İslam Dövlətinin döyüşçüləri psixopatdırlarmı?

18-11-2015, 22:06           

Cümə günü baş vermis Paris hücumlarının ardınca ABŞ dövlət katibi John Kerry İslam Dövləti (İD) təşkilatının döyüşçülərini “psixopat yırtıcılar” adlandırıb.
Bəs “psixopat” nə deməkdir?
Bu suala cavab almaq üçün BBC, London Universitet Kollecinin İnkişafda olan Psixopatologiya professoru Essi Viding-ə müraciət edib.
Ötən cümə günü silahlılar Parisdə azı 129 nəfəri qətlə yetirmiş, yüzlərlə insanı yaralamışlar. İslam Dövləti adlanan təşkilat barlar, restoranlar, konsert zalı və Fransa milli stadionuna basqınlara görə məsuliyyəti öz üzərinə götürüb.
Bu hücumların ən qanlısı zamanı üç silahlı konsert salonuna daxil olaraq içəridəkiləri dəfələrlə atəşə tutub. Deyilənlərə görə, bundan sonra onlar adamların üzərindən yeriyərək hər üç nəfərdən birini güllələyiblər.
ABŞ dövlət katibi John Kerry İD silahlılarını “psixopat yırtıclar” adlandırıb. Bəs psixopat nə deməkdir? Bütün kütləvi qatillər psixopatdırlarmı?
Psixopat anlayışı

Lüğətlərdə psixopat – xroniki ruhi qüsurları olan, anormal və zorakı sosial davranışa malik insan kimi təfsir olunur. Psixopatlar bir qayda olaraq qeyri-səmimilik, məsuliyyətsizlik, ifrat arxayınçılıq, çılğınlıq, xudbinlik kimi xasiyyətlərə malikdirlər, rəğbət, günah və rüsvayçılıq kimi hisslərdən məhrumdurlar.
Onlar məhdudiyyətlərə qarşı aşağı tolerantlıq nümayiş etdirir və asanlıqla zorakılığa əl atırlar.
Paris hücumlarını həyata keçirənlər aşkar şəkildə ifrat zorakılıq nümayiş etdiriblər, lakin bu o deməkdirmi ki, İslam Dövləti psixopatlardan ibarətdir? Kütləvi qətllər törətmək və eyni zamanda psixopat olmamaq mümkündürmü? BBC bu sualları London Universitet Kollecindən İnkişafda olan Psixopatologiya professoru Essi Viding-ə ünvanlayıb.
Sual: Bütün kütləvi qətl törədənləri psixopat hesab etmək olarmı?
Professor Viding: Bunu əminliklə deyə bilmərik. Bu barədə kifayət qədər biliyimiz yoxdur. Kütləvi qatillərin əksəriyyətinə bu sayaq diaqnozların alətləri tətbiq edilməyib və buna görə də qəti nəsə söyləmək çətindir.
Sual: Psixopat olmadan bu silahlıların törətdiyi əməli törətmək mümkündürmü?

