Azərbaycan oliqarxiyasının böyük çöküşü – Analiz

25-11-2015, 11:59           
Azərbaycan oliqarxiyasının böyük çöküşü – Analiz
Cəmi iki ay əvvələdək sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar çete başçısı olmasının rəsmi şəkildə etiraf edilməsi bir yana, hətta tutduğu postdan uzaqlaşdırılacağını söyləsən, yəqin ya sənin ağlını itirdiyini düşünərdilər, ya da reallıq hissini itirdiyini.

Yenə cəmi iki ay əvvəl Azərbaycanın ən “mistik” generallarından biri olan, adı ətrafında ən tükürpədici cinayətlərlə bağlı söyləntilər dolaşan Akif Çovdarovun qollarına qandal vurulduğunu əks etdirən fotoların KİV səhifələrini, sosial şəbəkləri, informasiya saytlarını bəzəyəcəyini desən, sənə ya dəli kimi baxardılar, ya da uşaq kimi.

İki ay əvvəl kimin ağlına gələrdi ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “vurulacaq”, onun nazirliyində ağılalmaz korrupsiya cinayətlərinin üstü açılacaq.

İki ay əvvəl kimin ağlına gələrdi ki, MTN-in Teymur Quliyev, İlqar Əliyev kimi “qılıncının dalı da, qabağı da kəsən” yüksək çinli fiqurları hakimiyyətin ən yuxarı eşalonlarında “reket” olaraq damğalanacaq, onların səsi bir zamanlar haqsız yerə, şərləyərək həbs etdikləri insanların saxlanıldığı Kürdəxanı təcridxanasından gələcək.

Bəli, müdrik bir ata sözündə deyildiyi kimi: “Əvvəl gülən axır gülər”.

Biz illərdir ölkədə at oynadan milli oliqarxiyanın nəhəng çöküş dövrünə şahidlik edirik. Bir zamanlar əli üstə, sözü üstrə söz tanımayan iribuynuzlu məmurlar böyük sürətlə “bıçaq altına” yatırılır, onların toplumun aktibv kəsimi üçün təəccüblü görünməyən, adi qarşılanan geniş xalq kütləsi üçün isə ilk baxışda qeyri-adi təsir bağışlayan cinayətləri rəsmi kanallarla ifşa olunur. Bir sözlə, siyası hakimiyyətin “güvəndiyi dağlara qar yağır”.

Əslində qanunsuz formalaşan, gücünü inzibati nüfuzdan, administrativ özbaşınalıqdan və rəqabətsiz biznes mühitindən, inhisarçılıqdan, korrupsiyadan alan bu məmur oliqarxiyasının çöküşünə görə biz ilk növbədə neftə, daha doğrusu, neftin dünya bazarlarında kəskin ucuzlaşmasına borclu olmalıyıq. Qəribə situasiyadır: cəmi bir neçə ay əvvələdək neft Azərbaycanın real iqtisadi-sosial inkişafının təmin edilməsi, ölkədə hüquqi-demokratik dövlət quruculuğu istiqamətində həlledici addımların atılması, insan haqlarının və azadlıqlarının bərqərarına nail olunması yolunda başlıca əngəl sayılırdı. Çoxluq belə hesab edirdi ki, nə qədər neft var, Azərbaycanın azad, xoşbəxt gələcəyi də şübhə altındadır.

