Naxçıvan MR-in indiki ərazisi onun tam ərazisi deyil - Tarix İnstitutu
10-11-2015, 23:19
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən antiazərbaycan kampaniyasına qarşı mübarizədə 8 ildə dünyanın ən azı 10 ölkəsindən Azərbaycan tarixinə dair çox sayda arxiv sənədləri gətirilərək elmi dövriyyəyə daxil edilib. Azərbaycanın tarixi ilə bağlı çoxsaylı əsərlər nəşr edilib.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı Azərbaycan tarixinin ermənilər tərəfindən təhrif edilməsi barədə söylədiyi fikirləri şərh edərkən deyib.
C.Bəhramov qeyd edib ki, hazırda ümumilikdə 19-20-ci əsr Azərbaycan tarixinin öyrənilməsinə xüsusi diqqət verilir: "Çünki bu dövrdə Azərbaycan torpaqlarının çar Rusiyası tərəfindən işğalı və müstəmləkəyə çevrilməsi, Azərbaycanın cənubunun İranın tərkibində qalması kimi hadisələr baş verib. Azərbaycan xalqına qarşı bir çox cinayətlər törədilib".
O bildirib ki, ideoloji müharibədə vacib olan məsələlərin daha dərindən tədqiqi, beynəlxalq səviyyədə antiazərbaycan kampaniyasına qarşı mübarizə aparmaq üçün bır sıra məsələlər ortaya çıxarılır: “Aparıllan tədqiqatlar sübut edir ki, Naxçıvan Muxtar Respublikasının indiki ərazisi onun tam ərazisi deyil. Çünki onun böyük bir hissəsi Zəngəzurla, Dərələyəzlə birlikdə 1921-ci ildən 1929-cu ilədək Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq, sovet Rusiyasının bilavasitə təzyiqi, Leninin tapşığı, Stalin və Orconikidzenin iştirakı ilə ermənilərə verilib”.
C.Bəhramovun sözlərinə görə, aparılan tədqiqatlar üzə çıxarıb ki, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin dövlət müstəqilliyi elan edildikdən sonra beynəlxalq aləmdə Cumhuriyyətin müstəqilliyinin tanınmaması məsələsində Bakı nefti əsas amil olub.
Antiazərbaycan mövqeyində olan çağırışların dəf edilməsi üçün Prezident İlham Əliyevin çıxışlarındakı bır çox məqamların Tarix İnstitutunun fəaliyyətində bundan sonra da ön plana çəkiləcəyini deyən C.Bəhramov hesab edir ki, tarixci alimlərin daha yaxşı nəticələr əldə edə bilməsi üçün mütləq müəyyən maliyyə problemləri də həll edilməlidir: “Fundamental elm hər bir zaman yüksək səviyyədə vəsait tələb edir. Tədqiqat aparanların sosial problemləri, əməkhaqlarının artırılması məsələsi də həll olunmalıdır. Çünki bu, tədqiqatların aparılmasına daha yaxşı təsir göstərər”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı tariximizin dünya miqyasında daha da dolğun təqdim edilməsini zəruri sayıb: “Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar”.