Elxan Məmmədovun 21 yalanı və seçki arzusu - İFŞA

11-12-2019, 17:15           
Elxan Məmmədovun 21 yalanı və seçki arzusu - İFŞA
İctimai Televiziyada yayımlanan "3D” verilişinin budəfəki qonağı AFFA-nın baş katibi Elxan Məmmədov olub. Veriliş ərzində ona ünvanlanan haqlı iradları və sualları cavablandıran qurum rəsmisi təbii ki, özünü təmizə çıxarmaq üçün yalan danışmaqdan da çəkinməyib. Biz isə onun efir zamanı hansı yalanları danışdığını üzə çıxarmışıq. İCMAL.az sportfm.az-a istinadən xəbər verir...

Birinci yalan: Məmmədov onunla əlaqə saxlandığı zaman dərhal dəvəti qəbul etdiyini deyir. Dadaşlinski onun bu yalanını verilişin əvvəlində üzə çıxarır. Aparıcı uzun müddətdir baş katibə pas atdığını, onun isə geri pas verdiyini - yəni efirə gəlməkdən imtina etdiyini bildirir.

İkinci yalan: AVRO-2020-nin final mərhələsinin oyunlarının Bakıda keçirilməsi ilə dövlətin gördüyü işləri Elxan Məmmədov öz adına çıxır. Sanki o, bu işi təkbaşına edib.

Üçüncü yalan: Məmmədov deyir ki, yığmada nəsil dəyişir və 3-4 il öncəki heyətə baxanda 80 faiz yeni futbolçular var. Təbii ki, bu ağ yalandır. Ümumiyyətlə yığmada nəsil dəyişmə prosesi bizim futbola yad bir məhfumdur.

Dördüncü yalan: İşinə "peşəkar" yanaşan baş katib süni meydançaları beynəlxalq futbol qurumlarının tövsiyə etdiyini və burda daha çox oyun keçirməyin mümkün olduğunu bildirir. Əvvəla beynəlxalq futbol qurumları sintetik örtüklü meydançaları qətiyyən tövsiyə etmir, əksinə belə meydançalara üstünlük verən ölkələrə bundan imtina etməyi məsləhət görür. Və belə meydançalarda asfalta dönənə qədər futbol oynamağın mümkünlüyü ilə bağlı yalan da öz yerində. Əgər söhbət süni örtüklü meydançalardan gedirsə, FİFA və UEFA-nın rəsmi saytlarında belə meydançaların kateqoriyaları və istifadə müddəti haqqında konkret qaydalar dərc edilib.

Beşinci yalan: Elxan Məmmədov qeyd edir ki, uşaq futbolunda süni örtüklü meydançada həftədə 3-4 dəfə futbol oynanılır. Təbii ki, bu böyük yalandır. Bunun üçün AFFA-nın rəsmi saytına nəzər salmaq yetərlidir. Təkcə U-10 və U-12 liqası çərçivəsində köhnə "Neftçibaza"nın meydançasında bir gün ərzində 20-yə yaxın(!!!) qarşılaşma keçirilir. Üstəlik bu ildən təsis edilən və AFFA-nın həyətində yerləşən süni meydançada baş tutan U-9 liqasının oyunları da buna misaldır. Belə yüzlərlə nümunə göstərmək olar.

Altıncı yalan: Dadaşlinski hamının ölkədə uşaq futbolunun olmadığını dilə gətirdiyini söyləyir. Məmmədov hamının fikrini(!!!) "subyektiv" adlandırır.

Yeddinci yalan: Burda Elxan Məmmədov veriliş boyu ən böyük yalanlarından birin söyləyir. Baş katib qeyd edir ki, onun yaratdığı liqalardan Bəhlul Mustafazadə kimi futbolçular çıxıb. Bu qətiyyən belə deyil. Bəhlul Mustafazadə "Sabahın ulduzları" turnirinin "məhsuludur".

Səkkizinci yalan: Yenə uşaq futbolu ilə bağlıdır. Məmmədov söyləyir ki, onun təşkil etdiyi liqalardan Bəhlul, Emil və digər futbolçular yetişib. Dadaşlinskinin digər futbolçuların da adlarını çəkməsini xahiş etməsi qarşısında "hıqqıldayan" Məmmədov başqalarının xətirlərinə dəyməmək üçün ad çəkmək istəmədiyini vurğulayır. Burda baş katib özünü "yandırır". Axı, olmayan birinin adını necə çəkəsən? Ad çəkmək istəmirdinsə, Bəhlul və Emlinin adını niyə söylədin?

Doqquzuncu yalan: AFFA rəsmisi deyir ki, bir çox oyunçular 15 yaşadək milli komandalarda oynayaraq, əsas milliyə namizəd olublar. Məmmədovun diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanın 15 yaşlılardan ibarət milli komandası yoxdur və olmayıb. Və heç bir azərbaycanlı futbolçu onun dediyi "yolu" qət etməyib.

