Məşhur futbolçuların adı "MTN işi"ndə

12-12-2015, 13:27           

Ötən saylarımızda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Mircəlal Kərim oğlu Nəsrullayevin redaksiyamıza müraciətini dərc etmişdik. Mircəlal Nəsrullayev MTN tərəfindən başına gətirilən olaylardan bəhs etmişdi. Məhbus iş adamı yenidən “Azadlıq”a müraciət edərək, yazı dərc olunandan sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən onun işi ilə bağlı maraqlandıqlarını bildirib.

Ona həbsxanadan çıxması üçün Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunub. Lakin Mircəlal Nəsrullayev bununla razılaşmaq niyyətində olmadığını deyib. Buna əsas kimi cəzasının dörddə üç hissəsini artıq çəkdiyini və eləcə də, həbsxanada heç bir cəza tədbirinin olmaması üçün qanunun onun şərti azadlığa çıxmağına imkan verdiyini bildirib. Xüsusi ilə qeyd edib ki, bu məsələdə məqsədi əvvəlki kimi işlərini davam etdirərək, dövlətə və cəmiyyətə xeyirli işlər görmək niyyəti ilə bağlıdır. Bunun üçün isə ölkədən kənara çıxmasının vacib olduğunu bildirib. Onun dediyinə görə, biznesi Rusiya Federasiyası ilə bağlıdır: “Mən Rusiyanın Volqoqrad şəhərində yaşayan zaman hər zaman soydaşlarımıza, eləcə də dövlətimizə maddi yardımlar etmişəm. Volqoqraddan Müdafiə Nazirliyinə yardım kampaniyasının təşkilatçısı olaraq həmin yardımı Bakıya göndərmişəm. Mən vətənpərvər və öz xalqımı sevən biriyəm. Öz xeyirxah əməllərimi yenə davam etdirmək istəyirəm”.
Məşhur futbolçuların adı "MTN işi"ndə
İsgəndər Cavadovla tanışlıq


Daha sonra MTN-in toruna salınaraq həbsə atıldığını bildirən Mircəlal Nəsrullayev həbsi ilə bağlı yeni detallar açıqlayıb. Iş adamı başına gətirilən hadisələrdə hörmət elədiyi insanların əli olduğunu, bu barədə Akif Çovdarova məlumat ötürdüklərini düşünür. Mircəlal Nəsrullayev yazır: “2001-ci ildə Qax rayonunda idim. Bir yaxın qohumum zəng edərək, ad günü olduğunu bildirdi və doğum gününü qeyd etmək üçün dostları ilə Qax rayonuna gəlmək istədiklərini dedi. Etiraz etmədim. Səhəri üç dostu ilə birlikdə rayona gəldilər. Onun dostlarından biri hamının tanıdığı məhşur futbolçu Isgəndər Cavadov idi. Qohumum onun maddi vəziyyətinin yaxşı olmadığını, kirayədə yaşadığını bildirdi. Mən onu bir otağa çəkərək 100 ədəd 10 000-likdən ibarət (həmin dövrdə 10ÿ000 manat indiki ekvivalentlə 2 manata bərabər idi) bağlı ”paçka”nı cibinə qoydum. Sonra biz ad gününü qeyd etməyə başladıq. Həmin vaxt Isgəndər Cavadov orada at gördü və onu minmək istədi. Ata mindiyi zaman at onu yerə vurdu, bərk zədələndi, paltarları palçığa bulandı. Biz onu otağa apardıq. Dostları paltarlarını yumaq üçün çıxarmışdılar, cibindəki əşyaları stolun üstünə qoyulmuşdu. Onun cibindən bir şəxsiyyət vəsiqəsi və mən verdiyim “paçka” puldan başqa heç nə yox idi. Mən anladım ki, o, Bakıdan Qaxa bir manatsız gəlib. Bundan sonra bir növ ona yazığım gəldi. Onunla dostluq etməyə başladım. 2001-ci ildən 2008-ci ilə qədər ona mütəmadi maddi köməkliklər edirdim.

2008-ci ilin yayında Bakıda olanda Isgəndər Cavadov məni “Neftçi” idman bazasına apraraq direktor Oqtay Abdullayevlə tanış etdi.

İş adamına görə MTN-də kim zamin saxlanılıb?


2008-ci ilin iyul ayının 30-da Akif Çovdarov məni MTN-də saxlayandan sonra səhəri gün məndən 100 min manatı tələb edib, razılıq alandan sonra bildirdi ki, 3 gün ərzində pulu çatdırmalısan. Dedi ki, amma burdan səni buraxa bilmərik. Bir nəfər sənə zamin durmalıdır. Mən dedim ki, mənim elə bir adamım yoxdur. O, isə bildirdi ki, var, Oqtay Abdullayev. Mən də öz növbəmdə bildirdim ki, onu bircə dəfə görmüşəm. Bundan sonra Akif Çovdarov dedi ki, sən Isgəndərə zəng et, o da Oqtayı göndərər. Elə də oldu. Mən Isgəndər Cavadova zəng edən kimi heç bir saat keçməmiş məni yenidən Çovdarovun yanına apardılar, Oqtay orada idi. Məndən soruşdu ki, pulu verəcəksən? Məndə verəcəyimi bildirdim. Onda Akif Çovdarov bildirdi ki, pulun 10ÿ000-i Oqtaya verərsən, qalan 90ÿ000-i isə MTN əməkdaşı Səlimə.

