HANSI MƏMURUN NEÇƏ NAMİZƏDİ VAR? - 125 dairə üzrə mandat uğrunda "döyüşən" şanslı namizədlər + SİYAHI " 2 hissə

1-02-2020, 20:26           
HANSI MƏMURUN NEÇƏ NAMİZƏDİ VAR? - 125 dairə üzrə mandat uğrunda "döyüşən" şanslı namizədlər + SİYAHI " 2 hissə
Fevralın 9-da keçiriləcək parlament seçkilərində artıq təşviqat kampaniyasına start verilib.

Elə o üzdən dairələr üzrə rəqiblərin kimliyi, onların hansının daha şanslı olması cəmiyyətdə böyük müzakirəyə səbəb olub.

Bu və ya digər məqamları nəzərə alaraq, Mia.az dairələr üzrə şanslı namizədlərlə bağlı araşdırma aparıb.

66 saylı Biləsuvar seçki dairəsindənYAP rayonun Heydər Əliyev Mərkəzinin direktoru Şahbazova Səyalə Əhmədağa qızının namizədliyini verib. Lakin Xanhüseyn Kazımlının yenidən namizəd olmamasını da nəzərə alsaq, o zaman böyük ehtimalla iqtidar burada tamamilə başqa namizədin üzərində “işləyəcək”.

Onu da qeyd edək ki, bu dairədən Müsavatın iki rəsmi namizədi olub. Maraqlı budur ki, bir neçə gün əvvəl müsavatçı Eldar Soltanlı partiyadaşı Yusif Mehdinin xeyrinə geri çəkilib.

67 saylı Cəlilabad şəhər seçki dairəsindən YAP yenə də Əmlak Komitəsinin sabiq sədri, hazırda PA-da şöbə müdiri olan Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun namizədliyini verib. Onun bu seçkidə bəlli səbəblərə görə, daha arxayın formada mübarizə aparaq, parlamentə düşmə şansı daha çoxdur.

68 saylı Cəlilabad kənd seçki dairəsindən YAP yenə də deputat Elman Nəsirovu dəstəkləyib. Onun azsaylı rəqibləri arasında iki mətbuat əhli var ki, böyük ehtimalla seçkinin gedişinə uyğun Nəsirovun “taktikası” dəyişə bilər.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən YAP Cəlilabad Peşə mərkəzinin direktoru Etibar Sadıqovun namizədliyini, şübhəsiz ki, formal olaraq irəli sürüb.

Çünki bu dairədən yenə də VHP-nin siyasi kimliyi ilə deputat Fəzail İbrahimli seçkiyə qatılıb. Söz yox ki, seçicilər arasında nüfuzu belə olmayan F.İbrahimlinin buradan inzibati dəstək olmadan yetərli səs alması qeyri-mümkündür Maraqlı hallardan biri də odur ki, Müsavat partiyası bu dairədən də iki namizəd irəli sürüb. Lakin sonradan o, partiyadaşı Əlipənah Rzalının xeyrinə geri çəkilib. Bu faktor da Fəzail İbrahimli üçün çətin sınaq yaradacaq.

70 saylı Masallı şəhər seçki dairəsi də maraqlı seçki mübarizəsinin gedəcəyi dairələrdən biri olacaq. YAP buradan məşhur mebelçi biznesmen Məmmədov Məşhur Şahbaz oğlunun namizədliyini irəli sürsə də, böyük ehtimalla əslində, ona deyil, Milli Məclisin aparat işçisi Mirnizam Vahabova dəstək veriləcək.

Maraqlı hal budur ki, bu dairəni ötən seçkidə təmsil edən “Ştutqart” firmasının və bir çox biznes şəbəkəsəinin sahibi deputat Nəriman Əliyev bu dəfə geri çəkilib. Lakin ona bağlı oan “Ştutqart”dan Alay Bəıhramv ad-soyadlı namizdə meydana atılıb…

71 saylı Masallı kənd seçki dairəsindən bu dəfə deputat Elmira Axundovanın kənarda qalması YAP-ın BDU-un kafedra müdiri Anar İsgəndərovun namizədlyini dəstəkləməsinə səbəb verib. Böyük ehtimalla ötən seçkidə Elmira Axundova üçün çalışan adminstrativ resurslar bu dəfə də Anar müəllim üçün səfərbər olunacaq.

72 saylı Yardımlı-Masallı seçki dairəsindən YAP kənd orta məktəbinin direktoru Əliyev Sərvər Məlikməmməd oğlunun namizədliyini verməklə, əslində, bitərəf adı ilə seçkiyəq atılan Musa Qasımlıya “yaşıl işıq” yandırıb. Bu “işığın parıltsı” o qədər çoxdur ki, hətta bir ara dogma rayonundan seçkiyə qatılacağını elan edən nüfuzlu xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı belə, sonradan dairəsini dəyişməyə məcbur oldu.

