Qərb bölgəsinin fermerləri çətin durumda - "Əgər yağış yağmasa..."

20-11-2019, 10:11           
Qərb bölgəsinin fermerləri çətin durumda - "Əgər yağış yağmasa..."
Qərb bölgəsində hökm sürən quraqlıq kənd təsərrüfatı, xüsusilə strateji məhsul sayılan taxılçılıqla məşğul olan fermerlər arasında narahatlıq yaradıb. Sputnik Azərbaycan xəbər verir ki, azmüddətli yağışlar nəzərə alınmazsa, 6 aydır bölgəyə yağıntının düşməməsi taxıl səpinini ləngidir. Belə ki, torpaqda səpin üçün lazım olan rütubət və nəmlilik yoxdur. Eyni zamanda quraqlıq səbəbindən şumda sahə kəltənli (kəsəkli - red.) olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa vasitələrlə malalamaq məcburiyyəti yaranır. Təsərrüfat sahibləri bu səbəbdən məhsulun maya dəyərinin artacağını və məhsuldarlığın aşağı düşəcəyini deyirlər.

Ağstafa rayon Qırılı kənd sakini Eldəniz Babayev çıxış yolu kimi quraq torpağa taxıl səpib suvarmağa üstünlük verdiyini söyləyib: "6 aydan çoxdur, yağış yağmır. Gecikməsin deyə səpin apardıq. İndi də görürük, çıxmır, məcbur olub, suvarırıq. İstəyirik, torpaqda nəmlilik yaradaq, həm də quşlar səpilən toxumu yeməsinlər".

Təsərrüfatçı Hüseynxan Qurbanov da vəziyyətdən çıxış yolunu suvarmada gördüyünü, lakin bunun da mənfi tərəflərinin olduğunu deyib: “Taxıl yağışla çıxsa, yaxşıdır. Düzdür, cücərməsi üçün suvarırıq, amma belədə səpilən toxum suyla bərabər axır. Nəticədə bir yerdə sıx, digər yerdə seyrək olur. Bu da məhsuldarlığa təsir göstərir".

Əkin sahibləri yağıntının olmaması səbəbindən suvarma üçün inşa edilən su anbarlarında da suyun olmadığını bildiriblər.

Ağstafa rayon Poylu kənd sakini Ramil Qasımov isə mexanizatordur. O, bu il, demək olar, əkin-səpin işlərindən daha çox, dırmıqlama işləri gördüyünü bildirib.

“Bu il bütün yerlər kəltənlidir. Bir yerlə 5-6 dəfə gedib-gəlirəm ki, şumu malalaya bilim. Yerdə nəmlik olanda belə kəltən yaranmır. Yaransa da, sonradan yağış onun üstünə yağdıqca dağılır öz-özünə. Bir dəfə üstündən mala çəkəndə düzəlir. Taxıl kəltənli yerdə çıxmır. Səpilən toxumu isə quş daşıyıb aparır”, - mexanizator deyib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Valeh Həsənov Sputnik Azərbaycan-a açıqlamasında quraqlığın kənd təsərrüfatına ziyanından danışıb. Bu halın məhsuldarlığın təxminən 20-30% düşməsi və qiymətlərdə artıma da səbəb olacağını istisna etməyib.

"Quraqlıq gecikməylə yanaşı, gəmiricilərin artması və aqrotexniki işlərin daha da artmasına, nəticədə taxılın maya dəyərinin qalxmasına səbəb olur. Səpinin aparılma müddəti bölgə üçün optimal olaraq 20 oktyabrdan 10 noyabra qədərdir. Lakin quraqlıq səbəbindən çox yerlər hələ səpilməmiş qalıb. Səpilən sahələrdə suvarma ləngiyib. Bitiş ləngiyib. Normalda indiyədək taxıl 4-6 sm qalxmalı idisə, hazırda cücərən sahə, demək olar ki, yoxdur", - deyərək vəziyyəti izah edib.

Mütəxəssis yağıntısız hava şəraiti davam edərsə, bölgədə məhsuldarlığın 20-30% düşə biləcəyini bildirib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.