“Sizdən qorxmuram, çünki sizin kimi xalqımın mənəvi dəyərlərini tapdayan birisi deyiləm...”

31-08-2019, 09:56           
“Sizdən qorxmuram, çünki sizin kimi xalqımın mənəvi dəyərlərini tapdayan birisi deyiləm...”
İrəvan Dövlət Dram Teatrının direktoru, tanınmış aktyor İftixar Piriyev növbəti dəfə məhkəməyə verilib. İddianı qaldıran isə hamiləliyinin pozulmasında İftixar Piriyevin günahkar olduğunu bildirən, teatrın keçmiş aktrisası Şəbnəm Cəbrayılovadır.

Bu barədə Moderator.az saytına yazılı açıqlama göndərən aktrisa əlavə olaraq son vaxtlar sosial şəbəkələrdə şəxsi səhifələr vasitəsiylə ona qarşı edilən şiddətdən də danışıb.

“Məhkəməyə verdiyim iddia ərizəsində problem və narahatlıqlarla üzləşərək ağır vəziyyətə düşdüyümə və bunun nəticəsi olaraq övladımı itirdiyimə görə İrəvan teatrının direktoru İftixar Piriyevi, avtobus sürməyə icazəsi olmadığı halda avtomobil sükanı arxasına əyləşərək onu narahat idarə etdiyinə görə aktyor-şofer Bəhruz Hikmətoğlunu, hamilə qadının hüquqlarını müdafiə etməyə borclu olduğu halda məni işdən çıxarmağa tez-tələsik razılıq verib qanunları pozaraq direktorun qanunsuz göstərişinə əməl etdiyinə görə Teatrın Həmkarlar Komitəsinin sədri, aktyor Natiq Həziyevi günahlandırıram.

Buna haqqım var. Sözüm sizədir. Uşağımı itirməyimə bais olduğunuz üçün bir insan olaraq hamınız utanın. “Balalarınızın qarşısına çıxsın!” qarğışı eləmirəm sizə. Balalarınızın günahı olmadığını, bala itirmiş ana olaraq başa düşürəm. Bəs mənim körpəmin günahı nə idi? Siz kişi ola-ola bu suala cavab verə bilərsiniz? Ürəyiniz ağrımır? Vicdanınız sızıldamır? Gecələr necə rahat yatırsınız? “Facebook” səhifələrinizdə məni yalançı, nankor, hamilə olduğumu, uşağımı itirdiyimi uydurduğumu yazırsınız, “qarnında yastıq gəzdirən qadın” adlandırırsınız. Telefon nömrəsi göndərib ərimlə “söhbət eləmək” istəyirsiniz? Dindar olduğuma görə mənə rişxənd edirsiniz? “Mənim haqqımda nəsə yazsan, məndən incimə” yazaraq məni təhdid edirsiniz. Əlbir olub, uşağımı balaca Zəhranın gününə saldınız, özümü isə qızcığaz Elinanın özünə qəsd elədiyi zaman düşdüyü hala gətirmək istəyirsiniz... Cəmiyyətimizə daha bir şok yaşatmaq istəyirsiniz? Bəli, siz bunu istəyirsiniz... Bu, kişi işidir? Bəlkə ona görə çəsarətlənirsiz ki, yetim bir qızam, atam, qardaşım, dayım, əmim, əmim oğlu yoxdur?..