Musa Qasımlıya burada ən ciddi problemi isə QHT sədri, jurnalist və “Putin İlham”ın yaxın dostu Xanoğlan Əhmədov yarada bilər. O da əgər seçkiyə ciddi iradə ortaya qoyarsa…

73 saylı Lənkəran şəhər seçki dairəsindən YAP Lənkəran Təhsil Şöbəsindən Bağırov Güloğlan Baloğlan oğlunun namizədliyini, sözsüz ki, formal xarakter daşıyan protokol xatirinə irəli sürüb.

Əlbəttə, iqtidarın buradakı namizədinin birtərəf kimi seçkiyə qatılmış deputat Rüfət Quliyevin olduğunu rahat demək olar.

Lakin bu dairədən tanınmış müsavatçı, yerli əhali arasında kifayət qədər nüfuzu oan Yadigar Sadıqlının da meydanda olması Rüfət Quliyevə sürpriz yaşada bilər.

Maraqlı məqamlardan biri də budur ki, buradan tanınmış jurnalist Yelena Eyvazlı da namizəd idi. Lakin o, yanvarın 26-da gözlənilmədən seçki yarışından geri çəkilib. Namizədliyini geri götürən jurnalist detallara varmadan deyib ki, o, buna məcbur qalıb...

74 saylı Lənkəran kənd seçki dairəsindən lənkəranlıların belə xoş qar.şılamadıqları deputat Hadı Rəcəbli yenidən YAP-ın siyahısı ilə seçkiyəq qatılıb. Lənkərandakı böyük biznesi ilə bəzi açıqlamalarının yaratdığı qıcıqları nəzərə alsaq, şəffaf seçkidə ona çox səs veriləcəyi güman olunmur.

Ən əsası, onun rəqibləri arasında illərdə “Xəzər Lənkəran” Futbol klubunun vitse-prezidenti, milyonçu Mübariz Mənsimovun dostu Rəvan Bəşirovun da seçkiyə qatılması, Hadı Rəcəbli üçün ciddi sürprizlər vəd edir.

Xatırladaq ki, R.Bəşirov 12 dekabr 1984-cu ildə Lənkəran rayonunda anadan olub. O 2002-ci ildə Bakı Özəl Türk Liseyin,2006-cı ildə APYDİA-nın bakalavr pilləsini,2008-ci ildə Bakı Dövlət Universitetinin magstr pilləsini bitirib. 2008-2009-cu illərdə Xəzər Lənkəran Futbol klubunun vitse-prezidenti,GM Baku Center,La Brosse kimi şirkətlərdə direktor vəzifəsində fəaliyət göstərib. Hal hazırda Premium Service-də General Direktor işləyir və məhşur İtalyan Parfüm brendi 'Lankaran Forest'-in Azərbaycandakı rəsmi distrubyutorudur. Sevimli hobbilərindən biri '042' Lənkəran seriyasını dünyaca məhşur brende çevirməkdir Yəni sonuncu hobbisindən də göründüyü kimi, o, biznesini böyütməyə aludə olan Hadı Rəcəblidən fərqli olaraq, Lənkərana daha çox bağlıdır. Onun xüsusən də lənkəranlı gənclər arasında olan nüfuzu, qeyd etdiyimiz kimi, YAP-ın namizədinə ağır anlar yaşada bilər.

Yeri gəlmişkən, Hadı Rəcəbli ilə Rəvan Bəçirov arasında keçirilən sorğuda da YAP-ın namizədi kəskin fərqlə geri də qalıb. Məsələnin başqa maraqlı tərəfi də odur ki, sorğuya internet üzərində qatılan Mübariz Mənsimov Hadı Rəcəbliyə “Ayıbdır, yaşlı adamsan, get, bir az dincəl”, - deyə açıq mesaj verib. Deputat isə ona sərrast cavab verməkdən çəkinirək, namizədliyini öz təşəbbüsü ilə deyil YAP-ın verdiyini xatırladaraq, sanki hədəf kimi hakim partiyanı ittiham edib...

Son olaraq, qeyd edək ki, Lənkəranın icra başçısı Taleh Qaraşov qollarını çırmalayıb, inzibati gücü səfərbər etməsə, Hadı Rəcəblinin buradan şəffaf seçkidə qalib gəlməsi mümkün görünmür.

75 saylı Lənkəran-Masallı seçki dairəsindən YAP bu dəfə də Şeyxin dogma qardaşı Paşazadə Cavanşir Hümmət oğlunun namizədliyini dəstəkləyib. Cavanşçir Paşazadənin məhz Şeyxə görə seçkidən qalib çıxacağına şübhə yoxdur. Ona müəyyən qədər problem yaradacaq isə vəkil Rövşən Qasımov ola bilər.

