgə iclasda iştirak ediblər. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib.

Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər.

Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əsaslı danışıqları bərpa etməyə çağıran Donald Tramp, Emmanuel Makron və Vladimir Putinin 1 oktyabr 2020-ci il tarixli ortaq bəyanatını, həmçinin Amerika Birləşmiş Ştatları Dövlət katibi Maykl Pompeonun, Fransanın Avropa və Xarici İşlər Naziri Jan-İv Le Drianın və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun 5 oktyabrdakı birgə bəyanatını xatırladıblar.

Həmsədrlər və xarici işlər nazirləri intensiv müzakirələr zamanı təcili humanitar atəşkəsin tətbiq olunmasını, atəşkəsin monitorinqinin mümkün parametrlərini və 10 oktyabrdakı birgə bəyanata uyğun olaraq hərtərəfli həll yolunun əsas substantiv elementlərinin müzakirəsinə başlamağı müzakirə ediblər. Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.

Bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Andryu Şofer yayıblar.

Qeyd olunduğu kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrəyə səfər edəcək. Səfər oktyabr ayının 29-na planlaşdırılıb. Səfər zamanı Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Həmsədr ölkələrin moderatorluğu ilə keçirilən danışıqlarda əldə olunan atəşkəs razılaşması söz olaraq qaldığı kimi, həmsədrlərin Cenevrə görüşünün də bir nəticə verməyəcəyi əvəlcədən bəllidir.

Bu arada BMT Baş katibi Antoniu Qeterreşin Ermənistanla Azərbaycan arasındakı atəşkəs razılaşmasını “alqışlaması” isə acı gülüş doğurur. BMT Baş katibinin “alqış” açıqlaması yayıldığı anlarda isə Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərinin düşmən tərəfindən atəşə tutulduğu barədə xəbər verildi. BMT rəhbərliyi əslində qətnamələrinin yerinə yetirilməməsinə görə Ermənistanı ittiham etməliydi.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa 26 oktyabrda etdiyi müraciətində bir daha mövqeyini ifadə edib. “Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik”, - Prezident vurğulayıb. Bununla dövlət başçımız həmsədrlərə faktiki olaraq yol xəritəsi təqdim edib. Çox sadə bir formul, erməni əsgəri torpaqlarımızdan rədd olsun, gərginlik bitsin. Əslində Prezident Cenevrə görüşü qabağı həm də rəsmi Bakının qəti və konkret mövqeyini əvvəlcədən çatdırmış olub.

Bu, bir faktdır ki, işğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Bu təzyiqlərin birini bu, günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadən mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. Dövlət başçısı xalqa müraciətində bu barədə də danışdı və Qoşulmamaq Hərəkatının üzvü olan dövlətlərə təşəkkür etdi.

İndi hansı atəşkəsdən söhbət gedə bilər ki, bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. ABŞ “atəşkəsi” də işləmədi, rəsmi İrəvanın terrorçu mahiyyəti səbəbindən.

Yeri gəlmişkən, həmsədrlərin 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Ancaq Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur. Eyni zamanda atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var. Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “münaqişənin diplomatik həlli yoxdur” deyən N.Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq N.Paşinyan kompromislərdən danışır. Şübhə yoxdur ki, budəfəki humanitar atəşkəs də kobud şəkildə pozulmaqda davam edəcəksə, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək. Azərbaycan Prezidenti xalqa müraciətində dedi ki, orduya səbirli olmağı tapşırıb. Ancaq təbii ki, səbrimiz sonsuz deyil...

Azərbaycan XİN Mətbuat xidməti açıqlama yayıb. Daxil olan açıqlamada deyilir:

“26 oktyabr tarixində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb. Növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur; 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir. Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Cenevrə danışıqlarından ciddi nəticə gözləmir: “Erməni tərəfinin hansı rayonları hansı müddətə azad edəcəyi ilə bağlı bizə qrafik verəcəyinə inanmıram. Bu, onlar tərəfindən açıq-aşkar kapitulyasiya olar. Onlar yenə də məsələni köhnə vəziyyətə gətirmək istəyirlər ki, baza prinsiplərinin müzakirəsinə başlanılsın. Artıq baza prinsipləri işləmir. Biz artıq məsələni həll etməyə başlamışıq. 5 rayondan söhbət gedirdi, onsuz biz rayonları bir-bir azad edirik və baza prinsiplərinin bu müddəası artıq bizimçün aktual deyil. Bunu özümüz həyata keçiririk. İndi bizim qarşımızda Şuşa, Laçın, Kəlbəcərin işğaldan azad olunması durur ki, bunu da yaxın zamanlarda ordu həll edəcək. Bu qədər irəliləyiş varkən, ordu bu qədər zəfər qazanarkən biz yenidən köhnə modelə, Madrid planına, yaxud mərhələli həll planına qayıda bilmərik. Dövlət başçısı özü də xalqa müraciətində söylədi ki, artıq reallıq dəyişib”. Politoloq qeyd etdi ki, bölgədə fərqli reallıq yaranıb və Ermənistan bununla barışmalıdır: “Müharibəyə qədər dövlət başçısı qeyd edirdi və mən də bu fikri dəstəkləyirdim ki, dünyada mövcud olan ən yüksək muxtariyyət modelini ermənilərə verməyə hazırıq. Amma indi bu təklif bizimçün yetərli deyil, bu, keçmişdə qaldı. Bi gün artıq mədəni muxtariyyətdən söhbət gedə bilər, çünki artıq reallıqlar fərqlidir. Necə ki, onlar torpaqlarımızı işğal edəndən sonra bizi reallıqla hesablaşmağa çağırırdılar, deyirdilər ətraf rayonlar guya təhlükəsizlik zonasıdır, 5 rayonunun azad olunması üçün status məsələsi müzakirə olunmalıdır. İndi də biz öz reallıqlarımızı ortaya qoyuruq. Biz özümüz torpaqlarımızı azad etmişik, Xankəndinə çox yaxın məsafədəyik, indi də Ermənistan tərəf reallıqları qəbul etməlidir. Amma inanmıram ki, onlar Cenevrədə reallıqları qəbul etməyə hazır olacaqlar. Ermənilərin ən böyük istəyi həmsədr dövlətlərin Azərbaycana təzyiqi artırmasıdır ki, fasilə qazansınlar, istehkamları gücləndirsinlər, status-kvonu bərpa etsinlər, bu da olmayacaq”. E.Şahinoğlu Azərbaycana təzyiqlərin olduğunu da təsdiqlədi: “Təzyiqlər olsa da, biz bu təzyiqləri özümüz və Türkiyənin dəstəyi ilə neytrallaşdırırıq. Moskva və Vaşinqton görüşlərindən bir nəticə çıxmadığı kimi, Cenevrə görüşü də nəticəsiz başa çatacaq. Ən birincisi ona görə ki, bizim həmsədrlərə inamımız yoxdur”.

Yazı çapa hazırlanarkən Ermənistan ordusu humanitar atəşkəs razılaşmasını pozmaqda, yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmaqda davam edirdi. İrəvan Trampı sevinməyə peşman elədi. Şübhəsiz ki, cavabı veriləcək...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.