İqtidarın iki generala önəm verməsinin sirri - Onlara güvənilir...

24-11-2015, 11:26           
İqtidarın iki generala önəm verməsinin sirri - Onlara güvənilir...
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra həm MTN-də, həm digər nazirliklərdə başlamış həbslər və kadr dəyişikliklərinin pərdəarxası müxtəlif aspektdən təhlil edilir.

Son günlər bu kadr dəyişiklikləri və həbslər fonunda diqqət daha çox hakimiyyətin önəm verdiyi iki generala yönəlib. Onların hər ikisi 1994-1995-ci illərdə Heydər Əliyev hakimiyyətinin əleyhinə başlamış OMON qiyamının yatırılmasındakı xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər. İndi onlardan biri-Mədət Quliyev ayyarımdır ki, milli təhlükəsizlik nazirinin vəzifələrini icra edir, digəri isə-Rövşən Əkbərov gözlənilmədən 4 il əvvəl tərk etdiyi Bakı Qarnizonuna yenidən rəhbər gətirilib...

Müdafiə Nazirliyindəki mənbəmiz R.Əkbərovun prezidentin sərəncamı ilə Bakıya gətirilməsi xəbərinin doğruluğunu təsdiqləyir və bunu rotasiya qaydasında dəyişiklik kimi izah edir. Amma...

***
2011-ci ilin fevralında -"ərəb baharı" diktator rejimlərini bir-birinin ardınca yıxıb, “dalğası” postsovet ölkələrinin sərhədlərinə çatanda da çox qəribədir ki, Azərbaycan hakimiyyəti yenə indiki kimi məhz bu iki generalı önə çıxarmışdı.

2011-ci ilin fevralında prezident İlham Əliyev özünə çox yaxın bir kadrı, sinif yoldaşı olmuş Nazim Ələkbərovu Penitensiar Xidmət rəhbəri görəvindən aldı. N.Ələkbərovun işdən çıxarılması MTN-dəki kimi səs-küy yaratmadı, səbəblər barədə də çox yazılmadı. Yalnız bilinən bu oldu ki, N.Ələkbərov o zaman dustaq olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xalası oğlu ilə Avropada ortaq biznes qurubmuş. N.Ələkbərovun indi ifşası davam edən Eldar Mahmudov kimi prezidentin etimadından sui-istifadə edərək hətta hakimiyyətin düşmənləri ilə biznes quracaq qədər irəli getməsi onu vəzifədən etdi. Prezident onu cəzalandırdı, işindən və özündən birdəfəlik uzaqlaşdırdı.

Amma səbəb təkcə N.Ələkbərovla bağlı da deyildi. “Ərəb baharı” Azərbaycanın siyasi mühitini dəyişmiş, müxalif cameə yenə də “xaricdən idxal olunacaq” inqilabi əhval-ruhiyyəyə köklənmişdi. Liviya və Misir rejimləri həbsxanaların qapılarını belə açmağa məcbur edilirdi, Azərbaycan türmələrində də kütləvi “azadlıq” gözləntiləri vardı. Belə bir həssas ərəfədə prezident ən yaxın kadrlarından birini işdən çıxardı və onun yerinə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Mədət Quliyevi gətirdi. 2011-ci ilin fevralında o, Penitensiar Xidmətə rəis və ədliyyə nazirinin müavini vəzifəsinə təyinat aldı.

Təsadüfə baxın, elə həmin ilin fevral ayında daha bir diqqətçəkən hadisə baş verdi. Prezident əsgər ölümlərinə görə Şəmkir korpusunun komandanı, o vaxtkı müdafiə naziri Səfər Əbiyevin yaxın qohumu Çingiz Şəfiyevin general poqonunu sökdü. Onun yerinə isə Milli Qəhrəman, Silahlı Qüvvələrin 1998-ci ildə yaradılmış Bakı Qarnizonuna 13 ildir rəhbərlik edən Rövşən Əkbərov təyinat aldı.

S.Əbiyevlə münasibətləri gərgin olan R.Əkbərovun Bakıdan uzaqlaşdırılmasını hətta “sürgün” kimi qiymətləndirənlər də vardı. Amma şübhə yox idi ki, bu, prezidentə çox yaxın olan generala Ali Baş Komandan tərəfindən verilmiş əmr və S.Əbiyevin şəxsi kaprizlərini aşan təyinat idi.

R.Əkbərovun təyinatını həmin dövrün siyasi şəraiti ilə izah edənlər də vardı. Bildirilirdi ki, “ərəb baharı” Gəncə və ətraf bölgələrdəki sosial problemləri qarşısıalınmaz proseslərə çevirə bilər. Digər tərəfdən, o da xatırlanırdı ki, Gəncə tarixən Azərbaycandakı hakimiyyətin dəyişilməsində bir zəmin və ya baza rolunu oynayıb, 1918-ci ildə milli hakimiyyətin qurulmasında da, 1993-cü ildə AXCP-Müsavat hakimiyyətinin devrilməsində də bu şəhərin adı mərkəzi planda keçib.

“Ərəb baharı”, şükür edək ki, Azərbaycana gəlib çata bilmədi. R.Əkbərov da Şəmkir korpusunda qayda-qanun yaratmağa nail oldu. Prezident Şəmkir korpusunda oldu, vəziyyəti özü yoxladı.

***

M.Quliyev olmayan nazirin birinci müavini təyin edilsə də, böyük ehtimalla elə yeni nazir də özü olacaq. Ya da bir müddət naziri əvəz edəcək. Aydındır ki, ona qurumun nüfuzunu bərpa etmək və ölkəni daxili və kənar düşmən qüvvələrdən qorumaq tapşırılıb. MTN strukturunda bütün dəyişikliklər, yeni təyinatlar istisnasız olaraq, M.Quliyevin iradəsidir. Məlumata görə, M.Quliyev Eldar Mahmudovun kabinetində oturur və onun dövlət tərəfindən ayrılmış xidməti maşını ilə işə gəlir...

Ermənistanla sərhəddə ən önəmli korpus rəhbərlərindən birinin cəbhədəki indiki vəziyyətdə Bakı Qarnizonuna təyinatı bəlkə də iddia edildiyi kimi, rotasiya qaydasında baş tutub və burada qeyr-adi səbəb axtarmağa ehtiyac da yoxdur. Amma siyasi qərarlarda təsadüflər olmur axı...

***
Prezident iqtidarda ciddi dəyişikliklərə qərar verib və “iri budamalar” hələ davam edəcək. Təcridxanalara generallar, iri məmurlar salınıb, sabiq nazirlər nəzarət altındadır. Ötən həftə Azərbaycan ərazisində qəfil internetin kəsilməsinin əsl səbəbi hələ də bilinmir, təxribat versiyası da araşdırılır. Belə görünür ki, dəyişikliklərə qarşı həm də bir müqavimət var. Bu baxımdan ölkənin indi “ən qaynar nöqtəsi” Bakı hesab oluna bilər. R.Əkbərovun belə bir vaxtda Bakı Qarnizonuna qaytarılması o səbəbdən diqqət çəkir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.