Azərbaycanın nəhəng layihəsi olan TANAP-ın inşası rekord sürətlə davam edir - "TANAP heyəti olaraq var gücümüzlə çalışırıq"...
11-11-2015, 20:29
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrini iqtisadi sahədə də gücləndirmək, strateji investisiyalarla dəstəkləmək məqsədi ilə bir layihə olaraq ortaya çıxan Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi çərçivəsində işlər planlaşdırılandan daha sürətli bir şəkildə irəliləməkdədir.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, 58% pay ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR, 30% ilə BOTAŞ və 12% ilə BP-nin ortaq hissədarı olduğu TANAP, 19 kilometri Çanaqqala Boğaz keçidi olmaq üzrə, ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə doğru qət edəcəkdir. TANAP layihəsində olduqca çətin ərazi və iqlim şərtləri altında boruların təhlükəsiz bir şəkildə sahəyə daşınması, yolların açılması, boruların düzülməsi və qaynaq fəaliyyətləri davam etməkdədir.
20 vilayət, 1850 Km, Çox Sayda Çətin Keçid…
Ərdahandan başlayaraq Ədirnədə yekunlaşacaq TANAP Boru Xətti, 20 vilayət, 67 rayon və 600 kənddən keçəcəkdir. Layihə ən müasir texnoloji mühəndislik və dizayn imkanlarından, material və avadanlıqlardan istifadə edilərək gerçəkləşdirilir. Layihədə boru xəttinin istismar təzyiqinin yüksək olması və marşrutu üzərində çox sayda xüsusi keçidlərin (çay, şose yolu, dəmir yolu, telekommunikasiya və elektrik infrastrukturları və s.) mövcudluğu səbəbindən, boru xəttinin inşaatında yüksək müqavimətli xüsusi istehsal olunmuş polad boru və dirsəklərdən istifadə olunur. Bu sayədə də çətin keçidlər sürətlə və problemsiz bir şəkildə dəf edilir.
90 tonluq qaldırma gücünə sahib D9 tipli sideboomlar kimi xüsusi inşaat avadanlıqlarının və texnikalarının istifadə edildiyi xəttin 56 düymlük hissəsində 4.400 ədəd çay, şose yolu, dəmir yolu, boru xəttləri, enerji nəql xəttləri, su və sulama sistemləri kimi infrastruktur keçidləri mövcuddur. Bütün bu çətinliklər yüksək mühəndislik infrastrukturu və ən müasir texnoloji avadanlıqlar istifadə edilərək aradan qaldırılır və layihə planlaşdırılan qrafiki də üstələyərək sürətlə irəliləyir.
Orta Şərq və Avropanın Ən Uzun və Ən Böyük Diametrli Təbii Qaz Boru Xətti
TANAP tamamlandığında Türkiyə, Orta Şərq və Avropanın ən uzun (1850 km) və ən yüksək diametrli (56”) təbii qaz boru xətti olma xüsusiyyətini daşıyacaq. TANAP, inşaat və istismar mərhələsində Türkiyədə beynəlxalq standartlara cavab verən ətraf mühit və sosial təsir, işçi sağlığı və iş təhlükəsizliyi metodlarının tətbiq edildiyi bir layihə olacaqdır. Bütün bu işlər ərzində TANAP layihəsində bilavasitə 5 min 500 nəfər, dolayısı ilə 10 min nəfər çalışmaqdadır.
Hazırda 3 lot halında inşa edilən TANAP layihəsində hər lot üzrə kanal qazma işləri davam edərkən, borular da sürətlə yerləşdirilməkdədir. TANAP kəmərinin keçdiyi ərazidə torpaq sahələrinin layihə məqsədləri üçün istifadə işləri tamamlanmışdır və boru yerləşdirmə işinin 800 km-lik qismi isə hazırda podratçılara təsim edilmişdir. 2015 ci ilin sonuna qədər hər lot üzrə 50 km olmaqla, 3 lotun toplamında qaynaq işləri 150 km-i keçəcəkdir.
TANAP Baş icraçı direktoru Saltuk Düzyol, “TANAP iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycanın gələcək nəsillərinə qoyacaqları böyük bir miras olacaqdır və bu məqsədə çatmaq üçün TANAP heyəti olaraq var gücümüzlə çalışırıq.”
Mühəndislik İşlərindən Satınalmaya, İnşaat İşlərindən Layihə İdarəçiliyinədək Beynəlxalq Bir Layihə
TANAP layihəsinin Mühəndislik, Satınalma, İnşaat İdarəçiliyi və digər layihə fəaliyyətləri London, Bombey, Ankara, Qars, Ərzurum, Ərzincan, Sivas, Yozqat və sahələrdə davam edir. Boru xəttinə dair detallandırılmış mühəndislik işlərinin tamamlanma mərhələsinə gəlinən TANAP-da, stansiyaların (kompressor və ölçmə stansiyaları) detallandırılmış mühəndislik işləri hazırda icra olunmaqdadır.
Tədarükçü və mühəndislik xidmətləri alınan şirkətlər arasında Çindən Baosteel Europe GmbH, İtaliyadan Sicim və Valvitalia, Amerikadan General Electric Oil & Gas və ABB, Belçikadan Solar Turbines və Almaniyadan ILF kimi beynəlxalq şirkətlər yer almaqdadır. Bundan savayı, detallandırılmış mühəndislik işləri və layihə idarəçiliyi İngiltərədən Warley Parsons, ilkin mühəndislik işləri isə Bechtel tərəfindən icra olunmaqdadır. Beynəlxalq ƏMTQ (Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi) hesabatının hazırlanmasında isə İtalyadan Golder Associates və İngiltərədən ERM şirkətləri xidmət göstərməkdədirlər. Bütün bu beynəlxalq partnyorlar TANAP-a olan beynəlxalq etimadın ciddi bir göstəricisidir.