Azərbaycan cəmiyyətinə mühüm mesaj - pandemiya üzərində qəti qələbə hələ çalınmayıb...

2-06-2020, 23:50           
Azərbaycan cəmiyyətinə mühüm mesaj - pandemiya üzərində qəti qələbə hələ çalınmayıb...
Dəyanət Osmanlı: “Birinci pandemiya mərhələsində də qaydalara məhəl qoymayan, məsələyə öz fərdi düşüncəsinə uyğun olaraq yanaşan insanlar çox oldu”
Təəssüflər olsun ki, hələ də koronavirus pandemiyasından xilas ola bilməmişik. Bu baxımdan da bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya ilə mübarizə hələ bitməyib, davam etdirilir. Cəmiyyətdə yaşanan vətəndaş məsuliyyətsizliyi nəticəsində virusun yayılma sürətinin artması ilə bağlı təhlükə var və yeni virus dalğasının da baş verəcəyi gözləniləndir.

Bu şəraitdə vətəndaşlarımızın davranışları pandemiya ilə mübarizə tələblərinə nə qədər uyğundur? Umumiyyətlə, uyğundurmu?

Ekspertlər qeyd edirlər ki, bu gün vətəndaşlar mübarizə tədbirləri tələblərinə uyğun davranış sərgiləmirlər. Bunun özünü ən çox küçədə, supermarketlərdə, ictimai nəqliyyatda, həmçinin də son günlər fəaliyyəti bərpa olunan restoran və kafelərdə, ictimai yerlərdə göstərdiyini müşahidə edirik. Bir sözlə, hər addımbaşı qaydalar pozulur. Hətta cərimələrin tətbiqi də pozuntuların qarşısını ala bilmir. Vətəndaşların hər addımbaşı qaydaları pozması hökumətin daha sərt tədbirlər müstəvisinə keçməsi ilə nəticələnə bilər. Ekspertlər bildirirlər ki, həm karantin qaydalarının sərtləşdirilməsi, həm də cərimələrin artırılması vəziyyətdən çıxış yolu ola bilər.

Bu gün Gürcüstan, Ukrayna və başqa ölkələrdə karantin rejiminin pozulmasına görə vətəndaş 1000-1500 dollar məbləğində cəzalanır və bir daha qaydaları pozmur. Azərbaycan dövlətinin humanistlik göstərib cərimələrin məbləğini az göstərməsi vətəndaşları qaydaları pozmaqdan çəkindirmir.

“...cərimələrin məbləğinin artırılmasına şərait yaradanlar da belələridir”

“Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, pandemiyanın ilk mərhələsi gərgin vəziyyətlə, sərt qaydalarla müşayiət olundu. “Xəstəliyin qəfil meydana çıxmağından hətta dünyanın aparıcı dövlətləri müəyyən gərginliklər yaşadı. Amma bununla belə, pandemiyanın yayılmasını nəzarət altına götürmək üçün xeyli təşəbbüs göstərildi və neytrallaşdırmaq məqsədilə tədqiqatlar indi də davam edir.

Azərbaycan koronavirusla mübarizədə ən çox fəallıq göstərən ölkələrdən biridir. İndiyədək görülmüş tədbirlər deməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyevin birbaşa nəzarəti sayəsində pandemiyanın fəsadlarını maksimum az itkisiz aradan qaldırmaq mümkün oldu. Amma bu o demək deyil ki, təhlükə arxada qaldı. Bəlli olduğu kimi, ikinci dalğanın baş verə biləcəyi barədə məlumatlar var. İnanıram ki, ölkəmiz mümkün olan bütün ehtiyat tədbirlərə hazırdır. Bu işdə QHT və media sektoru, habelə vətəndaşlar da anlayışlı davranış, qaydalara əməletmə kampaniyasında fəallıq göstərməlidirlər. Açığını deyək ki, birinci pandemiya mərhələsində də qaydalara məhəl qoymayan, məsələyə öz fərdi düşüncəsinə uyğun olaraq yanaşan insanlar çox oldu. Elə bu səbəbdən də qaydaları sərtləşdirməyə ehtiyac yarandı. Bu günlər isə yenə də heç nə olmamış və olmayacaq kimi fikirləşib, qorunma vasitələrindən istifadə etməyənlər var. Təəssüf ki, sayı kifayət qədər çoxdur. Qaydaların yenidən sərtləşdirilməsinə, cərimələrin məbləğinin artırılmasına şərait yaradanlar da belələridir”.

D.Osmanlı, həmçinin, qeyd etdi ki, görünür, bu yöndə indiyə qədər aparılan təbliğatın da təsiri az olub və məsələlər gündəmə gəlib. O hesab edir ki, bütün vətəndaşlar dövlətin müəyyən etdiyi qadağalara əməl etməli və öz intizamsızlıqları, məsuliyyətsizlikləri ilə cəmiyyət üçün əlavə problemlər yaratmamalıdırlar.
Bakıxeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.