“Bu mahnının yaşıdları bu gün Qarabağda döyüşür” - VİDEO

27-10-2020, 10:17           
 “Bu mahnının yaşıdları bu gün Qarabağda döyüşür” - VİDEO
Bəstəkar Aytən İsmixanovanın türk şairi Ozan Arifin sözlərinə yazdığı “Ya Qarabağ, ya ölüm!” yeni versiyada ifa edilib.

“MediaPost” xəbər verir ki, layihənin rəhbəri bəstəkar İsa Məlikov və kreativ prodüseri Pərviz İsaqovun (ProMete) dediklərinə görə bu mahnının yeni oxunuşu millətin birliyini əks etdirir:

“Biz İkinci Qarabağ müharibəsinin çətin günlərində həmrəylik və birlik ruhunu belə ifadə edirik. Mahnının yeni həyatı Günay Bədəlova sayəsində mümkün oldu. Günay İnstaqram səhifəsində bu mahnını öz ifasında paylaşdı və biz ona bu mahnını yeni aranjimanda yazdırmasını və klipin çəkməsini təklif etdik. Çox qısa müddətdə istedadlı musiqiçi Emin Kərim aranjiman etdi və Vüsal Əhmədzadə klipin rejissoru oldu. Çəkiliş prosesinə videonun ideyasını təklif edən məşhur aktyor və bloger Əlixan Rəcəbov rəhbərlik etdi”.

“Ya Qarabağ, ya ölüm!” mahnısının 21 yaşı var və bu mahnının yaşıdları bu gün Qarabağda döyüşür, torpaqlarımızı işğalçılardan azad edirlər. 21 il əvvəl Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin qardaşı Vahid Mustafayev Ozan Arifin sözlərinə bir mahnı yazmağımı və “Dəyirman” qrupu ilə yazdırmağımı təklif etdi. Mahnının ilk versiyası fiziki və mənəvi ağrı hissi verirdisə, indiki variantda qələbəyə ümid və inam var!”, - deyə mahnının bəstəkarı bildirir.

Qeyd edək ki, layihədə Cövdət Hacıyev adına 3 saylı Musiqi Məktəbinin “Renessans” uşaq xoru, stilist Elnur Həsənovun da imzası var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.