Onuncu yalan: Baş katib deyir ki, Berlində açdıqları futbol məktəbi orda yaşayan azərbaycanlı miqrantların övladları üçün nəzərdə tutulmuşdu. Məmmədova bildirmək istəyirəm ki, Almaniyada hər qəsəbədə, hətta hər kənddə belə futbol məktəbi fəaliyyət göstərir. Onların azərbaycanlıların açdığı futbol məktəbinə "ehtiyac" duyması gülüncdür.

On birinci yalan: Berlindəki məktəbin açılış tarixini 3 müxtəlif illərə(2009,2010,2011) sığdıran baş katibə xatırladım ki, Almaniyaya Rauf Əliyevlə birgə 2009-cu ilin sentyabrında yollanmışdınız. Və həmin məktəbdə guya məşqləri vaxtilə Sumqayıtın "Polad" klubunda oynamış gürcü(!!!) Eduard Davidaşvili aparırdı.

On ikinci yalan: Baş katib Berlindəki məktəbə il ərzində xərclənən pulun məbləğində, elə özünün də tez-tez səsləndirdiyi AFFA-nın saytındakı hesabatdan nə az, nə çox düz 70 min manat(!!!) "səhv" edir.

On üçüncü yalan: AFFA-nın "vuran əli" nadir ictimai təşkilatdan biri olaraq, ildə bir dəfə maliyyə hesabatlarını dərc etdiklərini və şəffaf çalışdıqlarını qeyd edir. Mütləq şəkildə yalandır və bu proses FİFA və UEFA-nın tələblərinə uyğun olaraq həyata keçirilir.

On dördüncü yalan: Məmmədov söyləyir ki, Azərbaycan yığmasının üzvləri hər oyuna(yəni İtaliya, İspaniya, İngiltərə, Almaniya və davam etsək yer qalmayaq...) 3 xal üçün çıxır. Bu yalana görə ona Nobel mükafatı təqdim etmək olar.

On beşinci yalan: Slovakaiyalı sabiq futbolçunun Azərbaycan qədər zəif yığma görmədiyi sözlərinə, Məmmədov onun bizim komandamızdan səfərdə hücum futbolu(!!!)(evdə bizi əzən Slovakiyayla) gözlədiyini, məhz buna görə belə fikir səsləndirdiyini dedi.

On altıncı yalan: "Şəfa" stadionunun ərazisində hazırda kommersiya məqsədli meydançalar fəaliyyət göstərir və hətta orda "Avenyu" otel də açılıb və bunların heç birinin futbola birbaşa aidiyyatı yoxdur.

On yeddinci yalan: Ölkə çempionatında cəmi 8 komandanın olmasının günahını iş adamlarında axtaran Elxan Məmmədov bu idman növünə sərmayə qoyan biznesmenlərə hər cür şərait yaratdıqlarını bildirir. Onun hansı şəraitdən danışdığı isə məlum deyil.

On səkkizinci yalan: Qurban Qurbanova daim dəstək verdiyini deyən Məmmədov futbol "fəlsəfəsi"ndən dəf vuraraq, çalışdırıcının işini klubunda davam etdirməsinə qərar verdiklərini söyləyir. Elxan müəllim, unutmayın "Qarabağ" tam müstəqil bir klubdur və qərarları özləri qəbul edir. Ağdam klubunun rəhbərliyinin sizin fikrinizə ehtiyac duyduğunu zənn etmirəm.

On doqquzuncu yalan: Jurnalistlərin "süni" tənqidi ilə üzləşən baş katib buna səbəb görmür və ölkə futbolunda hər şeyin "yaxşı" olduğunu nəzərə alaraq, onların başqa məqsəd güddüyünü bildirir.

İyirminci yalan: Cinayət işlərinin "qarşısını alan" AFFA rəsmisi danışılmış oyunlara görə futbol ictimaiyyətinin(jurnalistlərin, veteranların, azarkeşlərin) "çörəyinə bais olduğuna görə" tənqidə tuş gəldiyini söyləyir. Qeyd edim ki, son iilər AFFA belə hallara görə dəfələrlə beynəlxalq qurumlar tərəfindən xəbərdarlıqla üzləşib.

İyirmi birinci yalan: "Kəpəz"dəki audit soruşdurmasının nəticəsində üzə çıxan faktları "yalan" adlandıran Elxan müəllimə ən düzgün cavabı elə dünən axşam efirdən sonra Gəncə klubunun sabiq əməkdaşı Cabir İbrahimov öz sosial şəbəkə hesabında verib. Elxan müəllim, bizdə bilirik ki, sizsiz AFFA-da 1 qəpik belə xərclənə bilməz. Sizin qolunuz bütün sənədlərin altında olmalıdı. Bu qaydanı özünüz qoymusunuz.

Ən faciəlisi isə odur ki, "Raşad muellim" deyən, ana dilimizdə doğru-dürüst danışa bilməyən Elxan Məmmədovun hələ bu postdan getmək fikri yoxdur. O, verilişin sonunda bu fikrə işarə edərək, hər şeyi seçkilərin müəyyən etdiyini də söyləyir.

sportfm.azшаблоны для dle 11.2














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.