76 saylı Lənkəran-Astara seçki dairəsindən isə YAP-ın da dəstəklədiyi vistse-spiker Ziyafət Əsgərovu yenidən mandate sahibi olacağı şəksizdir. Yerli dairələr hələ namizədlik mərhələsində bununçün vacib olan bütün addımları atıblar...

77 saylı Astara seçki dairəsindən YAP bu dəfə də deputat, məşhur həkim Mahmudov Rəşad Məmmədqulu oğlunun namizədliyini irəli sürüb. Onun rəqiblərinə asanlıqla qalib gələcəyi proqnozlaşdırılır.

78 saylı Lerik seçki dairəsindən YAP-ın qalmaqallı deputat, ötən il oğlu və yaxın qohumlarının “Relax”da vergi və polisə hücum etməsi ilə daha da "məşhurlaşmış" İqbal Məmmədovun namizədliyini növbəti dəfə irəli sürməsinin cəmiyyətdə böyük qıcıq yaratması sir deyil.

Yəqin ki, iqtidar mənsubları da belə narazılıq yaranmasının fərqindədir. Məhz bu faktordan yola çıxan və bunu fürsətə çevriə bilən istənilən rəqibi onu asanlıqla “taxt”dan sala bilər.

Unutmayaq ki, bu dairədən ehtiyatda olan polkovnik Hikmət Ağayev, gənc fəal Fərid Şahbazlı, ATV-nin əməkdaşı Bəxtiyar Fətullayev və daha bir neçə tanınmış namizədlər də var. Ki, onların da hər biri deputat İqbal Məmmədovun kabusu ola bilərlər.

79 saylı İmişli seçki dairəsindən YAP Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəliyinin Baş məsləhətçisi Nazm Əzimovun namizədliyini irəli sürməklə, burada keçmiş biznesmen deputat Əsabil Qasıımovdan boşalan posta tamamilə başqa bir namizədin qələbəsinə çalışdıqlarını sübut etmiş olub.

Siyasi ekspertlərin fikirincə, iqtidar buradan bitərəf adı ilə seçkyə qatılan sabiq müsavatçı deputat İltizam Əkbərli ilə AXCP adına iddia edən Razi Nurullayev arasında seçim edə bilər…

Onu da qeyd edək ki, bu dairədən AMİP-in yerli təşkilatının sədri Tapdıq Həsənov da namizədliyini irəli sürüb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən də YAP-ın, əslində, İmişli İcra Hakimiyyətinin işçisi Muradov Rüfət Ehtiram oğlunun namizədliyini görüntü xatirinə verdiyi şübhə doğurmur. Çünki buradan iqtidarın parlamentdə görmək istədiyi namizəd deputat, sabiq müsavatçı Çingiz Qənizadədir.

Lakin bu rayonlara yad olan ağdaşlı Çingiz Qənizadənin qarşısında ən ciddi rəqibi elə müsavatçı, daha dəqiqi, Müsavat başqanının müavini Razim Əmiraslanlı, partiya sədri, əslən İmişlidən olan sabiq deputat Xanhuseyn Kazımlının qızı Əsli Kazımovanın, həmçinin sabiq baş prokurorun İxtiyar Şirinin oğlu biznesmen oğlu Hikmət Şirinovun olacağı da şəksizdir. Hə, bir də tanınmış yazıçı Qəşəm Nəcəfzadənin oğlu, yazıçı Kəramət Nəcəfovun (Kəramət Böyükçöl) namizədliyini də unutmayaq. Davranış və açıqlamalarında sərhəd tanımayan Kəramətin Çingiz Qənizadəyə seçki prosesi boyunca ağır sarsıntılar yaşada biləcəyini də diqqətdə saxlamaq gərəkdir.

Bir sözlə, bu dəfə də eyni dairəyə üz tutan “yad” Çingiz Qənizadəni bir çox istiqamətlərdən acı sürprizlərin gözlədiyini proqnozlaşrmaq mümkündür. Necə ki, onun ilk görüşlərinin birində müharibə veteranın sualları qarşısında çox pərt vəziyyətə düşməsi faktını əks etdirən videolar artıq mediaya yayılıb. Əgər belə davam edərsə, o zaman hakim partiya səfərbər elədiyi resurslarını Çingiz Qənizadənin üzərindən geri çəkə bilər…

81 saylı Beyləqan seçki dairəsindən YAP bu dəfə də deputat İsmayılov Şahin Əmir oğlunun namizədliyinə güvənib.

