Təhsilin QARANLIQ ÜZÜ: Şagirdləri fərdi hazırlığa çağırmaq üçün ZƏİF DƏRS KEÇƏN MÜƏLLİMLƏR

26-09-2020, 00:03           
Təhsilin QARANLIQ ÜZÜ:
Azərbaycan təhsilində hamının bildiyi, amma diqqətdən kənarda qalan bir problem var. Bu problem bizim xülyalarımızın nəticəsi yox, valideynlərin şikayətinin təzahürüdür. Belə ki, bəzi müəllimlər dərs keçdiyi şagirdi yanına hazırlığa gəlsin deyə şüurlu şəkildə təhsilin keyfiyyətini aşağı salır. Nəticə etibarilə ali təhsil müəssisələrinə qəbul olmaq, maariflənmək, dərs qiymətlərini düzəltmək istəyən şagirdlər öz müəllimlərinin yanına fərdi hazırlığa gedirlər.

Repititorlar adətən mövcud əmək haqqının tələbatını ödəməyə kifayət etməyən, əlavə pul qazanmaq istəyən, təqaüdə çıxmış müəllimlər və ya ali təhsilini bitirib iş tapa bilməyən gənc müəllimlərdən ibarətdir. Repititorlar daha çox dərs dedikləri məktəbdə, evlərində, şagirdin evində və ya müxtəlif kurslarda çalışırlar. Bu xidmətin vətəndaşlara ən böyük zərbəsi sağlamlıq, zaman, ailələrin büdcə və ən əsası isə məktəb təhsilinədir. Ölkəmizdə repititor xidməti getdikcə genişlənməkdə davam edir.

Orta məktəblər şagirdlərin lazımi bilik və savada yiyələnməsi üçün nəzərdə tutulan tədris müəssisəsidirsə əlavə hazırlıq nəyə lazımdır? Problem nədən qaynaqlanır və çıxış yolları nələrdir?

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov News24.az-a açıqlamasında bildirib ki, “kölgə təhsili” adlanan bu sistem Azərbaycan təhsilini öz cənginə alıb:

“Hazırlıq kursları və repititor fəaliyyəti əhatə dairəsini genişləndirməkdə davam edir. Azərbaycan təhsilindəki nəticələr orta ümumtəhsil məktəblərinin nəticəsi deyil, birbaşa hazırlıq kursları və repititorların fəaliyyətinin nəticəsidir. Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şagird repititor köməyi və ya hazırlıq kurslarında iştirak etməsə, təəssüf ki, tədris prosesində məktəbdə gündəlik əldə etdiyi bilik və bacarıqlarla zəruri bilikləri əldə edə bilmir. Mövcud vəziyyət bunu deyir. Burada bir məqam var. Hazırda orta ümumtəhsil məktəblərində keyfiyyətə nəzarət çox aşağı səviyyədədir. Şagirdlər məktəbə gəlib-getməklə öz işlərini bitmiş hesab edirlər. Valideynlər isə lazımi bilikləri uşağın repititor yanında əldə edəcəyini düşünüb, rahat davranırlar. Bu, belə olmalı deyil.


Müəllimlər 4 həftədən bir KSQ - Kiçik Summativ Qiymətləndirmə və BSQ - Böyük Summativ Qiymətləndirmə həyata keçirirlər. Məktəbdaxili qiymətləndirmənin özü belə bir çox hallarda obyektiv və şəffaf olmur. Bəzi müəllimlər yanına hazırlığa gəlməyən şagirdlərin qiymətini kəsir, sıxışdırır və ya təzyiq göstərirlər”.