Mən sizdən qorxmuram. Çünki mən, sizin kimi, xalqımın mənəvi dəyərlərinə ziyan vuran birisi deyiləm. Sizlər isə həmişə qadına ehtiram və hörmətlə yanaşan Azərbaycan kişisinin adına ləkə yaxırsınız! Siz bu dəyərlərə balta vurursunuz! Kişi aktyorlarımızın, teatr sənətkarlarımızın, teatr rəhbərlərinin, vəzifə adamlarının pis imicini yaradırsınız. Cəmiyyətimizdə qadına edilən hörməti tapdalayırsınız. Sizdən çəkinmirəm! Çünki, özünüzün də qeyd etdiyiniz kimi, hüquqi dövlətdə yaşayırıq. Məni hüquq müstəvisində müdafiə edə biləcək qeyrətli hakimlərimiz, cəsarətli vəkillərimiz sözlərini deyəcəklər. Onlar məni, qanunlarımızın kölgəsində gizlənib hər an onu baltalayanların qarşısında, tək qoymayacaqlar. Hüquqi qanunlar öz yerində. Bir qadın ola-ola bilirəm ki, cəmiyyətimizin yazılmamış “kişilik” qanunları da var. O qanunlardan da xəbəriniz yoxdur? Bilin, bu ölkədə sizin kimilərə “Dur!” deyə biləcək əsl kişilər hələ çoxdur. Yetim bir qıza atalıq, əmilik, dayılıq, qardaşlıq edə biləcək Azərbaycan kişiləri qabağınıza çıxacaq. Bu ölkə hələ sahibsiz deyil! Təkrarən ana olmaq ehtimalımı sıfıra endirib bu haqqımı əlimdən aldığınıza görə, bir qadına qarşı göstərdiyiniz şiddətə görə əmilərimə, dayılarıma, əmim və dayım oğlanlarına cavab verməli olacaqsınız. Bax onda birləşib mənim üçün qurduğunuz “oyunu” etiraf edəcəksiniz! Bax onda əsl simanız üzə çıxacaq...

Əgər mənim bu çətin halımda, bir daha haqqımda nalayiq ifadələr işlətsəniz, hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəm. Sizdən fərqli olaraq xəlvəti iş görməyə adət etməmişəm. Xəbərdarlığımı etdim.

Şəbnəm Cəbrayılova, İrəvan Teatrının qeyri-qanuni olaraq işdən uzaqlaşdırılmış aktrisası”

Xatırladaq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova 2019-cu il iyulun 25-də işdən azad olunub. Aktrisanın işdən çıxarılmasına səbəb kimi nizam-intizama riayət etməməsi, işə davamiyyətinin olmaması göstərilib.

Ş. Cəbrayılova hamiləliyinin pozulmasında direktorun günahkar olduğunu söyləyib. Aktrisa sağlamlığı barədə öncədən rəhbərliyə məlumat verdiyini, rəhbərliyin isə ona narahat olmamağı, sağlamlığını qorumağı tapşırdığını deyib. Ş.Cəbrayılova həkimdən aldığı sənədi teatra təqdim edəndə isə ona artıq işdən azad olunduğunu deyiblər. O, iddia edir ki, aldığı stresdən uşağını itirib, hazırda da ciddi depressiyadadır. Aktrisa yaranmış problemlə bağlı Mədəniyyət Nazirliyinə də rəsmi məktub ünvanlayıb.

Moderator.az-a telefon açıqlamasında aktrisa Ş.Cəbrayılova əlavə edib ki, artıq Nəsimi rayon məhkəməsi onun iddiasını qəbul edib və sentyabrın 3-ə məhkəmə təyin olunub.

“Teatrın direktoru İftixar Piriyevə işdən çıxarılmamışdan öncə hamiləliyim və ağır iş görmək, eləcə də uzaq məsafələrə nəqliyyatla gedə bilməməyim barədə həkim rəyini təqdim edərkən o, heç birini qəbul etməyib. Və üstəlik, məni teatrın köhnə “Qazel”i ilə qastrola aparırdı və mən orada, üzr istəyirəm, övladımı itirmək təhlükəsi yaşayırdım. Bir dəfə isə dedim ki, eybi yox, əziyyətə qatlaşmalı olsam da, teatrın xatirinə qastrola gedərəm. Direktor cavabında dedi ki, dublyorun, yəni əvəzedicin gedər, eybi yox, sən istirahət elə. Məndə bütün bunlara aid telefon yazışmaları və s. var. İftixar Piriyev heç mən təqdim etdiyim sənədlərə baxmayıb. Mən ona sübut edəcəm ki, o, mənim hamilə olduğumu bilib və onun qanun çərçivəsində cəzalanmasına nail olacağam”-deyə aktrisa bəyan edib.

İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev əməkdaşımızla telefon söhbətində məsələyə belə münasibət bildirib:

"Məlumunuz olsun ki, Şəbnəm Cəbrayılova dəfələrlə teatrımızın rayonlara təşkil olunmuş qastrol səfərlərinə getməkdən heç bir üzürlü səbəb göstərmədən imtina edib. Bununla da o, dövlət müəssisəsinin iş rejimini bilərəkdən və qəsdən pozmuşdur. İşdən çıxarıldıqdan sonra guya hamilə olduğunu və işdən çıxarıldığına görə uşağını itirdiyini bildirən aktrisa iddia etdiyi hamiləliyini və ya uşağını itirməsini təsdiq edən heç bir rəsmi sənədi teatra təqdim etməyib”.