Rayonda ictimai nüfuzu aşağı olan Şahin ismayılovun ən ciddi rəqibləri isə BDU-nun müəllimi Atamoğlan Məmmədovla ATV-nin “Qanunla Biz” verilişinin aparıcı və layihə rəhbəri Zülfiyyə Bayramovanın olacağını söyləmək olar…

82 saylı Ağcabədi seçki dairəsindən YAP yenə də deputat Tahir Rzayevi qabağa verib. Onun rəqibləri arasında AzTV-nin bölgə üzrə əməkdaşı Sənan Həsənoğlu və bir neçə “gözə dəyən” rəqibləri var. Lakin yerli inzibati resursların deputatdan yana kökləndiyini unutmayaq.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən YAP orta məktəb müəllimi Rəhimov Rəşad Akif oğlunun gücünə sığınsa da, aydındır ki, partiyanın məqsədi onun deputat seçilməsinə hesablanmayıb.

Bu dairənin deputatı kimi MM-də yenə də Aqil Abbası görəcəyik.

84 saylı Füzuli seçki dairəsindən YAP yenə də orta məktəb müəllimi Məmmədova Svetlana Gəray qızının namizədliyini irəli sürüb.

Aydındır ki, Bahar Muradovanın seçkiyə qatılmamasından sonar burada YAP-ın məramı tamam başqa namizədin üzərinə köklənib. Bu, böyük ehtimalla tanınmış iqtisadçı Vüqar Bayramovdur. Parlamentdə peşəkar iqtisadçılara təlabat olduğundan gözlənilir ki, iqtidar ona gizli dəstək verməklə yanaşı, qələbəsinə də mane olunmayacaq.

Ancaq unutmayaq ki, buradan fəal müsafatçı, tanınmış vəkil Osman Kazımov və N saylı hərbi hissənin sabiq komandiri, Horadiz əməliyyatının icraçısı, şəxsən Heydər Əliyev tərəfindən təltif edilmiş Zahir Həsənov, o cümlədən 1992-96-cı illərdə Qarabağ Qarnizonunun ilk hərbi prokuroru, əslən Füzulidən olan hüquqşünas Yusif Ağayev kimi güclü namizədlər də seçkiyə qatılıb.

85 saylı Şamaxı seçki dairəsindən də YAP məktəb direktoru Lazımov Arif Hacımurad oğlunun namizədliyini verib. Lakin burada da iqtidarın parlamentdə görmək istədiyi namizəd əslində, başqasıdır. Böyük ehtimalla, bu, ADU-nun prorektoru Tamam Cəfərovadır. Onun qarşısındakı ən ağırçəkili rəqiblər isə müsavatçı jurnalist Məzahir Məmmədov, keçmiş hərbçi Əzizağa Süleymanov və şirkət rəhbəri Rizvan Qənbərovdur…

86 saylı İsmayıllı seçki dairəsindən də YAP rayon Peşə məktəbinin direktoru Muradov Zaur Fazil oğlunun namizədliyini versə də, əslində, məqsəd deputat Novruz Aslanovun yenidən parlamentə seçilməsini təmin etməkdir. Burada deputatin əsas rəqibləri isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament müdiri Zaur Qardaşovla jurnalist Yusif Osmanlı olacaqlar. Əgər onlar ortaya ciddi iradə qoyarlarsa, deputat Novruz Aslanova sürpriz yaşada bilərlər.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən YAP Ağsu xəstəxanasının Baş həkiminin müavini Əli Hüseynovun namizədliyini də, sözsüz ki, Vəhdət partiyasının sədri, deputat Tahir Kərimlinin yenidən seçilməsi üçün irəli sürüb. Görünür, Tahir Kərimli də Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Sabir Hacıyev kimi hakimiyyətdən xeyir-dua almağı bacarıb.

Onun rəqibləri arasında bir neçə ictimai sferada tanınan şəxslər (məsələn, teleaparıcı Aytə Səfərova) lar da var ki, onların şanslarının daha çox seçki prosesi boyu Tahir Kərimlinin özünü necə aparmasından aslı olduğunu demək olar.

88 saylı Göyçay seçki dairəsində də YAP rayon xəstəxanasının Baş həkiminin müavini Hacıyeva Ləman Amil qızının namizədliyini irəli sürüb. Hakim partiyanın bu dairə üzrə də daha potensiallı namizəd meydana çıxarmamasının səbəbi, şübhəsiz ki, VBP partiyasının sədri, deputat Sabir Hacıyevin yenidən MM-də təmsil olunmasına “yaşıl işıq” yandırılmasından qaynaqlanır. Diqqətçəkən budur ki, AMİP bu dairədən sahibkar Teyyub Hüseynli ilə seçkiyə qatılıb…

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən də YAP-ın rəsmi siyahısında Göyçay şəhər icra nümayəndəsi Şükürov Rəşad Əlibala oğlunun namizədliyi dəstəklənsə də, burada da tamam başqa namizədin üzərində iş aparılacaq.