Professor Viding: Bəli. Bu adamlar ideologiyalara əsir olurlar və onlarla həmrəy olmayanları insan saymırlar. İnsanlıqdan bu cür uzaqlaşma çox güman ki, onlara öz qurnabanlarına acımamaq qabiliyyəti verir. Lakin onlar eyni zamanda öz amallarına sadiqdirlər. Birlikdə işləyir, yoldaşlıq bağları qururlar. Bu qabiliyyət psixopat kimi xarakterizə edilən şəxslərdə olmur. Psixopatlar yalnız öz qayğılarına qalır, ideologiyalara əsir düşmürlər. Dünyada və cəmiyyətlərdə olan bəzi silahlılarda psixopatiya əlamətləri olsa da, onların hamısının və ya əksəriyyətinin psixopat olduğunu iddia etmək olmaz. Psixopatlar ayrı-ayrı fərdlər şəklində ümumi məqsəd naminə sadəcə olaraq birlikdə işləyə bilməzlər. Psixopatlara liderlik etmək son dərəcə çətin olardı.
Sual: Əgər siz zorakı əmələ dərindən inandığınız məqsədə, ideologiyaya və ya borc hissinə görə əl atmısınızsa, bu o deməkdirmi ki, siz psixopat deyilsiniz?
Professor Viding: Bu fərdlərdən bəzilərinin psixopatik əlamətlərə malik olduqlarını istisna etmək mümkün deyildir. Onlar etdiklərini ona görə edə bilirlər ki, öz qurbanlarının insan olmadıqlarına inanırlar və beləliklə də onlara münasibətdə acıma hissini boğmağa müvəffəq olurlar.
Sual: Biz adam öldürdüklərinə görə nizami ordu əsgərlərini və ya təyyarəçiləri də psixopat olmaqda ittiham edə bilərikmi?
Professoe Viding: Bu ziyanlı bir iş olardı. Əsgərlər ailə bağları olan və yaxınlarının fikrincə düzgün iş görən insanlardır. Bu xüsusiyyətlər psixopatlarda olmur. Əsgərlər vətənlərini müdafiə etmək istəyirlər. Onlar döyüş üçün təlimləndirilirlər. Bu isə o deməkdir ki, onlar başqa insanlara qarşı bəzi təbii hisslərinin üstündən xətt çəkməli olurlar. Biz bunu da bilirik ki, çox sayda əsgər müharibədə aldığı psixoloji travmadan, postravmatik sindromdan əzab çəkir. Müharibə onların üzərinə ağır psixoloji yük qoyur. Bütün bunlar psixopatlara yaddır.
Sual: Psixopatlar necə yaranır? Bu xəstəlik irsidirmi? Beyin zədəsindənmi törənir? Bəlkə buna səbəb ətraf mühit və ya insanın əsli-nəslidir?
Professor Viding: Bəzi adamların psixopatlığa irsi meylliliyinə dair güclü dəlillər vardır, lakin bu da bəllidir ki, genlər taleni müəyyən etmirlər. Genetika və ətraf mühit birlikdə (hazırda spesifik faktorlar tam öyrənilməyib) fərdlər üçün risk yarada bilər. Psixopatiyası olan insanların beyin zədəsi olmur, lakin biz deyə bilərik ki, onların beyinləri başqa adamların emosiyalarına münasibətdə qərəzli reaksiya verir. Bu adamların beyinləri başqa adamların iztirablarına tipik reaksiya vermir. Məsələn, onlar başqa şəxslərin qorxularına zəif reaksiya nümayiş etdirə bilərlər. Düşünə bilərik ki, onların beyinləri başqalarının iztirablarına yayğın reaksiya verir. Bəlkə elə buna görədir ki, onlar başqalrına hüsn-rəğbət bəsləmirlər.

Sual: Bütün psixopatlarda qatillik hissi olurmu? Onlar potensial qatil sayıla bilərlərmi? Psixopatiya əlamətləri olanları mütləqmi təhlükəli hesab etməliyik?
Professor Viding: Bütün psixopatlarda qatillik hissi olmur. Zənnimcə, biz hamımız potensial qatil sayıla bilərik (xoşbəxtlikdən çoxlarımız üçün bunun mümkünlüyü sıfra bərabərdir). Lakin əminliklə demək olar ki, psixopatiyası olanlar, əhalinin qalan hissəsinə nisbətdə qatil olmaq üçün daha böyük risk altındadırlar. Odur ki, psixopatiya əlamətləri olanlar, orta vətəndaşdan daha təhlükəli sayılmalıdırlar. Lakin bu o demək deyildir ki, hər bir qaba və ya özünəməftun insan potensial qatildir.
Psixopatların xarakterik cəhətləri hansılardır?
Hər hansı bir şəxsə psixopat diaqnozunun qoyulması üçün o, bir neçə kriteriyaya uyğun gəlməlidir.
Bu kriteriyalar Robert Hare və başqa alimlər tərəfindən tərtib olunmuş Psixopatiya Əlamətlərinin Siyahısında (Psychopathy Checklist) yer alıb.
Bu siyahıdakı əlamətlərə əhəmiyyətli dərəcədə uyğun gələn şəxslər psixopat sayılırlar.
Kriteriayalara aşağıdakılar daxildir:
Laqeydlik: psixopatlar başqalarının iztirablarına laqeyddirlər, “daşürəklı”dirlər və narahatlıq hissindən məhrumdurlar.
Emosiyaların dayazlığı: Emosiyaların, xüsusilə də günah hissinin, rüsvayçılıq və utanc duyğularının ümumən olmaması.
Məsuliyyətsizlik: Onlar öz səhvlərinə görə başqalarını günahkar hesab edirlər.
Qeyri-səmimi danışıq: Onların danışığı inandırıcı və zahiri məfrunetmədən açıq və patoloji yalanadək ən geniş spektri əhatə edir.
Aşırı arxayınlıq: Özündən son dərəcə böyük müştəbehlik.
Çılğınlıq: Onlar öz davranışlarına nəzarət edə bilmirlər.
Xudbinlik: Eqoizm və başqalarını sevmək qabiliyyətindən məhrumluq.
Gələcəyi planlaşdırmaq qabiliyyətinin olmaması: Onların uzun müddət üçün realist məqsədləri olmur.
Zorakılıq: Tolerantlıq hissinin ifrat çatışmazlığı və zorakılıq da daxil, aqressiyanı buxovlamaq qabiliyyətinin azlığı.bbc/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.