Qazaxıstanda un və çörək bahalaşdı - Azərbaycana təsiri ola bilərmi...

13-11-2019, 08:28           
Qazaxıstanda un və çörək bahalaşdı - Azərbaycana təsiri ola bilərmi...
Dünya un bazarının əsas oyunçularından birinə çevrilən Qazaxıstan son illərdə mövqelərini xeyli itirib
Qazaxıstanda buğda, un, çörəyin qiymətində ciddi artım baş verib. Ölkənin bir sıra əyalətlərində qiymətlər 8-9 faizə qədər bahalaşıb. Hələ sentyabrda Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən çörəyin qiymətinin artması ehtimalı səsləndirilmişdi. Daha sonra nazir Saparxan Omarov mətbuata verdiyi açıqlamada bunu təsdiqləyib. O, çörəyin qiymətinin 75-78 təngədən 80-82 təngəyə qədər bahalaşacağını deyib. Onun sözlərinə görə, sosial çörəyin (dövlət tərəfindən müəyyən olunmuş keyfiyyətli undan, konkret çəki və formada bişirilərək orta bazar qiymətindən xeyli aşağı satılan çörək, qiymətini dövlət müəyyənləşdirir, onu satan şirkətlərə dövlət dotasiya verir) qiymətində bahalaşma olmayacaq. Lakin artıq noyabrın ilk həftəsinə sosial çörəyin qiyməti bir sıra bölgələrdə 100 təngəni keçib. Əvvəl 410-420 min təngə olan unun bir kisəsinin qiyməti isə 500 min təngədən yuxarıdır.

Bahalaşmanın səbəbi bu il Qazaxıstanda əlverişsiz iqlim şəraiti üzündən buğda istehsalı və keyfiyyətinin aşağı düşməsidir. Belə ki, keçən qış hava isti, yaz-yayda quraqlıq olub. Üstəlik, avqust-sentyabrda - məhsul yığımı zamanı güclü yağışlar həm yığım prosesini ləngidib, həm də məhsulun itkiyə getməsinə, eyni zamanda keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ümumilikdə bu il Qazaxıstanda 19,3 milyon ton taxıl yığılıb ki, bunun da 11,5-12 milyon tonu buğdadır. Keçənilki məhsuldan qalan 1-1,5 milyon ton buğdanı da nəzərə alsaq, Qazaxıstanda bu mövsüm 13 milyon ton buğda var. Bunun 6 milyon tonu ölkənin daxili tələbatını ödəməyə, 2 milyon tonu toxuma, qalanı isə ixraca yönəldiləcək.

Lakin real vəziyyət nazirliyin açıqlamalarındakından xeyli problemlidir. Belə ki, Qazaxıstan dəyirmanları hazırda ciddi şəkildə keyfiyyətli buğda problemi ilə üzləşiblər. Ölkədə istehsal olunan buğdanın 15-20 faizi ərzaq kimi istifadəyə yararsızdır. Keyfiyyətli buğdanın yetişdiyi cənub regionları məhsulu əvvəlcədən bağlanmış müqavilələr əsasında xaricə ixrac edirlər. Şimaldan məhsulu gətirmək həm baha başa gəlir, həm də yağışlar nəticəsində keyfiyyətində ciddi problemlər var. Nəticədə, dəyirmandan çıxan bir kq yüksək keyfiyyətli unun maya dəyəri 93 təngəyə başa gəlirdisə, noyabrın əvvəli üçün bu, 120 təngədən yuxarı başa gəlir.

2007-ci ildən başlayaraq dünya un bazarının əsas oyunçularından birinə çevrilən Qazaxıstan son illərdə mövqelərini xeyli itirib. Belə ki, qazax ununun ən böyük alıcısı olan Özbəkistan öz dəyirman şəbəkəsini genişləndirməklə ağırlığı hazır məhsula deyil, buğda alışına keçirib. 2012-ci ildə Qazaxıstan bu qonşusuna 1,24 milyon ton un, 658 min ton buğda satmışdısa, 2018-ci ildə özbəklər 657 min ton un, 2,28 milyon ton buğda alıblar. Eyni proses Tacikistanla da gedir. Bu isə Qazaxıstan dəyirmançılarını çətin vəziyyətdə qoyur. Ölkədə istehsal olunan buğdanın 40 faizini una çevirmək gücündə olan dəyirmanlar tələb olmadığına görə sürətlə sıradan çıxır.