Bu, sözsüz ki, siyasi kluarlarda adı ciddi müzakirə olunan Nazirlər Kabinetinin Nazirlər Kabineti Aparatının Maliyyə və İqtisadiyyat məsələləri şöbəsinin müdir müavini, əslən ağdaşlı, uzun illər BMT-nin Bakı nümayəndəliyində çalışmış Məzahir Əfəndiyevlə bağlıdır.

Qeyd edək ki, Müsavat partiyası bu dairədən Çingiz Əlinin namizədliyini verib. Elə seçkinin də bu iki namizəd arasında gedəcəyi gözlənilir.

Xatırladaq ki, ötən seçkidə bu dairəni deputat Elman Nəsirov təmsil edib.

90 saylı Ağdaş seçki dairəsindən YAP bu dəfə də deputat Cavid Osmanovla mübarizəyə strart verib. Onun namizəd olduğu dairədə bir müxalifətçi namizədin olmaması isə seçkinin rahat qalibi olacağı anlamına gəlir.

91 saylı Ucar seçki dairəsindən isə YAP, nə qədər qəribə görünsə də, işsiz Ramil Həsənin namizədliyi üzərində dayanıb. Yada salaq ki, ötən seçkidə bu dairədən banker Çingiz Əsədullayevin ilk olaraq qələbəsi tanınsa da, sonradan MSK buradakı nəticəni ləğv edərək, təkrar seçki elan etməmişdi.

Budəfəki seçkidə isə iqtidarın AKI Inter Ltd. şirkətinin direktoru, Oksford və Kembric məzunu Kənan Cəlilovun üzərində dayanacağı ehtimalı çox yüksəkdir.

92 saylı Zərdab-Ucar seçki dairəsində isə YAP rayon Mədəniyyət idarəsinin əməkdaşı Əhmədov Urfan Nizaməddin oğlunun namizədliyini verib. Sözsüz ki, bu, bitərəf adı ilə seçkiyə qatılmış deputat Jalə Əliyevanın qələbəsi üçündür. Buradan Ana Vətən Partiyası sədrinin müşaviri Jalə Seyidli (Mütəllimova) ilə tanınmış vəkil Adəm Məmmədov deputata çətin anlar yaşada bilərlər.

93 saylı Bərdə şəhər seçki dairəsindən YAP Dövlət Şəhərsalma və arxitektura Komitəsinin şöbə müdiri Fatma Yıldırımın namizədliyini verib. Fatma xanımın rəqiblərini incələdikdə, aydın olur ki, YAP-ın namizədi bu dairənin rahat qalibi ola bilər.

94 saylı Bərdə kənd seçki dairəsindən isə YAP Bərdənin Baş həkimin müavini Məmmədov Qnyaz Vəli oğlunun namizədliyini verib. Lakin bəllidir ki, bu dairənin əsas namizədi Sosial Tədiqaqatlar Mərkəzinin sədri, deputat Zahid Orucdur. Onun əsas rəqibləri arasında isə "Real"ın dəstəklədiyi həkim Zöhrab Əliyevin adını çəkə bilərik. Bu dairədə AzTV-nin əməkdaşı Mətanət Cəfərovanın da müəyyən səs almaq şansları var.

95 saylı Tərtər seçki dairəsindən YAP rayon təşkilatının qərargahında işləyən Əsədov Eldar Garay oğlunun namizədliyini irəli sürüb. Ancaq hamı bilir ki, iqtidar partiyası bu dairədən yenidən Sahib Alıyevi deputat görmək istəyir. Onun əsas rəqibi isə Ümid Partiyasının sədr müavini Tamilla Qulami olacaq.

96 saylı Goranboy-Naftalan seçki dairəsindən YAP Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Məmmədov Anar İlyas oğlunun namizədliyini iərli sürüb. Lakin 10 nəfərlik namizədlər siyahısına diqqət etdikdə, burada kifayət qədər iddialı namizədlərin adlarına rast glmək olar. Onların arasında BAXCP idarə heyətinin üzvü, tanınmış jurnalist Əli Həziquluyevin, jurnalist Rufik İsmayılovun, “Ümid”in yerli təşkilatının sədri İmamverdi Verdiyevin , müsavatçı Yusif Namazoğlunun, sahibkar İlham Əhmədovun adlarını çəkmək olar.

İlkin rəyə görə, bu dairədə ən azı 3 namizəd Anar Məmmədovun qarşısında ciddi rəqib olacaqlar.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən isə YAP biznesmen deputat Ağalar Vəliyevin namizədliyini verib. Bu dairədə Ağalar Vəliyevin əsas rəqibinin isə müsavatçı Malik Həsənovun olduğunu xüsusi qeyd etmək olar.

