“Badamdardakı villalar vergidən yayınır”

10-10-2019, 17:58           
“Badamdardakı villalar vergidən yayınır”
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Turizm Agentliyi tərəfindən "Turizm biznesi forumu-mövcud vəziyyət və perspektivləri" mövzusunda forum keçirilib.

Forumda çıxış edən “Royal Hopspitality Group”un rəhbəri Cavid Cəbiyev bildirib ki, evlərini turistlərə verən sahibkarlar vergidən yayınırlar.

“Badamdar ərazisindəki villalar kirayə verilir. Böyük əksəriyyətinin qeydiyyatı yoxdur.Ciddi vergidən yayınma halları var. Gündəlik qiymət olaraq 300-450 manatdan başlayır və 750 manata qədər fərqli qiymətlər təklif olunur. Bu qiymətlər 10 nəfərlik villalar üçün nəzərdə tutulub. Buna bir nəzarət mexanizmi qurulmalıdır”- deyə o bildirib.

Onun sözlərinə görə, vergi qeydiyyatında 3 mindən çox sırf turizm məqsədli şirkət qeydiyyatdan keçib. Lakin həqiqi turizm ilə məşğul olan şirkətlərin isə dəfələrlə az olduğu bildirilir. O qeyd edib ki, səriştəsiz şirkətlər turizmlə məşğul olan şirkətlərə mane olur.

Cavid Cəbiyev həmçinin otellərin xidmət səviyyəsinə də toxunub.

“Bakıda və bölgələrdə bəzi otellər var ki, üzərində 5 ulduz var. Amma içərisinə daxil olanda heç 3 ulduz səviyyəsində də olmadığının şahidi oluruq. Yəni heç bir 5 ulduz tələblərinə cavab vermir. Bu standartlar dəqiq və əsl peşəkarların iştirakı ilə hazırlanmalıdır. Fərqli və yeni-yen i turizm bazarlarına istiqamətlənmə olmalıdır. Məsələn biz 2012-ci ildə Avstraliyadan birbaşa Lənkərana 120 nəfərdən ibarət turistlər gətirdik. Biz 6 ay əvvəlcədən rezervasiya etdik. Tam yeni bir bazara üz tutduq. O vaxt biz bundan danışanda hamı bunu qeyri-real hesab edirdi. Çalışmalıyıq ki, yeni-yeni istiqamətlərdən ölkəmizə turist cəlb edək”-deyə Cavid Cəbiyev bildirib. //fed.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.