Qeyd edək ki, Qazaxıstan ənənəvi bazarları olan İran, Əfqanıstan, Azərbaycandan əlavə, son illərdə Türkiyə, Gürcüstan, İtaliya və İspaniyaya da buğda satmağa başlayıb. Bundan əlavə, Çinə ixrac da sürətlə artırılır. 2016-cı ildə bu ölkəyə satılan buğda və un 300 min ton olubsa, 2018-ci ildə satış həcmi 600 min tonu keçib. Ötən il Qazaxıstan ümumilikdə 6 milyon ton buğda, 1,7 milyon ton un ixrac edib.

Un və un məmulatlarının, xüsusilə çörəyin qiymətində bahalaşma hər bir ölkədə ən ciddi sosial narazılıq doğuran amillərdən biri hesab olunur. Un və buğdanın birinci dərəcəli strateji məhsul, ərzaq təhlükəsizliyinin əsas göstəricisi qəbul edilməsi təsadüfi deyil. Buna görədir ki, hər bir ölkə ərzaq təhlükəsizliyi baxımından ilk növbədə buğda və unun idxalından asılılığı azaltmağı hədəfləyir. Azərbaycan hökuməti də buğda istehsalını subsidiyalaşdırmaqla, daxili tələbatın mümkün qədər çox hissəsini yerli istehsal hesabına qarşılamaq niyyətindədir. Son 3 ildə xaricdən idxalın azalması hökumətin bu niyyətinin gerçəkləşməyə başladığı görüntüsü yaradırdı. Belə ki, rəsmi statistikaya əsasən, illik hesabıyla götürdükdə, son 3 ildə buğda idxalının azaldığı görünür. 2016-cı ildə Azərbaycan xaricdən 1 milyon 599 min 599 ton, 2017-ci ildə 1 milyon 274 min 434.18 ton, 2018-ci ildə isə 1 milyon 80 905.51 ton buğda alıb. İllik azalma 200 min ton civarında olub. Lakin bu ilin 9 ayında idxalda yenidən və kəskin artım qeydə alınıb. Bu ilin doqquz ayında xaricdən 240 milyon 747.291 min dollarlıq 1 milyon 112 min 878.72 ton buğda almışıq. Yalnız sentyabr ayı ərzində 260 min ton buğda idxal olunub. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin doqquz ayında buğda idxalımız 829 min 249.40 ton təşkil edib. Dəyər ifadəsində isə idxal 151 milyon 427.93 min dollar olub.

Onu da qeyd edək ki, bu il Azərbaycanda buğda istehsalı 7 faizə qədər artaraq 2,2 milyon tona yaxın olub. Lakin bu artım qiymətlərdə azalmaya səbəb olmayıb. Əksinə, bu il əvvəlki illərdən fərqli olaraq biçin dövründə buğdanın qiyməti 35-40 qəpiyə yüksəlib.

Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, Azərbaycanın buğdaya olan illik tələbatı 4 milyon ton civarındadır. Bunun 2,1 milyon tonu un və yarma istehsalında, 500 min tonu mal-qara və quş yemi kimi, 35-37 min tonu qarışıq yem istehsalında, 147 min tonu toxum üçün və sair istifadə edilir. Ölkədə istehsal olunan buğdanın əksəriyyəti keyfiyyət baxımından aşağı kateqoriyalı olduğu üçün un və yarma istehsalı üçün buğdanın mühüm bir hissəsi xaricdən alınır.

Ümumilikdə dünya bazarında, həmçinin Rusiyanın satdığı buğdanın qiymətində bu ilin aprelindən etibarən ucuzlaşma gedir. Bu isə Qazaxıstandakı bahalaşmanın Azərbaycanda da baş verməsi ehtimalını qeyri-real edir. Ölkənin ərzaq buğdasına olan tələbatı əsasən Qazaxıstan və Rusiya buğdası hesabına təmin olunur. Bu il Azərbaycan da Qazaxıstandan buğda idxalını artırıb. 2015-ci ildən etibarən azalan idxal bu ilin 9 ayında 265 min tona çatıb. Ötən ilin eyni dövründə bu həcm 204 min ton idi. Qazaxıstan buğdası ümumi idxalımızın 20 faizindən yuxarısını təşkil edir. Bu ölkədə buğdanın bahalaşması oradan idxalın azalması ilə nəticələnə bilər. Belə ki, bir neçə il əvvəl də Azərbaycan şirkətləri qiymətdəki 2 sent fərqə görə buğda idxalında ağırlığı Qazaxıstandan Rusiyaya keçiriblər.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.