“Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər” - AKTUAL

14-07-2020, 09:16           
“Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər” - AKTUAL
Amerika Birləşmiş Ştatlarında payız aylarında dərslərə ənənəvi qaydada başlanılması gözlənilir. ABŞ prezidenti D.Tramp da bununla bağlı çağırış edib və bildirib ki, orta məktəblərdə payız aylarında ənənəvi dərslər başlamazsa, onlara ayrılan federal fondların kəsiləcəyik.

Bu açıqlama koronavirus səbəbiylə çətin günlərdən keçən məktəb rəhbərlərində narahatlığa səbəb olub. CNN-də verilən xəbərə görə, Tramp bu yardımı kəsə bilməz, lakin yeni pandemik yardımların qarşısını ala bilər. Bunun nəticəsində maliyyə baxımından məktəblər çətin vəziyyətə düşə bilər. ABŞ-da mart-may aylarında koronavirus pandemiyasından məktəblərin qapadılması 737 mindən artıq təhsil işçisinin işsiz qalmasına səbəb oldu. İyun ayında isə bütün ştatlar üzrə 70 mindən artıq təhsil işçisi işlə təmin olundu. ABŞ-ın təhsil naziri Betsi DeVos bazar günü ölkə boyu icmaları məktəblərin tam açılmasına çağıraraq, koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, bunun təhlükəsiz olduğunu deyib. DeVos bu açıqlamaları Fox və CNN tele kanallarına müsahibələri zamanı verib. O, səhiyyə ekspertləri və yerli və federal hökumət rəsmilərinin mart ayından koronavirus pandemiyasına görə bağlanmış məktəblərdə təhsilin tam bərpa olunmasına qarşı tövsiyələri ilə bağlı suallar qaldırıb. Birləşmiş Ştatlarda hazırda gün ərzində koronavirusa 60 mindən çox rekord yoluxma halları qeyd edilir. “Tədrisə qayıtmaq həqiqətən çox vacibdir. Əldə olan məlumatlarda bunun hansısa şəkildə təhlükəli olduğu barədə bir şey göstərilmir. Uşaqlar virusu böyüklər kimi yaymır”- Birləşmiş Ştatların təhsil naziri deyib.

O bildirib ki, məktəblər açılmalıdır, lakin bununla yanaşı, virusun çox geniş yayıldığı yerlərdə bir neçə gün dərslərin virtual keçirilməsi mümkündür. ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika Mərkəzlərinin məktəblərin açılması üçün tövsiyələrinə əsasən, şagirdlər maska taxmalı və bir-birindən azı iki metr məsafə saxlamalıdır. Agentlik bu həftə məktəblərin açılması üçün yeni tövsiyələr verəcəyini bildirib, lakin onun rəhbəri Robert Redfild agentliyin əsas tövsiyələrindən geri çəkilməyəcəyini bildirib.

ABŞ-da məktəblərlə bağlı qərarlar federal hökumət deyil, yerli rəsmiləri tərəfindən verilir. Ölkədə bir sıra məktəblərin rəsmiləri prezident Tramp və təhsil naziri DeVosun məktəblərdə təhsilin tam bərpa olması ilə bağlı çağırışları ilə razı olmadıqlarını ifadə ediblər.

Təhsil eksperti Şahlar Əsgərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu barədə cəmiyyətdə də, hökumətdə də müzakirə gedir: Bu çətin sualdır, çətin bir dövr gəlib. Amerika inkişaf etmiş ölkədir, orada informasiya-kommunikasiya texnologiyalarının inkişafı yüksək səviyyədədir. İnternetin sürəti də çoxdur, qiyməti ucuzdur. Distant təhsil üçün bu önəmlidir. Bizdə isə internetlə bağlı problem var. Bütün bölgələrdə internetə çatım imkanı eyni dərəcədə deyil. Təhsil məsələsində internet əsas vasitədir. Rabitə Nazirliyi bu barədə düşünməlidir.

Metodik addımlarla bağlı Təhsil Nazirliyində hər gün müzakirə gedir. Hamının ağlına gələn əsas variat distant təhsildir. Hökumətdə baş nazir və nazir səviyyəsində danışıqlar gedir, baş nazir hər həftə təhsillə bağlı nə isə qərar qəbul edir. Kimin məqbul təklifi varsa, səsləndirməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı da vurğuladı ki, pandemiya şəraitindən asılı olaraq, dərslər məsafədən keçirilə bilər: “Bizim rəsmi qurumlarımız da elan etdilər ki, dərslər sentybar ayında başlayacaq. Ancaq günü söylənilmədi. Hesab edirəm ki, dərslərin başlanması, məktəblərdə keçirilməsi şəraitdən asılı olacaq. Əgər koronavirus pandemiyası aradan qalxarsa, dərslər üzbəüz başlaya bilər. Yox, əgər vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də uzaqdan məsafədən təhsil tətbiq edilə bilər. Ancaq burada ən mürəkkəb məsələlərdən biri birinci sinfə gedəcək şagirdlərin dərsə başlamasıdır. Görünür, müvafiq qurumlar bu barədə düşün bilərlər. Məsələn, bəzi Avropa ölkələrində dərslər bərpa olundu, amma sinifləri böldülər, hər sinifdə 10 nəfərdən artıq şagird olmamaq şərtilə, sosial məsafə gözləmək və digər gigiyenik qaydalara riayət olunmaqla dərslər keçirildi”.

Deputatın sözlərinə görə, problem birinci siniflərlə bağlı ola bilər: “Onun da həlli yolunu müvafiq qurum tapacaq. Əsas məsələ odur ki, vətəndaşlar məsuliyyətli olsunlar, tibbi maska taxsınlar, sosial məsafə gözləsinlər, gigiyena qaydalarına riayət etsinlər ki, bu bəla üzərimizdən götürülsün və təhsil məsələlərində də axsama olmasın”.

Distant təhsilin qanunvericilik bazasına gəlincə, M.Qasımlı vurğuladı ki, məsafəməsələsi “Təhsil haqqında” Qanunda var, nəzərdə tutulub, amma detallarını işləyib hazırlamaq lazımdır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.