Putinin portreti və Telman İsmayılovu divara dirəyən oliqarx
29-10-2015, 15:28
Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun kreditorlar tərəfindən sıxışdırıldığı və rəsmən müflis elan edilmək üzrə olduğu barədə yazmışdıq.
Virtualaz.org saytı xəbər verir ki, biznesmeni çökdürmək üçün ən sərt metodlar tətbiq edən və onu müflis etməyə çalışan əsas şəxs Sergey Yançukovdur.
London məhkəməsi Yançukovun “Manqazeya” şirkətlər qrupuna daxil olan “Sezaria Ltd” şirkətinin iddiasını təmin edərək Telman İsmayılova məxsus olan, Kiprdə qeydiyyatdan keçmiş “Tandum Ltd” şirkətinin ona olan 140 milyon dollar borcunun ödənilməsi barədə qərar çıxarıb.
Belə ki, 2010-cu ildə İsmayılov Yançukovdan 100 milyon dollar borc alıb, ancaq çox keçmədən borclarını qaytarmaq iqtidarında olmayıb və məbləğ şişərək 140 milyon dollara çatıb.
Vek.ru yazır ki, hazırda Yançukov radikal addım atmaq qərarına gəlib. Onun iddiası əsasında İsmayılovun “Mardan Palace” otelinə, Fransadakı malikanəsinə, Moskvadakı “AST Qof” otelinə, nəşriyyat-poliqrafiya evinə və bir sıra digər obyektlərinə həbs qoyulub.
İsmayılov aktivlərini sataraq Yançukovun borclarını ödəməyə çalışır. Lakin onun keçmiş ortağı obyektlərin üzərindən həbs qərarının götürülməsinə razı olmur və həmin aktivləri “su qiymətinə” ələ keçirməyə çalışır.
Məhz bu səbəbdən Telman İsmayılov yaxın ətrafına deyir ki, baş verənlər reyder hücumudur və onun əmlakının talan edilməsinə yönəlib.
T.İsmayılovu güncə sıxışdıran Yançukovun özü də kifayət qədər qalmaqallı biznesmendir. “Manqazeya” şirkətlər qrupunun saytında onun gülümsəyən fotosu yer alır. Yançukovun başının üstündə isə prezident Vladimir Putinin portreti asılıb.
Məlumatlara görə, onun Kremldə güclü himayəçiləri var. Vaxtilə Telman İsmaylovun Putinin qəzəbinə tuş gəldiyi nəzərə alınarsa, indi Yançukovun onu divara dirəməsi təkcə biznes çəkişməsi olmaya bilər.
2009-cu ildə Yamal-Nen muxtar vilayətinin prokurorluğu Yançukov barədə cinayət işi qaldırıb və onu həbs edib. Ancaq cəmi iki həftə sonra Yançukov azad edilib və barəsində qaldırılmış cinayət işi ləğv olunub.