Qubad İbadoğlu: “Xəstəxanaların sayı şişirdilib ki, büdcə vəsaitləri yeyilsin”

3-07-2020, 10:38           
Qubad İbadoğlu:
Pandemiya Azərbaycanda sürət götürəndən bəri sosial şəbəkə izləyiciləri eyni şikayətləri səsləndirirlər. “Xəstəmizi götürən olmadı, 3 gün sonra gəldilər, baxan yoxdur və s.”. Koronavirusla mübarizədə səhiyyəmizin bərbad vəziyyətdə olduğunu deyənlər də var, əksini iddia edənlər də. Amma həmişə ən doğrusunu əlahəzrət fakt söyləyir. Faktlar nə deyir?

Azərbaycanda 563 xəstəxana və 44 min çarpayı vardır. Koronavirusa yoluxub xəstəxanada müalicə alanların sayı isə 8031 nəfərdir.

Bəs onda niyə xəstəxanalarda yer çatışmır? Rəsmi statistika göstərir ki, 2003-cü ildə 738 xəstəxana fəaliyyət göstərib. Burda deyirlər ki, yaxşı, toyuq yumurtlamadı, bəs falı hanı?

Bu sualın cavabını iqtisadçı alim Qubad İbadoğlu verir.

Qubad İbadoğlu

Açıqlanan rəsmi məlumatlarda bu günə qədər 8031 nəfər koronavirusa yoluxanların 30 ixtisaslaşdırlmış xəstəxanada müalicə olunduğu bildirilir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda 563 xəstəxana vardır.

Yenə də mövcud 563 xəstəxana ilə yanaşı son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib. Onda problem nədədir, niyə çarpayı sayı çatışmır. Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var. Bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur. Onda narahatçılıq nədədir?

Məsələ burasındadır ki, xəstəxanaların sayı kimi çarpayıların da sayı şişirdilib. Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpyaların sayını şişirdir ki, büdcədən daha çox vəsait alsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi.

Deməli xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir? Deyirlər ki, həkimlər və tibbi bacıları azdır. Rəsmi statistikaya inansaq, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibbi vardır. Tibbi bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir? Göründüyü kimi, resurlsarın idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyada. Buna məsul olan səhiyyə nazirinin görünür ki, başı başqa şeylərə qarışıbdır”,- deyə alim bildirib.

Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.