Aktrisanın İ.Piriyev və əməkdaşlarının onu sosial şəbəkədə təhqir və təhdid etmələri haqdakı iddialarını isə teatr rəhbəri “cəfəngiyyat” adlandırıb və məhkəməyə verilməkdən narahat olmadığını ifadə edib:

“Yalan deyir. O, kimlərə xidmət edir, bilmirəm. Bizi məhkəməyə verib lap yaxşı. Biz hüquqi dövlətdə yaşayırıq. Qoy məhkəmə qanun çərçivəsində əsl gerçəkləri ortalığa çıxarsın... Bilirsiz, bu adam 15 gün işdə olmayıb. Bizdə olan məlumata görə, Ş.Cəbrayılova başqa bir yerdə- Əyləncə Mərkəzində animator kimi çalışır. Bizim teatra gəlməyəndə oraya gedirmiş. Əgər doğrudan da hamilə olubsa, bəlkə elə animator kimi atılıb-düşəndə onun övladına zərər dəyib?..”

Aktrisanın hamiləliyi haqda sənədlər təqdim etməsinə rəğmən guya direktorun onları qəbul etməməsi barədə söylədiklərinə gəldikdə isə İ.Piriyev bunları bildirib:

“Sizcə, belə bir şey mümkündürmü? Lap əgər biz, doğrudan da, sənədi qəbul etməmişiksə, poçtla göndərərdi, biz o sənədləri qol çəkib rəsmi şəkildə qəbul etməyə məcbur olardıq.

Ş.Cəbrayılova 4 dəfə işdən çıxmaq haqda ərizə verib, amma mən onu işdən çıxarmamışam. Axırıncı dəfə də ona demişəm ki, qızım, ağıllı ol, get işini işlə. Mənim onu işdən çıxarmaqda heç bir marağım ola bilməz. Amma Ş.Cəbrayılovanın nə marağı var, yaxud kimlərin marağına, hansı qara qüvvələrə xidmət edir, onu bilmirəm. Əgər o, bizə, doğrudan da, hamiləliyi haqda sənəd təqdim etsə idi, biz ona həm qanun çərçivəsində, həm də bir azərbaycanlı kimi qayğı göstərərdik. Necə ki, onun işlədiyi 6 il müddətində mən aktrisa Şəbnəm Cəbrayılovaya atalıq qayğısı göstərmişəm. O, ilk dəfə iş üçün teatra gələndə bildirdi ki, ata-anasını itirmiş, qohumlarımın da imtina etdiyi bir adamam. Mənim ona yazığım gəldi və dedim ki, qızım, bundan sonra sənin valideynin mənəm. Və bütün teatr kollektivi də bilir ki, mən ona necə qayğı göstərmişəm, ona daim maddi və mənəvi dəstək olmuşam. Amma o, bütün bunları itirir...
Ş.Cəbrayılovanı işdən azad etdikdən sonra onun hamiləliyi haqda eşidəndə mən dedim ki, bu haqda sənəd gətirsin, mən onu işə bərpa edəcəm. Həmkarların sədri də ona deyib ki, biz sənin hüququnu müdafiə etmək istəyirik. Ona görə də sən gəl iclasda iştirak et. Ş Cəbrayılova isə cavab verib ki, mən heç bir sənəd təqdim etməyəcəm və hansı qərarı verməyinizdən aslılı olmayaraq iclasda iştirak etməyəcəm. Yəni, biz ona geri- işə dönməsi üçün şərait yaratmışıq, o isə bunun əvəzində gedib sosial şəbəkələrdə artistlik edib başını yastığa qoyduğu şəklinin yanında mənim fotomu da paylaşıb məni “uşaq qatili” adlandırdı. Şəbnəm Cəbrayılova bütün bunlarla məni yox, özünü ifşa edir. Bir gənc aktrisa kimi öz gələcəyini korlayır. Odur ki, mənim ona yazığım gəlir. Nə qədər gec deyil, haqq yoluna qayıtsın...”- deyə İrəvan teatrının rəhbəri vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.