Vuçiç geri çəkilir, Kosova planı qəbul edilir

2-02-2023, 12:55           
Vuçiç geri çəkilir, Kosova planı qəbul edilir
Serbiya Prezidenti Aleksandar Vuçiç AB-nin Kosova ilə bağlı planını qəbul etməyə hazırdır. O, sadəcə olaraq siyasi elitanı və ölkə əhalisinin dəstəyini almalıdır.Bu gün, fevralın 2-də Vuçiç parlamentdə çıxış etməlidir. Serbiya parlamentinin spikeri Vladimir Orliç hökumətin tələbinə tabe olaraq xüsusi iclas təyin edib.

Axar.az xəbər verir ki, bu barədə serb mediası məlumat yayıb.

“Prezident özü vəziyyəti partiyalar və əhali ilə müzakirə etməyin vacibliyini bəyan edib. Söhbət Priştinanın beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə üzvlüyünü nəzərdə tutan Fransa-Almaniya planı əsasında Kosova ilə münasibətləri normallaşdırmaq üçün Qərbin Belqraddan ultimativ tələbindən gedir. ABŞ və AB-nin faktiki ultimatumu aparıcı Qərb ölkələrinin beş emissarı ilə Serbiya prezidenti arasında yanvarın 20-də keçirilən danışıqlarda açıqlanıb. Onun mahiyyətini ötən həftə Aleksandar Vuçiç özü xalqa müraciətində açıqlayıb. Prezidentin sözlərinə görə, ona açıq şəkildə deyilib: Belqrad Kosova planını qəbul etməlidir, əks halda Serbiyanın AB-yə daxil olması prosesi dayandırılacaq, Qərb investisiyaları ölkədən geri çəkiləcək, AB ölkələri ilə vizasız rejim Serbiya vətəndaşları üçün ləğv ediləcək”, - məlumatda deyilir.

Vuçiç isə bildirib ki, Belqrad konsepsiyanı qəbul etməyə və Kosova ilə münasibətlərin normallaşdırılması üzrə Avropa planının həyata keçirilməsi üzərində işləməyə hazırdır.

Planın qəbulu ölkəyə Qərbin sanksiyalarından yayınmağa imkan verəcək. Amma Vuçiçin özü bu halda Kosovanı Serb ərazisi hesab edən serblərin əksəriyyətinin dəstəyini itirmək, həmçinin Kosovanın müstəqilliyinin tanınmasına qarşı çıxan Rusiya ilə münasibətləri korlamaq riski daşıyır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.