"AGBank”-ın rəhbəri niyə “vuruldu”? - Eldar Mahmudovun daha bir bankir ortağının sonu gəlir
17-11-2015, 21:13
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə (MM) keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. 90 saylı Ağdaş Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsini xahiş ediblər. MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı “AGBank” ASC Müşahidə Şurasının sədri Çingiz Əsədullayevdir.
Çingiz Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla çox yaxın işgüzar əlaqələri olub. “AGBank” ASC –nin rəhbərinin adı “Beynəlxalq Bank işi”ndə də Eldar Mahmudov və Cahangir Hacıyevlə birgə hallandırıldı. Hətta o zaman Ç.Əsədyllayevin hüquq-mühafizə orqanlarında dindirildiyi ilə bağlı xəbərlər də yayıldı. Bu xəbərlər rəsmi təsdiqini tapmadı, KİV-ə sızan xəbərlərdə “AGBank” ASC –nin rəhbərinin deputat toxunulmazlığı olduğu üçün ona münasibətdə təmkinli münasibət sərginlədiyi qeyd olunurdu.
E.Mahmudovun nazir postundan getməsi ilə yaxın çevrəsinin “vurulması” prosesinin başlanması yenidən C.Əsədullayevi diqqət mərkəzinə gətirdi. KİV-də bu mövzuda gedən məlumatlarda onun E.Mahmudova yaxın “bankirlər çevrəsi”nin əsas fiqurlarından biri olduğu qeyd edilirdi. E.Mahmudova yaxınlığı ilə seçilən məmur və iş adamları sırasında olduğu üçün tezliklə hədəfə gələcəyi vurğulanırdı. Bununla belə, onun 1 noyabr parlament seçkilərində 90 saylı Ağdaş Seçki Dairəsindən qalib elan edilməsi bankirin bu dəfə də qurtulması ilə bağlı təəssürat yaratmışdı.
Amma MSK-nın bugünkü qərarı göstərdi ki, “heç kim unudulmur və heç nə yaddan çıxmır”.
Bir neçə gündən sonra, Milli Məclisin yeni tərkibi təsdiqlənməsi ilə Ç.Əsədullayevin deputat toxunulmazlığı başa çatacaq. İstisna deyil ki, “AGBank” ASC –nin rəhbərinin E.Mahmudov və artıq həbs olunan MTN generalları və keçmiş vəzifəli şəxslərinin əməlləri, “Beynəlxalq Bank işi” ilə bağlı bildikləri hüquq-mühafizə orqanlarının da marağına səbəb ola bilər.
Bir neçə ay əvvəl , “AGBank” ASC-nin adı beynəlxalq səviyyədə “çirkli pulların yuyulması”nda da hallanmışdı. Bu sensasion iddia ilə ABŞ Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy çıxış etmişdi. Oxşar iddia barədə ötən ilin iyununda “KrebsOnSecurity” Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılmışdı. Bu məlumatda iddia olunurdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsi ilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb.
Qeyd edək ki, hazırda Ç.Əsədullayev “AG Bank”da (“Azəriqazbank”) 23.096 faiz pay sahibidir. Ç. Əsədullayevin rəhbərlik etdiyi və əsas payçısı olduğu “AG Bank” (“Azəriqazbank”) 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biri kimi tanınır. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir. “Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir. Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
C.Əsədullayev 25 avqust 1960-cı ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, “Maliyyə və kredit” fakültəsində alıb. İqtisadçıdır. 1981-ci ildə Dövlət Bankında iqtisadçı vəzifəsində işləməyə başlayıb. 1981-1983 illəri arasında Sovet Ordusu sıralarında hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra, 1983-cü ildə Dövlət Bankındakı işinə qayıdaraq, Kənd təsərrüfatının kreditləşməsi idarəsində işləməyə başlayıb. 1984-cü ildə həmin idarədə aparıcı iqtisadçı vəzifəsində işləyib.
1986-cı ildə APK-nin Sənayenin kreditləşdirilməsi idarəsində aparıcı iqtisadçı və həmin il Azərbaycan SSRİ-nin Dövlət Aqrar Sənayesində iqtisadçı işləyib.
1987-1989-cu illərdə Azərittifaqda işləyən cənab Əsədullayev, əvvəl Plan-iqtisad idarəsində rəis müavini, sonra isə Maliyyə-iqtisad idarəsində rəis müavini vəzifələrində çalışıb. Bu idarənin baş iqtisadçısı olub..
1990-cı ildə Bakı Şəhər İstehlak Cəmiyyətinin Plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləyib.
Həmin il Sovet-Alman MM “Nefteko”-nun icraçı direktoru olub.
Bir il sonra “Turan” SC-nin vitse-prezidenti təyin olunan cənab Əsədulayev, 1992-ci ildə “Azəriqazbank” ASC-nin İdarə Heyətinin sədri, 1997-ci ildə isə bankın Müşahidə Şurasının sədri olub. 2005-ci ildən Milli Məclisin deputatıdır. strateq.az/