Dövlət ekologiyanı düşünür, onlar cibini: Maşını kimlər bahalaşdırır? - AKTUAL

4-06-2023, 10:04           
Dövlət ekologiyanı düşünür, onlar cibini:
Xəbər verdiyimiz kimi, Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.

Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.

Qanun qəbul ediləcəyi halda bu prosedurlar 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.

Maraqlıdır, utilizasiya haqqının alınması avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq?

TEREF.AZ bildirir ki, cebhe.info-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, köhnə maşınların utilizasiyasından kimlərsə sui-istifadə edəcək:

"Bununla da süni qiymət artımı olacaq. Amma utilizasiyaya gedən maşınlar təxminən 5-10 faizdir. Bu da aşağı olduğu üçün böyük bahalaşmaya gediləcəyi gözlənilmir. Əksinə bu, avtomobil bazarında bir müddət durğunluq yaradacaq, köhnə avtomobil termini yığışdırılacaq.

İstənilən halda işbazlar nələrdənsə faydalanmağa çalışır. Dövlət isə maraqlıdır ki, ekoloji baxımdan standartlara cavab verən avtomobillər idxal etsin. Çünki köhnə avtomobillər daha çox risk mənbəyidir. Buna görə də avtomobil bazarı da yenilənməli, müasirləşdirməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.