Azərbaycanlı jurnalistin saxlanma səbəbi bilinib – ALMANİYADA

4-09-2019, 00:02           
Azərbaycanlı jurnalistin saxlanma səbəbi bilinib – ALMANİYADA
Almaniyanın Bavariya əyalətində yerləşən Deggendorf şəhərindəki qaçqın kampında baş verən kütləvi davaya görə saxlanılan azərbaycanlı jurnalist Azər Kazımzadənin şübhəli şəxs qismində istintaqa cəlb edilməsinin səbəbi bilinib. AzEuroNews.com-un sözgedən kampda qalan azərbaycanlılardan əldə etdiyi məlumatda deyilir ki, jurnalist kampın təhlükəsizlik xidməti əməkdaşlarının polisdəki ifadəsinə əsasən saxlanılıb.


Məlumatda deyilir ki, hazırda Almaniyada mühacir həyatı yaşayan Azər Kazımzadəyə qarşı irəli sürülən ittihamda onun kütləvi davada iştirak etməsi göstərilir.

“Guya A.Kazımzadə kütləvi davada fəal iştirak edib. Bunun belə olmadığını hamımız bilirik. O, əksinə dava edən tərəfləri sakitləşdirməyə cəhd edib. Eyni zamanda Azər bəy kampın problemlərini tez-tez dilə gətirib, onun həlli üçün çalışıb. Kampdakı vəziyyətlə bağlı Almaniyanın televiziya kanallarına açıqlamalar da verib”– deyə həmvətənlərimiz saytımıza bildiriblər.

Deggendorfdakı qaçqın kampının azərbaycanlı sakinləri bildiriblər ki, onlar da təhlükəsizlik xidmətinin əməkdaşlarını polisə şikayət edəcəklər.


“Kamp sakinlərinin təhlükəsizliyinə cavabdeh olan şirkəti və onun əməkdaşlarını şikayət edəcəyik. Bu kampda müxtəlif qruplar yə ya şəxslər arasında tez-tez dava olur. Hər dəfəsində kampa polis qüvvələri cəlb edilir. Təhlükəsizlik xidmətinin əməkdaşlarının fəaliyyəti demək olar ki, yoxdur. Bəzən xırda bir problemin qarşısını ala biləcəkləri təqdirdə gözləyirlər ki, böyüsün və belə xoşagəlməz hadisələr baş versin. Az qala hər gün bu kampa xüsusi polis dəstələri yeridilir” – deyə həmvətənlərimiz vurğulayıblar.

Xatırladaq ki, avqustun 20-də Almaniyanın Deggendorf şəhərində yerləşən qaçqın kampında azərbaycanlıların da iştirakı ilə baş verən kütləvi davaya görə cinayət içi açılıb. Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sərbəst buraxılıb. İstintaq çərçivəsində ötən gün həmin kampda qalan azərbaycanlı jurnalist Azər Kazımzadə də saxlanılaraq istintaqa cəlb edilib. Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi açaraq arşdırmanı davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.