“İranda nümayişçilər hədəflərinə çatıblar” – Rejimdən geri addım...

5-10-2022, 17:29           
“İranda nümayişçilər hədəflərinə çatıblar” – Rejimdən geri addım...
Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib. Səfirlikdən bildirilib ki, Rusiya İrandakı təhlükəsizlik vəziyyətini diqqətlə izləyir və ölkə vətəndaşlarına İranda insanların sıx olduğu yerlərdən çəkinməyi tövsiyə edir.

TEREF.AZ-ın məlumatına görə, güneyli soydaşımız, siyasi şərhçi Çingiz Göytürk bu barədə “Sherg.az”a danışarkən bildirib ki, İranda keçirilən nümayişlər zamanı insanlar rejimin müdaxilələrinin məhdudlaşdırılması üçün böyük şəhərlərdə, ayrı-ayrı məkanlarda toplaşırlar:

“Seçilən yerlərin də bir çoxu işlək, cəmiyyətin çox hərəkətdə olduğu məsələn, metrostansiyalar qarşısı, iri ticarət mərkəzləridir. Böyük ehtimalla Rusiyanın İrandakı səfirliyi bu tip yerlərdə rejimin qüvvələrinin aşırı dərəcədə təzyiq etdiyi, ciddi basqılar yaratdığını bilir.

Buna görə də öz vətəndaşlarına belə bir xəbərdarlıq edir. İndi İrandakı aksiyalar ciddi şəkildə davam edir.

Rejim aksiyalarla bağlı bir az fərqli görüntü yaratmağa çalışsa da, nümayişlərdə insanların ciddi şiddət gördüyünü hər kəs bilir.

Buna rəğmən insanlar müxtəlif vasitələrdən istifadə edərək öz istəklərini bəyan edirlər. O cümlədən, bu etirazlar universitetlər, orta məktəblərdə tətillərlə -daha çox da Qərbi Azərbaycanın Kürdüstan bölgəsində müşahidə olunur. Məktəblərin əksəriyyətində dərslər dayandırılıb.
Otuzdan artıq universitetə tələbələr ayaq basmır. Görünən odur ki, İran rejimi bu etriazların qarşısını istədiyi kimi ala bilmir. Bu gün aldığımız məlumata görə, bir neçə fəalın da azad olunması məsələsi gündəmdədir.
Bildiyimiz kimi oktyabrın 1-də Təbrizdə baş tutan kütləvi etirazlarda həbs olunan gənc azərbaycanlı müğənnini Arəş İffəti azad edildi. Rejim özünü yaxşı göstərmək üçün bunu xüsusi israrla insanlara duyurmaq istədi.
Bütün sosial şəbəkələrdə də sürətlə yayımladı. Bu onu göstərdi ki, İrandakı mövcud rejim artıq bəzi məsələlərdə geri addım atmalı olduğu bilir.
Düşünürəm ki, proseslərin hara doğru gedəcəyini daha net şəkildə müəyyən edə biləcəyik. Fikrimcə, nümayişçilər böyük ölçüdə öz hədəfinə nail olublar. Növbəti günlərdə isə aksiyalar bir qədər səngiyə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.