Meningitə qarşı peyvənd Azərbaycan üçün aktualdırmı?

4-09-2019, 07:57           
Meningitə qarşı peyvənd Azərbaycan üçün aktualdırmı?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2019-cu ildə qlobal səviyyədə insan sağlamlığına ciddi təsir edəcək 10 təhlükədən biri peyvənddən imtinadır.

Son illər ərzində bəzi yoluxucu xəstəliklərə daha çox uşağın yoluxması Avropada azyaşlıların peyvəndlənməsi ilə bağlı məsələni ciddi şəkildə gündəmə gətirib. İtaliyada martın 12-dən qüvvəyə minən qərara əsasən, hətta peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi də qadağan edilib.

Azərbaycanda hələ sovet dövründən ümumtəhsil müəssisələrinin birinci sinfinə qəbul üçün tələb olunan sənədlərdən biri uşağın peyvənd olunduğunu təsdiqləyən sağlamlıq arayışdır (Forma U 26).

Hazırda Azərbaycanda uşaqlar 11 əsas yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Azərbaycan Milli Peyvəndlər Təqvim Planına uyğun olaraq, peyvəndlərin ilkin kursu (vaksinasiya) və təkrar kursları (revaksinasiya) yaşlar üzrə müəyyən edilir. İlk peyvənd uşaqlara hepatit B xəstəliyinə qarşı doğuşdan 12 saat sonra edilir.

Statistik məlumatlara görə, 2018-ci ildə ölkədə 1 yaşadək uşaqların 99 faizi hepatit B xəstəliyinə qarşı, 1 yaşa qədər uşaqların 97,4 faizi vərəmə qarşı, 94,7 faizi difteriyaya, göyöskürək, tetanus, b tipli hemofil influenza, hepatit B-yə qarşı, 96,3 faizi poliomielitə, 96 faizi qızılcaya, məxmərəyə, epidemik parotitə qarşı peyvənd edilib.

Teref.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Trend-ə bildirib ki, dünya ölkələrinin çoxu ilə müqayisə edildikdə, Azərbaycanda peyvəndlə əhatə olunma səviyyəsi qənaətbəxşdir.

Onun sözlərinə görə, vaksinasiya olunmayan uşaqlar xəstəliklərə yoluxma baxımından həmişə risk qarşısındadırlar:

"Peyvənd olunmayan uşaqlar təhlükəli infeksiyalara yoluxa bilərlər. Azərbaycanda peyvəndlə əhatə olunma səviyyəsi yuxarı olduğuna görə bu təhlükə azdır. Təhlükə o zaman artır ki, vaksin olunmayanların sayı çox olur. Müqayisə edək ki, Gürcüstanda qızılca epidemiyası müşahidə edilib, Azərbaycanda isə bu xəstəliyə tək-tək hallarda yoluxma var. Hesab edirəm ki, bu da vaksinasiyasının hesabınadır".

Baş pediatr qeyd edib ki, Azərbaycanda uşaqların peyvənd edildiyi xəstəliklərin hamısı onların yoluxa bildiyi xəstəliklərdir:

"Uşaqların istənilən zaman bu xəstəliklərə yoluxma riski var. ÜST-nin statistik araşdırmalarına görə, 1 milyon peyvənddən sonra yalnız 1 ağır fəsad müşahidə oluna bilər. Gəlin müqayisə edək: 1 ağır fəsadın qarşısını almaq üçün peyvənddən ümumiyyətlə imtina etmək, yoxsa peyvənd edib bir ildə 3 milyon insanın həyatını qurtarmaq daha yaxşıdır? Hesab edirəm ki, peyvənd tibbdə tətbiq olunan ən təsirli və dəyərli profilaktika metodudur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.