Ekspert vəziyyətdən çıxış yolunu belə izah edib:

“Məktəblərdə keyfiyyətin artırılması üçün Təhsil Nazirliyi bir neçə aydan bir monitorinq imtahanları həyata keçirsin. Məktəblərdə keçirilən fənnlərin keyfiyyətinin yoxlanılması və ölçülməsini ən azından müstəqil qurum olan DİM reallaşdıra bilər. Mütəmadi olaraq mətkəblərdəki qiymətlərin şəffaflığını, dolğunluğunu tapmaq lazımdır. Təəssüf ki, bu mexanizmlərin heç biri yoxdur. Burada hesabatlılıq və ya məsuliyyət yoxdur. Tədrisi aşağı edirlər ki, valideynlər məcbur qalıb, övladlarını repetitor yanına qoysunlar. Bu hal adiləşib və nəticəsi yaxşı olmayacaq. İnanıram ki, ən azından diaqnostik və formativ imtahanlar həyata keçirməklə, keyfiyyəti artırmaq olar”.


Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, müəllimin etik davranış çərçivəsində qeyd olunmalıdır ki, dərs dediyi şagirdə özəl dərs deyə bilməz:

“Bu, nizamnamə şəklində, qanunda qeyd olunmalıdır. Bundan sonra müəllim şagirdlərə müştəri nəzəri ilə baxmayacaq. Müəllimin umacaq yeri şagirdin cibi olmamalıdır. Məktəblərdə hədiyyə verilməsinə və müəllimlərin öz şagirdlərinə əlavə dərs keçməsinə rəsmi şəkildə əngəl qoymaq lazımdır. Müəllimin vicdanına qalsa, bir qismi buna əməl edəcək, digər qism isə etməyəcək. Bəzi müəllimlər şagirdlərə eyham vurur ki, “sən mənim yanıma gəlməyib, filankəs müəllimin yanına gedirsən. Mənim ondan nəyim əskikdir”. Belə olan halda hörmət aradan götürülür və alış-veriş kimi bazar münasibətləri yaranır. Şagirdlərlə şəxsi konflikt yaradan müəllimlər var. Bəzi müəllimlər dərsi yaxşı keçmir ki, onsuz da oxumurlar. “Oxumayan uşaqlarla enerjimi niyə xərcləyim” düşüncəsi hökm sürür”.


Ekspert hesab edir ki, müəllimlərin dərslərində tez-tez monitorinq keçirilməlidir: “Sinifdə heç bir şagird müəllimin yanına hazırlığa getmirsə, həmin dərsin tədrisi daha dolğun həyata keçir. Çünki müəllimin şagirdlərdən maddi formada hər hansı bir gözləntisi yoxdur. Ancaq sinifdə bir şagird olsa belə dərsi tədris edən müəllimin yanına hazırlığa gedirsə, həmin şagird təriflənəcək. Daim çalışqan və bacarıqlı olduğu dilə gətiriləcək. Nəticə etibarilə müəllim yaxşı oxuyanları qabağa çəkib, tənbəllərə test tapşırmaqla başından edəcək. Biz 11-ci sinifə qədər hər kəsə intellektual kamillik qazandırmaq üçün çalışmalıyıq. Neqativ məqamlar təbii ki, bütün müəllimlərə aid edilmir. İmkansız uşaqlara pulsuz repititorluq edən müəllimlər də var. Hər bir halda bunun qarşısı alınmalıdır.

Müəllim repititorluq edə bilər. Bu, dünyanın bir çox ölkəsində var. Məsələ burasındadır ki, müəllimlər şəxsi repititorluq fəaliyyətini öz sinfində etməməlidir. Çünki orada dövlətin vəzifəsini yerinə yetirərkən şəxsi mənafeyi üçün hansısa başqa davranışları icra edə bilər. Müəllimin başqa siniflərin şagirdlərinə repititorluq etməyinə heç kim qarışa bilməz. Mənim repititorluq fəaliyyətim var və həmin şagirdlər öz sinfimdən deyil.

Direkor və direktor müavinləri bu məsələyə ciddi nəzarət etməlidir. Bu səlahiyyəti onlara Təhsil Nazirliyi qanunvericilik şəklində verməlidir”.

Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə qeyd edib ki, bu məsələ ədalətli maaş problemindən qaynaqlanır:


“Bu gün müəllimin minimum əmək haqqı 250 manat yox, 600 və ya 700 müəyyənləşməlidir. Bu addım atıldıqdan sonra ədalətli və stimullaşdırıcı sistemə keçmək lazımdır. Qaneedici müəyyən bir məbləğ təyin olunduqdan sonra diferensiallaşdırılan maaş sisteminə keçmək lazımdır. Diferensiallaşdırılmış maaş sisteminə keçdikdən sonra öz bacarığına, savadına, şagirdlərinin nailiyyətlərinə əsasən müəllimin əmək haqqının üzərinə 50-60% və ya ikiqat məbləğ əlavə olunur. Belə olan halda müəllimlər daha da stimullaşacaq, ruhdan düşməyəcək”.

H.Əlizadənin sözlərinə görə, diferensiallaşdırılmış maaş sistemi tətbiq ediləcəyi təqdirdə yenə də əlavə hazırlıq keçmək istəyən müəllimlər üçün qaydalar sərtləşdirilə bilər: “Həmin müəllimlərin maaşlarını azaltmaq olar. Müəllimin və ya dərs dediyi şagirdin yaxşı nəticəsi yoxdursa, tətbiq edilən üsul vasitəsilə maaşı azaldığı halda vəziyyəti yaxşılaşdırmaq üçün əlindən gələni edəcək.

Şərtlər daxilində bütün müəllimlər bunu ehtiyacdan etmir. Müxtəlif səbəblərdən repititorluq edən müəllimlər var.

Dərs dediyim heç bir şagirdə pullu hazırlıq keçmirəm. Yalnız dərs vermədiyim digər məktəblərdə olan uşaqlara ödənişli hazırlıq keçə bilərəm. Bu, şəxsi prinsipimdir. Mənim prinsipimi bütün ölkə müəllimlərindən tələb etmək absurd olar”.

Dərs dediyi məktəbin qeyd edilməsini istəməyən Azərbaycan dili müəlliməsi Lalə İsmayılova vurğulayıb ki, bu, tamamilə vicdan məsələsidir:

“Xüsusi başqa bir səbəb yoxdur. İndi də hazırlıq keçirəm. Ancaq yanına hazırlığa gəlməyən uşaqlara qarşı belə rəftarı müəllim adına ləkə olan bir davranış kimi dəyərləndirirəm. Fərdi tədris ali məktəbə hazırlaşan uşaqlar üçün vacibdir. Çünki biz dərs zamanı 45 dəqiqəyə sığışdıra bilmədiyimiz test açıqlamalarını və digər incəlikləri hazırlıq zamanı öyrədirik. Bundan əlavə, şagirdlərin aşağı siniflərdə unutduqları mövzular hazırlıq prosesində təkrarlanır. Lakin dərsdə 45 dəqiqə ərzində proqram materiallarının qəsdən zəif tədrisi heç bir qanuni və vicdani çərçivələrə sığmır.

İki il əvvəl 11-ci sinif rəhbəri idim. 5-ci sinifdən etibarən onlara dərs deyirdim. Həmin uşaqların hamısı 11-ci sinifdən etibarən Azərbaycan dilindən hazırlığa getdilər. Halbuki başqa fənlərə 9-cu sinifdən hazırlığa gedirdilər. Səbəb isə budur ki, maksimum səviyyədə onlara keyfiyyətli dərs keçməyə çalışırdım və 11-ci sinfə qədər heç birinin hazırlığa ehtiyacı yox idi. 11-ci sinifdən isə dərsdə öyrətmə imkanım olmayan detalları və testləri qavramaq üçün mənim və ya digər müəllimlərin yanına hazırlığa getdilər. Başqa müəllimin yanına fərdi hazırlığa getmək istəyinə görə uşaqların qiymətini kəsməmişəm. Bu, insanlığa sığmayan addımdır”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı nazirliyin real addımları mövcuddur:

"Müəllimlərin öz dərslərini keyfiyyətli aparması ilə bağlı müxtəlif ölçmələr var. Bu ölçmələr rüblər, qiymətləndirmə və ya il sonrası təhlil olunur. Belə hallar baş verdikdə şagirdlər və ya valideynlər məktəb direktorlarına müraciət edə bilər".

Məhərrəm Əliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.