Ölümünü gözləməli adam - Aqil Camal yazır...
12-12-2015, 21:53
Əgər Ayaz Mütəllibov bilsəydi ki, verdiyi məlum müsahibə cəmiyyətdə bu qədər əks-reaksiya yaradacaq, dilini dimməz qoyardı. Hazırda eks-prezident statusundan istifadə edib evində şellənən Mütəllibov Modern.az saytına müsahibəsində özündən sonrakı Azərbaycan prezidentlərinə qarşı qeyri-səmimiliyə, ciddi təhriflərə yol verib. Baxmayaraq ki, bu qeyri-səmimiliyin, təhrifin məzmunu fərqlidir.
Şəraitə uyğunlaşıb hərəkət etmək, danışmaq Ayaz Mütəllibovun yaradılışdan bir özəlliyidir, deyəsən.
1991-ci ilin avqustunda Moskvada "QKÇP" baş verəndə İranda səfərdə olan Azay Mütəllibov SSRİ məkanında gedən ictimai-siyasi prosesləri dəyərləndirmədən irticaya dəstəyini ifadə etdi. Bir gün sonra isə biabırçı duruma düşdü…
Eks-prezidentin haqqında bəhs etdiyimiz müsahibəsində də mövcud şəraitə uyğunlaşma xüsusiyyəti özünü göstərib. Ayaz Mütəllibov müsahibəsində özünü sanki Heydər Əliyevin ən yaxın adamı, onun məsləhətləri ilə oturub-duran kadrı kimi təqdim edir.
Onun Heydər Əliyevə bu yeni yanaşması cəmiyyətdə qeyri-səmimilik kimi qiymətləndirildi. Müxtəlif vaxtlarda onun 20 Yanvar faciəsi ilə bağlı Heydər Əliyevə yönəlik absurd ittihamları, həmçinin kitabında irəli sürdüyü sərsəm fikirlər, hakimiyyətdə olduğu dövrdə Heydər Əliyev əleyhinə təşkil etdiyi kampaniyalar media tərəfindən gündəmə gətirildi. Mütəllibovun Əliyevə hazırda sərgilədiyi münasibətin yalnız bir "rəng dəyişməsi" olduğu qeyd edildi.
Həmin müsahibəsində Mütəllibov özündən sonrakı prezident Əbülfəz Elçibəy haqqında ağlasığmaz ittiham səsləndirib. Guya Elçibəy deyibmiş ki, "Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin".
Heç bir mənbəyə və məntiqə əsaslanmayan bu ittihama da cəmiyyətdən gərəkli reaksiya oldu. Rus imperiyasının nökərinə bir deyən lazım ki, bu gün Bütöv Azərbaycan, Türk Dünyası Elçibəy hayıqırır. Amma sənin iki nəfər yanında hörmətin yoxdu.
Sən təkcə, Xocalı soyqırımına, bu soyqırımı ilə bağlı fikirlərinə görə Azərbaycanda və Azərbaycan xalqının içərisində yaşamaq haqqını çoxdan itirmisən.
İndi təqdim etdiyim bu sitat çex jurnalist Dana Mazalovanın Ayaz Mütəllibovdan 2 aprel 1992-ci ildə götürdüyü "Nezavisimaya qazeta"da dərc olunmuş müsahibəsindəndir.
Təqdimat girişində qeyd olunur ki, "Mütəllibov Xocalı haqqında həqiqəti söylədiyi üçün Azərbaycandan sürgün edilib":
Mütəllibov: - Hər şey mənim istefam üçün təşkil edilibmiş. Prezidenti hörmətdən salmaq üçün bir güc fəaliyyət göstərildi. Əgər mən desəm ki, bu, Azərbaycan müxalifətinin günahıdır (Xocalı soyqırımı), böhtan atdığımı deyəcəklər. Amma ümumən demək olar ki, insanların çıxa bilməsi üçün koridor ermənilər tərəfindən hər halda açılmışdı. Bəs ermənilər nə məqsədlə atəş açmalı idi?"
Bu gün ermənilərin Xocalı ilə bağlı yaratdığı saytlarda Mütəllibovun bu müsahibəsi Azərbaycanın eks-prezidentinin "Soyqırımı azərbaycanlılar özləri törədiblər" ali etirafı kimi təqdim olunur.
Bütün bunlardan sonra A.Mütəllibov susmağı və fiziki sonluğunu gözləməlidir. Başqa heç nə!