Mən 10ÿ000 manatı Oqtaya “Neftçi”nin bazasında, 25ÿ000 manatı isə 8-ci kilometrdə Səlimə verdim. O, dövlət nömrə nişanı “100″ ilə qurtaran ”Mitsubişi-Pajero” markalı qara avtomobildə gəlmişdi. Bundan sonra mən çox götür-qoy etdikdən sonra qalan pulu verməmək qərarına gəldim. Səlim mənə tez-tez zəng edirdi. Bir dəfə Akif Çovdarov özü də zəng etmişdi. Mənə hədə-qorxu gəlirdi. Deyirdi ki, səni həbsə saldıraram, mən hakimə deyəndə səkkiz il “iş” ver, onlar qorxudan doqquz il verərlər.

Bu il dekabrın 3-də birinci məktubum qəzetinizdə dərc olunandan sonra Isgəndərgil xəbər göndəriblər ki, o yaxşı adamdır, bizim adımızı çəkməyib, biz də ona kömək etmək istəyirik. Əgər mən razı olsaydım qohumlarımdan kimsə Baş Prokurorluğun Ədalət adlı əməkdaşının yanına getməli idi. O da məni bir neçə günə azadlığa buraxdıramağa nail olacaqdı. Mən onlara rədd cavabı verdim.

Bu da “Şöhrət” ordenli Isgəndər Cavadovun və onun dostu Oqtay Abdullayevin Akif Çovdarova ötürdükləri “pas”. Yəqin ki, bu “pas” yeganə deyil.

Bu ilin noyabırın 13-də mən prezidentə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa məktublar göndərmişdim. Ondan bir neçə gün sonra ailəmə qarşı xoşagəlməz hadisələr baş verməyə başladı. Mənim heç kimlə düşmənçiliyim yoxdur. 7 il il ərzində heç vaxt belə xoşagəlməz hadisələr olmamışdı. Mənim müraciətimdən sonra ilk dəfə belə bir hadisə oldu. Deməli, Akif Çovdarovun dəstəsi tam zərərsizləşdirilməyib. Onların əlaltıları hələ də meydandadırlar.

Dövlət strukturlarından ailəmin təhlükəsizliyini təmin etmələrini istəyirəm.

Dustaq üçün ən əzablı şey onun yerinin dəyişdirilməsidir. Mən bu 7 ildə çoxlu istintaq təcridxanalarında və Cəzaçəkmə Müəsisələrində olmuşam. Yenə təkrar bildirirəm ki, mən vətənimə, millətimə xeyir vermək istəyirəm. Bu 7 ildə çox itkilərim olub. Ən böyük itkim yaşca məndən kiçik olan yeganə qardaşımın dünyasını dəyişməsidir. Bundan əlavə mənim maddi itkilərim də olub. Ailəmin dolanışığı üçün əlimdə olan əmlakların satılmasına razılıq vermişəm. Çətin zəhmətlə qazandığım pullar hesabına aldığım avtomobillər, torpaq sahələri bu 7 ildə satılaraq xərclənib. Amma mən azadlıqda olsaydım biznesimi daha da artırıb digər adamların da dolanışığına şərait yarada bilərdim. Bu qabiliyyətimə yenə inanıram və bilirəm ki, mən həbsdən azad olsam yenə öz işimi qura biləcəyəm. Ölkəmizdə yeni iş yerlərinin açılmasına nail olacağam, bunun sahəsində həm dövlət büdcəmizə nümunəvi bir vergi ödəyicisi kimi, həm də vətəndaşlarımıza xeyirxah əməllərimi davam etdirməklə öz töhfəmi verəcəyəm. Bunun üçün mənim azadlığa çıxmağım və fəaliyyətimə şərait yaradılması üçün ölkə prezidenti cənab Ilham Əliyevə, Baş prokror cənab Zakir Qaralova, Ədliyyə naziri cənab Fikrət Məmmədova, Milli Təhlükəsizlik nazirinin birinci müavini cənab Mədət Quliyevə müraciət edirəm”.

Yazıda adları hallanan futbolçularla əlaqə saxlayıb onların mövqelərini öyrənmək istədik. Amma əldə etdiyimiz mobil nömrələrə cavab verən olmadı. Buna baxmayraq həmin şəxslərin mövqelərini də dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.