98 saylı Şəmkir şəhər seçki dairəsindən YAP yenə də deputat Sahibə Qafarovanın namizədliyi verib. Bu dairədən Sahibə xanımın deputat seçiləcəyi şəksizdir.

99 saylı Şəmkir kənd seçki dairəsindən isə YAP Nurlan Həsənovun namizədliyini irəli sürüb.

Maraqlıdır ki, bu dairədən “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovun yaxın kadrı da seçkiyə qatılıb. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovadır. Lakin unutmayaq ki, buradan YAP-ın namizədi Nurlan Həsənov da təsadüfi namizəd deyil. O, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsində məsləhətçi işləyir. Yəni Cavid Qurbanovun bu dairədən arzusunu rahatlıqla həyata keçirməsi Kəlbəcərdəki qədər asan olmayacaq. Üstəlik, bu dairədən İqtisad Universitetinin kfedra müdiri Zabit Aslanovu, "Unibank"ın baş hüquqşünası Ərtoğrul Hüseynli və daha bir neçə yerli namizədləri də gözardı etmək mümkün deyil.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən isə YAP bu dəfə deputat Kamran Məmmədovun namizədliyini irəli sürüb. Diqqətçəkən odur ki, deputatın rəqibləri arasında bir müxalifətçi belə yoxdur.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən YAP Sosil Tədqiqatlar Mərkəzinin sədri müavini Elşad Mirbəşiroğlunun namizədliyini verib.Onun bu dairədəki ən ciddi rəqibi isə sərt açıqlamaları ilə gündəmdən düşməyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin olacağına şühbə yoxdur.

102 saylı Samux-Şəmkir seçki dairəsindən YAP Milli Məclisin şöbə müdiri Nizami Səfərovun namizədliyini verib. MM-in məsul şəxsinin rəqibləri də “dişi”nə uyğundur. Onun deputat seçilməsi problemsiz olacaq.

103 saylı Gədəbəy seçki dairəsindəki vəziyyəti də dərindən analiz etməyə gərək yoxdur. Buradan yenə də YAP-ın namizədi, deputat Sevinc Hüseynovanın qələbə qazanacağına şübhə olunmur.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən YAP orta məktəb direktoru Elnarə Məhərrəmovanın namizədliyini verib.

Lakin bu dairədə seçkinin hərarətini artıracaq iki namizəd var: sabiq deputat Nazim (Məmmədov) Bəydəmirli və politoloq Arzu Nağıyev. Birinci əslən Gədəbəydən, ikinci isə Tovuzdandır.

Hər iki namizədin istər hakim dairələrdə, istərsə də yerli camaat arasında kifayət qədər ciddi dayaqları var. O üzdən bu dairədən bu iki namizəddən birinin deputat seçiləcəyi proqnozlaşdırılır.

105 saylı Tovuz seçki dairəsindən də YAP təhsil işçisi Məhəbbət Abbasovanın namizədini irəli verib. Lakin bu dairənin favoriti yenə də deputat Qənirə Paşayevadır. Bu dəfə də onun mandat sahibi olacağına şübhə etməmək gərəkdir.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən YAP Tovuzun Statistika idarəsinin rəisi Niyazi Tağıyevin namizədliyini iərli sürüb. Lakin bu dairədən İlyas İsmayılovun lideri olduğu Ədalət partiyası sədrinin müavini Mütəlim Rəhimovun, BDU-nun dosenti Vüsalə Dadaşovanın, AMEA-nın əməkdaşı Ülviyyə Ağayevanın və Tibbi Univsersitetinin şöbə müdiri Nurlana Əliyevanın da iddiaçılar arasında olması dairədəki vəziyyəti “rentgen”dən keçirməyə mane olur. Böyük ehtimalla bu dairənin deputatı adları çəkilən 4 namizəd arasından seçiləcək.

107 saylı Qazax seçki dairəsindən YAP deputat Səməd Seyidovun namizədliyini verib. Böyük ehtimalla yerli resurslar onun yenidən mandat alması üçün tam səfərbər olunacaq. Ancaq bu dairədən QHT rəhbəri Ramil Göyüşovla jurnalist Sevinc Kərimovanın imkanlarını da gözdən qaçırmaq olmaz...

108 saylı Ağstafa seçki dairəsindən YAP bu dəfə də deputat Nizami Cəfərovun namizədliyini irəli sürüb. Burada deputatın rəqibləri arasında müsavatçı Başxanım Abbasova, İTV-nin redaktoru Pərviz Məsməliyev və digər bir neçə rəqibləri də var. Burada sürpriz mümkündürmü?

Gözləyək.

