Türk TIR-larının Bakıda üzləşdiyi problem həll edildi

14-12-2015, 12:57           

Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülür.

Şuradan AzVision.az - a verilən məlumata görə, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaları üçün imkanların genişləndirilməsi istiqamətində ardıcıl və sistemli işlər davam etdirilir.

Qeyd edək ki, son günlərdə Azərbaycan ərazisindən keçən tranzit yükdaşıyan iritonnajlı avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artıb

Bununla belə, dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində problemlər yaranmış və 6-9 dekabr tarixlərində Aktau Limanına gedən tırların bərələrə yüklənməsində gözləmələr baş vermişdir. Bununla yanaşı, Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib.

Bu problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasında müzakirələr aparılmış və müvafiq tədbirlər görülmüşdür. Belə ki, artıq yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq etmiş və yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarmış, bərə reyslərinin sayı artırılıb.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır.

Bununla belə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında müvafiq məişət şəraiti yaradılmış, dükan və kafe fəaliyyətə başlamışdır. Limana girişdən öncə kassa yerləşdirilmiş və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılmışdır. Limanda gözləyən sürücülər üçün sıralama biletlərinin tətbiq edilməsinə də başlanılmışdır. Bu sistemin köməyi ilə yük maşınlarının sürücüləri onlara təqdim edilən biletlər vasitəsi ilə öz sıra nömrələrini və vaxtlarını dəqiq bilməklə, gözləmə vaxtlarından səmərəli istifadə edə biləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.