İndi isə eyni neft Azərbaycanda milli oliqarxiyanı çətin sınaq qarşısında qoyub. Neftin kəskin ucuzlaşması iqtisadiyyatının ən azı 80 faizə yaxın hissəsini “qara qızıl”ın təşkil etdiyi Azərbaycanı “analoqsuz inkişaf” barədə ənənəvi xəyalpərəstlikdən acı reallığın qoynuna itələyir. Məlum olur ki, ölkəni gözlənilən daha dərin böhrandan mümkün olduğu qədər az itki ilə çıxarmaq, ən əsası isə siyasi hakimiyyətin mövcudluğuna qarşı mümkün təhlükələri önləmək üçün müəyyən idarəçilik qaydalarını dəyişmək lazımdır. Bəli, həmişəki kimi davam etmək artıq müşkül, hətta mümkünsüz məsələdir, hökumət bəzi islahatlar aparmaq məcburiyyətindədir, ən azı Azərbaycanda “kölgə iqtisadiyyatının” payını minimuma endirmək, oliqarxlaşmış məmurların biznes və sahibkarlıq fəaliyyəti üzərində hegemoniyasını bacarılan qədər azaltmaq, ölkədə sözün həqiqi mənasında azad, rəqabətə dayanan iqtisadi mühit yaratmaq lazımdır ki, gec dəolsa neftin su qiymətinə düşməsi nəticəsində yaranan itkilərin yerini doldura biləsən.

Əks halda qarşıda Azərbaycan xalqını yalnız aclıq illəri gözləmir.

Həm də perspektivdə siyasi hakimiyyət sosial və iqtisadi partlayışlar təhlükəsini hər keçən gün daha da artıq hiss edəcəkdir. Kimlərsə bunu şablon siyasi pafos hesab edə bilər. Amma unutmaq lazım deyil ki, “ac adam qılınca çapar”. Xalq kütlələri demokratiya, hüquq və azadlıqlar kimi məsələlərdə laqeydlik göstərə bilər, amma o çörəklə sınağa çəkilməyə başlanılanda cilovlanması mümkün olmayan qəzəb dalğasına çevrilir. Bunun yaxın və uzaq tarixdə kifayət qədər nümunələri var, odur ki, onlar barədə geniş xatırlatma edib əlavə vaxt aparmağı gərəksiz sayırıq.

Eyni zamanda şübhə etmirik ki, iqtidar özü də belə bir təhlükəli perspektivin yaxşı fərqindədir, ona görə də öz “bağırsaqlarında” “təmizləməni” zəruri sayıb.

Nəticə etibarilə hazırda Azərbaycanda maliyyə və inzibati qüdrətinə görə dünyada ya yerli-dibli analoqu olmayan, ya da çox az bənzəri tapılacaq məmur oliqarxiyası “qürub dövrünü” yaşayır. Ümid edək ki, hazırda şahidi olduğumuz proseslər təkcə hakimiyyətdaxili güc savaşlarının sonu olmayıb, həm də bu günə qədərki yanlış siyasi və iqtisadi hesablamalardan geriyə addım atmaq, postneft erasında Azərbaycanı ciddi siyasi. Sosial, iqtisadi və mənəvi təlatümlərdən bacarıldığı qədər uzaq tutmaq, ya da az itki ilə çıxarmaq məqsədi daşıyır.

Eyni zamanda ona da ümid edək ki, sadəcə neft pullarına və polis dəyənəyinə güvənən, daha çox bu ikisinin sayəsində özünün məğlubedilməz obrazını yaradan idaretmə sistemi köklü reformlara qucaq açacaqdır. Çünki Eldar Mahmudovları Mahmud Eldarovlarla, Akif Çovdarovları Çovdar Akifovlarla əvəzləyərək yuxarıda haqqında danışılan təhlükəli perspektivi n təxirə salmaq, nə də yerli-dibli önləmək olar. Adların dəyişməsi çətin ki, nəyisə müsbətə doğru dəyişsin.

Ona görə də hökumətdəki hazırki təmizləmələr, “vurulmalar”, cəzalandırılmalar müasir idarəetmə standartlarının tətbiqi ilə müşaiyət olunmalıdır. Əks halda məmur oliqarxiyanın çöküşü simvolik xarakter daşıyacaq, siyasi, sosial və iqtisadi mənada heç bir təhlükəli tendensiyanı önləyə bilməyəcək. Hətta hakimiyyətin özü də daxil olmaqla, ölkəni dibsiz uçuruma bir az da yaxınlaşdıracaq...
Qaynar.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.