109 saylı Balakən seçki dairəsindən YAP həm Balakən, həm də Bakının Nəsimi rayonlarının sabiq icra başçısı, deputat Nəsib Məhəməliyevin namizədliyini verib. Bu namizədin vaxtı ilə işlədiyi Balakəndə ciddi narazılıqlar yaratması hazırda görüşlərinə də sirayət edir. Deputatın görüşlərinin süni və sönük keçməsi diqqətdən yayınmır. Üstəlik, rayon rəhbərliyinin bütün inzibati resursları ondan yana səfərbər etməsi haqda artıq rəqibləri tərəfindən məlumatlar buraxılır Lakin 7 rəqibinin (Bunlardan bir neçəsinin namizədliyini geri götürəcəyi deyilir) cəhdinə baxmayaraq, Məhəməliyev biznesinin və hakim əlaqələrlə münasibətlərinin hesabına yenidən mandat sahibi olmağa çalışacaq. Ona bu dairədə maneə yaradacaq namizədlərdən biri hüquqşünas İbrahim həsənov, digəri isə Mustafa Dibirov ola bilər...

110 saylı Zaqatala seçki dairəsindən YAP rayon təhsil şöbəsinin işçisi Bəhruz Bayramovun namizədliyini irəli sürüb. Lakin bu dairədən deputat, Demokratik Marifçilik Partiyasının sədri Elşən Musayevin seçkiyə qatılması göstərir ki, iqtidar partiyası onun yenidən mandat sahibi omasına çalışır. E.Musayevin xüsusi ilə onun iki rəqibi Fariz Həsənli ilə Nurlana Cəlilin qısa müddətdə ATƏT müşahidəçilərinin dairəyə gəlməsinə belə nail olması, durumu xeyli mürəkkəbləşdirib. Görünən odur ki, bu dairədən E.Musayevin yenidən mandat sahibi elan edilməsi ciddi başağrısı yaradacaq.

111 saylı Zaqatala-Balakən seçki dairəsindən YAP-ın namizədi Kamilə Əliyevanın qələbəsi üçün indidən bütün yerli dairələr səfərbər olunduğundan, onun mandat sahibi olacağına şübhə olunmur.

112 saylı Qax seçki dairəsindən YAP bu dəfə muzey direktoru Mahir Əfəndinin adını rəsmi siyahısına salsa da, hamı bilir ki, burada əsas namizəd Kəmaləddin Heydərovun komandasının üzvü, deputat Azər Kərimli sayılır. Artıq yerli qurumlar onun növbəti qələbəsi üçün səfərbər olunub.

113 saylı Şəki şəhər seçki dairəsindən YAP bu dəfə akademik Yaqub Mahmudovun deyil, rayon Gənclər və İdman İdarəsinin rəisi İskəndərov Vüqar Yapon oğlunun namizədliyini irəli sürüb. Lakin burada hakim partiyanın əslində kimdən yana seçim edəcəyi hələki müəmmalı sayıla bilər. Ola bilsin ki, YAP elə öz namizədini sonadək dəstəkləyəcək.

114 saylı Şəki kənd birinci seçki dairəsindən YAP Şəki təhsil şöbəsinin müdiri Südabər İsmayılovanın namizədliyini irəli sürsə də, hamı bilir ki, bu dairənin favoriti Baş nazirin sabiq müavini, deputat Əli Məsimlidir. Onun yenidən mandat qazanacağı ehtimalı çox yüksəkdir.

115 saylı Şəki kənd ikinci seçki dairəsindən YAP AMEA-nın Şəki regional mərkəzinin əməkdaşı Rahim Həsənovun namizədliyini versə də, yerli resurslar yenə də “dərman alverçisi”, haqqında son illər xeyli qalmaqallı xəbərlər yayılan Cavanşir Feyziyevin qələbəsinə kökləniblər. Bəzi ekspertlər iddia edir ki, C.Feyziyev gərəkirsə, problem yaradacaq rəqbləri ilə gizli anlaşmaya gedəcək və problemsiz seçkini uğurla başa vuracaq...

116 saylı Qəbələ seçki dairəsindən YAP Qəbələnin arxiv idarəsinin müdiri Samir Əliyevi qabağa versə də, burada əslində, nazir Kəmaləddin Heydərovun 82 yaşlı atası Fəttah Heydərovun qələbəsi üçün qollarını çırmalayacaqlar. Ümumiyyətlə, dairələrin ilkin analizini apardıqda, aydın olur ki, bu dəfəki parlamentdə nazir Kəmaləddin Heydərovun ən azı 10 deputatı olacaq.

Yeri gəlmişkən, Heydərov 1995-ci ildən bu yana Milli Məclisdə təmsil olunur.

