Putinin kanalı Paşinyanı sərt “vurdu”

30-08-2019, 08:33           
Putinin kanalı Paşinyanı sərt “vurdu”
Elxan Şahinoğlu: “Rusiya indidən xəbərdarlıq edir ki, cızığından çıxmasın”; Əhəd Məmmədli: “Kreml Paşinyanın devrilməsi düyməsini basıb”
Rusiyanın dövlət kanalı “Rossiya 24"də Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına sərt ifadələrlə dolu süjet yayımlanıb.

Həmin süjetdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsi pislənilib. Eyni zamanda erməni baş nazir Paşinyann məhkəmələrdəki islahatları da hədəfə alınıb.

Hər zaman Rusiyaya yaxınlığı ilə seçilən “Qarabağ klanı”nın lideri Köçəryanla bağlı Kremlin mövqeyini haradasa başa düşmək olar. Lakin Ermənistandakı məhkəmə islahatlarının pislənilməsi heç şübhəsiz ki, Paşinyanın islahatlarına kölgə salmağa daha çox hesablanıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyanın “vurulması”nı təsadüf saymır: “Rusiya hakimiyyəti Paşinyanı nəzarətdə saxlamaq istəyir. Ermənistanda baş nazirin müstəqil olmasını Rusiya qəbul etmir. Bunu anlamaq olar. Çünki Ermənistan tamamən Rusiyadan asılıdır, sərhədlərini şimal qonşumuz qoruyur, bazaları oradadır, qazını Kreml verir. Bu baxımdan Rusiya Ermənistanda hansısa bir şəxsin müstəqil baş nazir olmasına niyə dözməlidir? Ona görə çalışır ki, təsir vasitəsilə Paşinyanı Rusiyanın tam nəzarəti altına alsın. Açığı, Paşinyanın özü də hələ ki Rusiya əleyhinə elə bir ciddi addım da atmayıb. Amma bəzən oyun da oynayır. Qərbə doğru müəyyən mesajlar verir. Sentyabr ayında da Amerikaya gedəcək.

Çalışacaq ki, ABŞ prezidenti ilə görüşsün. Ola bilər ki, Rusiya indidən xəbərdarlıq edir ki, cızığından çıxma. Bu səbəbdən rus kanalında bu cür fikirlər səslənə bilər. Məsələnin digər tərəfi odur ki, gələn il qondarma rejimdə prezident seçkiləri keçiriləcək. Paşinyan çalışır ki, orada öz adamını otuzdursun. Rusiya isə bu məsələdə ”Qarabağ klanı"na dəstək verir. Bu klan əgər Paşinyanın mövqelərinin zəifləməsindən istifadə edərək ona qarşı təzyiqləri artırsa, düşünürəm ki, Rusiya bu məsələdə “Qarabağ klanı”na dəstək verir. Rusiyadakı qüvvələr də istəyir ki, Qarabağdakı “hakimiyyət” Paşinyanın deyil, “Qarabağ klanı”nın nəzarətində olsun".

Politoloq Əhəd Məmmədli Paşinyanın çıxılmaz durumda olduğunu söylədi: “Rusiyanın federal kanallarında bu cür açıqlamaların getməsində təəccüblü heç nə yoxdur. Köçəryan Putinin şəxsi dostudur və onu Paşinyan iki dəfə həbs etdirib. Putinin xahişinə rəğmən Paşinyan Köçəryanı azadlığa buraxmadı. Təbii ki, bu cür gedişatlar rusları qəzəbləndirməyə bilməzdi. Ümumiyyətlə, son dövrlər söz-söhbət gedir ki, Kreml Paşinyanın devrilməsi düyməsini basıb. ”Rossiya 24" kanalındakı həmin veriliş də Paşinyanın vurulmasının tərkib hissəsi ola bilər. Paşinyanın heç bir devrilmə planı olmasa da, ən azı bu cür proqramlar Moskvanın İrəvana xəbərdarlığıdır. Bununla Kreml kiçik dağ ölkəsinə söyləmək istəyir ki, hövsələmizi daraltmayın, dediyimizi edin. Paşinyan iki stulda oturmaq istəyir. Rus ayısını qəzəbləndirmədən onun dostlarını yolundan təmizləmək istəyir. Bunun sona qədər Paşinyanda alınacağına inanmıram. Çünki belə olan halda Rusiya yerlərdə etibarını itirəcək. Ona görə Rusiya çalışacaq ki, sona qədər adamlarını qorusun. Bu onlarda alınmasa, Moskva daha sərt hərəkətlərə keçəcək. Bax belə olan halda Paşinyanın devrilmə planı işə keçə bilər. Azərbaycan da artıq başlayan bu proseslərdən maksimum uduşlu çıxıb, Qarabağı qaytarmağa müvəffəq olmalıdır. Paşinyanı hələ vurmurlar, ona xəbərdarlıq mesajları göndərirlər. Xəbərdarlıq edirlər ki, Rusiyaya sadiq adamların ovundan əl çək, əks halda, səninlə başqa dildə danışmağa məcbur olacağıq. Bu xəbərdarlıqlara Paşinyan uyacaqsa, xalq arasında etibarını itirəcək. Axı o, xalqına söz vermişdi ki, ölkəsini rus əsarətindən tam qurtarıb, köhnə korrupsiyalaşmış Moskvadan idarə olunan klanı da qanun qarşısında cəzalandıracaq. Ermənilər Paşinyandan bunları gözləyirlər. Bunları da etmək Paşinyan üçün özünə və ölkəsinə ölüm hökmünü oxumaq kimi bir şeydir.

Moskvadan tam qurtulmaq üçün gərək rus əsgərini son adamına qədər Ermənistandan çıxarasan. Buna da nə Paşinyan, nə də başqa erməni rəhbəri getməz. Bu addımı ermənilərin cəsarət edib atması üçün minimum Putin rejimi Rusiyada devrilməlidir. Ən azından bu olmayana qədər Ermənistanın rus əsarətindən qurtulmasından söz gedə bilməz. Bunun əvəzində verdiyi vədlərə xilaf çıxmamaq üçün Paşinyan rusyönümlü Qarabağ klanını zəiflətməklə məşğuldur. Bu da ən azı Qarabağda ciddi müqavimətlə rastlaşılır və İrəvan-Xankəndi qarşıdurmasına gətirib çıxarır. İrəvan-Xankəndi qarşıdurması dərinləşib, geridönməzə gəlib çıxarsa, Qarabağ “könüllü” olaraq Rusiyaya ilhaq oluna bilər. Rusiya tərəfindən bu cür prosedurlar postsovet məkanında uğurla həyata keçirilib. Bu isə nəinki Ermənistan, Azərbaycan üçün də birdəfəlik Qarabağın itirilməsi deməkdir. Baxın, Paşinyan belə bir çıxılmaz vəziyyətdədir. Əslində Ermənistan özünü belə çıxılmaz vəziyyətə salıb. Ermənistanın Rusiyadan bir qurtulmaq yolu var, o da Qarabağdan imtina etməsidir. Buna da ermənilər könüllü yolla getməyəcəklər. Ermənilər xalq olaraq kiminsə himayəsi altında yaşamağa öyrəniblər. Osmanlıda olduğu kimi gərək əvvəlki himayədar zəifləsin ki, ermənilər yeni himayədar axtarsınlar. Rusiya zəifləməyənə qədər hər erməni iqtidarı bu ölkənin ətəyindən bərk-bərk yapışmağa məhkumdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.