“Çin və Hindistan müharibə istəmir, çıxış yolu tapa bilərik” – Çinli diplomat

24-03-2023, 10:45           
“Çin və Hindistan müharibə istəmir, çıxış yolu tapa bilərik” – Çinli diplomat
“Çin və Hindistan müharibə, sərhəd bölgələrində qarşıdurma istəmir, buna görə də düşünürəm ki, çıxış yolu tapa bilərik”.

Bunu Çinin Hindistandakı müvəqqəti işlər vəkili Ma Jia Yeni Dehlidə jurnalistlərə açıqlamasında deyib. O, Çinin Hindistanla sərhəd mübahisəsinin ikitərəfli məsələ olduğunu və xarici müdaxilənin problemlərin həllinə kömək etməyəcəyini bildirib: “Hindistan və Çin arasındakı sərhəd məsələsi ikitərəfli bir məsələdir, hər iki ölkə problemi həll etmək üçün müdrikliyə malikdir. Biz bunun öhdəsindən gələ bilərik, başqalarını, xüsusən də digər bölgələrdən müdaxilə etməyə dəvət etmirik. Xarici müdaxilə problemlərin həllinə kömək etməyəcək”.

Diplomat əlavə edib ki, bəzi çətinliklər var, sərhəd məsələsi çox mürəkkəbdir, uzun illər tarixin qalığı var, buna görə razılaşmaq asan deyil: “Problemlə bağlı üz-üzə gəlib danışmalıyıq, iki tərəfin niyyəti vəziyyəti yaxşılaşdırmaqdır, iki ölkə lideri bu barədə konsensusa malikdir, biz çıxış yolu əldə edə bilərik”.

Çinin sərhəd boyu nəhəng infrastruktur inşa etməsi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirən Çin nümayəndəsi bildirib ki, hökumət olaraq mülki və hərbi məqsədlər üçün infrastruktur qurmaq onların məsuliyyətidir və ölkələr qarşılıqlı etimada malik olmalıdır və bu etimadı yaratmaq üçün əlaqələr mövcuddur. O, həmçinin deyib ki, Hindistan tərəfi də son bir neçə ildə nəhəng infrastruktur qurur.

Yaponiya, Avstraliya, Hindistan və ABŞ-dan ibarət Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quadrilateral Security Dialogue (Quad) arasında artan əlaqələrdən danışan Çin nümayəndəsi bildirib ki, əgər bu, regionda insanların və ölkənin mənafeyinə uyğundursa, Pekin heç bir regional və beynəlxalq əməkdaşlığa qarşı deyil: “Lakin Çini cilovlamaqla geosiyasi niyyətlər üçün yaradılmış kiçik qruplara qarşıyıq, ona görə də ümid edirik ki, bütün əməkdaşlıq dünya və region üçün faydalı olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.