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən isə YAP bu dəfə də deputat Aqiyə Naxçıvanlının namizədliyini verib. Lakin bu dəfə onbun qarşısında telejurnalist Ləman Ələşrəfqızı kimi ciddi rəqibi də var. Ləman xanımın seçicilərlə həddən artıq aktiv işləməsi, eyni zamanda, yerli olması ona olan inamı xeyli artırıb. Əgər şəffaf seçki olarsa, Aqiyə xanıma yerli resursların səfərbərliyi belə qələbə qazandıra bilməz…

118 saylı Ağdam şəhər seçki dairəsindən YAP Ağdamın Təhsil şöbəsinin məslhətçisi Fərid Muradovun namizədliyini versə də, aydındır ki, burada iqtidar yenə də deputat Bəxtiyar Əliyev üçün çalışacaq. Onun dairədəki əsas rəqiblərindən biri isə Musa Ağayev olacaq.

119 saylı Ağdam kənd seçki dairəsindən YAP bu dəfə də yaxın aylara qədər Siyavuş Novruzovun “başsağlığı alveri”ndə ittiham etdiyi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun namizədliyini verib…

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun namizədliyini verib. Bu dairədə YAP-ın namizədinin ən ciddi rəqibi şəhid övladı, tanınmış jurnalist Zaur Əhməd oğlu Məmmədovdur. Məcburi köçkün rayonları olan bu dairənin camaatının şəhidinə, onun ailəsinə necə sahib çıxıdığını isə xüsusi şərh etməyə ehtiyac yoxdur...

121 saylı Laçın seçki dairəsindən YAP bu dəfə də deputat, eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənın namizıdliyini verib..

Onu da qeyd edək ki, M.Abbaszadənin əvvəldən ümumilikdə 16 rəqibi olub. Lakin indi aydın olur ki, onlardan cəmi 7-I meydanda qalıb. Onun rəqibləri arasında müsavatçı Raqif Kərimli və digər iksinin adını çəkə bilərik

122 saylı Xankəndi seçki dairəsindən isə YAP namizəd irəli sürməyib. Bu dairədən Dağlıq Qarabağ İcmasının sədri, XİN əməkdaşı Tural Gəncəliyevin deputat seçilməsi üçün bütün imkanlar əvvəldən səfərbər olunub. Tural Gəncəliyevin rəqiblərinə qalib gələrək, MM-də Xankəndini təmsil edəcəyinə şübhə olunmur.

123 saylı Kəlbəcər seçki dairəsindən isə YAP Kəlbəcərin icra başçısı, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun yaxın qohumu Aqil Məmmədovun namizədliyini verib.

İcra başçısının rəqiblərinə keçmədən əvvəl qeydedək ki, bu dairənin əvvəlki deputatı elə Cavid Qurbanovun özü olub. Lakin rəhbərlik etdii sahədəki işlərinin çoxluğu ilə o da bu dəfə seçkidən kənarda saxlanılıb. Ancaq görünən odur ki, Cavid Qurbanov da nazir Kəmaləddin Heydərov kimi, siyasi ustalıqş sərgiləyərək, parlamentdə növbəti yaxın adamını daxil etməyə çalışır.

İcra başçısının bütün rəqibləri isə “diş”inə görədir. Əlbəttə, Cavid Qurbanov faktoruna görə. Əks halda, onu elə gənc rəqibi, hüquqşünas Əziz Qənbərov şəffaf seçkidə rahatlıqla məğlub edər...

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən YAP bu dəfə də deputat Elman Məmmədova şans verib.Əgər professor Mübariz Əliyev sonadək yarışda qalıb, deputatla çəkişərsə, əlbəttə, bu dairədən ciddi səs ala bilər. Lakin inzibati qərar bu dairədə də seçkinin taleyini həll edəcək.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP bu dəfə də haqqında xoş olmayan fikirlər, rylər olan deputat İmamverdi İsmayılovun namizədliyini verib.Lakin burada İmamverdiyə aman verməyəcək xeyli iddialı namizədlər var. Onların arasında VHP-çı Anar Əsədli, Demokratik Azərbaycan dünyası Partiyasının sədri Əlisahib Hüseynov, “Real” TV-nin əməkdaşı, tanınmış telejurnalist Afət Telmanqızı və digər namizədlər var ki, onların hər biri şəffaf seçkidə İmamverdi İsmayılovu asanlıqla sıradan çıxara bilərlər.

Elə bu səbəbdəndir ki, İmamverdi ismayılovun rəqiblərinin plakatlarını cırdırması, yerli icra başçılarının qəbullarında qaldığı haqda bol xəbərlər yayılır…

P.S. Bir daha qeyd edək ki, digər dairələr üzrə şanslı namizədlərlə bağlı rəy və proqnozları hissə-hissə bu yazıya əlavə edəcəyik. Doğrudur, bəzi dairələr üzrə proses real vəziyyətə uyğun hər an dəyişə bilər. Odur ki, prosesi gündəmdə saxlayıb, yenilənmələri anında əlavə etməklə, yazını gündəmdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.