“Serjant, hərəkətlərinə fikir ver, mən generalam!”.- Qollarına qandal vurulan MTN generalı
11-11-2015, 14:43
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən kənarlaşdırılmasından bir aya yaxın vaxt ötür. Həmin sərəncam verilən gündən - oktyabrın 17-dən başlayaraq Milli Təhlükəsizlik Nazirliyi (MTN) sistemində “kök atmış” yüksək çinli zabitlərdən ibarət quldur dəstəsinin təmizlənməsi işləri həyata keçirilir. Dəstənin gerçəkləşdirdiyi cinayətlərin miqyası o qədər genişdir ki, demək olar ki, hər gün Eldar Mahmudovun MTN-də yerləşdirdiyi hansısa zabitin işdən qovulduğu və ya həbs olunduğu haqda yeni xəbərlər eşidilir.
Amma milli təhlükəsizliyimizin əsas dayaqlarından olan MTN-dən qovulanlar ətrafında yaranan situasiya gün keçdikcə daha da qarışıq hal almağa başlayır. Qarışıqlığı artıran əsas səbəb isə kimin həbs edildiyi, kimin işdən qovulduğu barədə rəsmi açıqlamaların verilməməsidir.
Respublika Baş Prokurorluğunun yaydığı rəsmi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Saxlanılan şəxslərin adının rəsmi olaraq açıqlanmaması vəziyyəti daha da mürəkəbləşdirir. Elə bu səbəbdəndir ki, ölkənin bir nömrəli güc strukturu barədə qeyri-dəqiq informasiyalar yayılmaqda, Baş Prokurorluq isə susmaqda davam edir...
Diqqət çəkən maraqlı məqam saxlanılanların müxtəlif hərbi rütbə sahibi olmalarıdır. Maraqlıdır, bu məqamda qanunvericilik onların rütbəsi ilə bağlı nəyi diqtə edir? Həbs olunan, işdən qovulan MTN generalları, polkovnikləri hansı halda həmin yüksək rütbələrdən məhrum edilə bilərlər?
Tanınmış hüquqşünas Aslan İsmayılov Modern.az saytına bildirib ki, hər şey məhkəmənin qərarından asılı olacaq:
“Məhkəmənin çıxaracağı hökmə əsasən, şəxs daşıdığı rütbədən məhrum oluna bilər. Məhkəmənin belə bir səlahiyyəti var”.
Hüquqşünas deyib ki, rütbədən məhrumetmə vəzifəsindən kənarlaşdırılan şəxsin törətdiyi cinayət məsuliyyətinin ağırlığından asılıdır:
“Məhkəmə hökm çıxaran zaman qəbul etdiyi cəza tədbirlərindən biri təqsirləndirlən şəxsin hərbi rütbədən məhrum edilməsi barədə ola bilər. Şəxsin tutuduğu yol, icra etdiyi hərəkətlər, yol verdiyi nöqsanlar və s. nəzərə alınır və bunların rütbəyə uyğun olub-olmadığı təhlil edilir.
Amma rütbədən məhrum edilməyə də bilər, bu zaman məsələn, general, elə general olaraq həbs cəzasını çəkəcək.
Mən əminəm ki, məhkəmə, son baş verən hadisələr zamanı, konkret olaraq MTN-nin saxlanılan vəzifəli şəxslərinin hərbi rütbədən məhrum edilməsi barədə qərar çıxaracaq”.
Yeri gəlmişkən, MTN generallarının həbsi ilə bağlı maraqlı bir məlumat danışılır: Bu günlərdə Nərimanov rayon Məhkəməsində MTN-in keçmiş idarə rəislərindən biri haqda 3 aylıq həbs qərarı çıxarılan zaman ədliyyə sisteminin çavuşu onun qoluna qandal taxmaq istəyib. Bu vaxt sabiq rəis olan general onun üstünə qışqırıb: “Serjant, hərəkətlərinə fikir ver, mən generalam!”.
Həbs olunanların qoluna qandal taxmağa öyrənmiş çavuş özünü itirmədən belə cavab verib: “Mən də əmrə tabeyəm”.