Koronavirus 8 Mart qabağı gül dükanlarını “vurdu” - reportaj
7-03-2020, 11:13
Məktəblərdə dərslər dayanıb deyə, müəllimələrə gül bağışlanası olmayacaq; Əvəz Zeynallı 8 Marta qarşı çıxdı, Novella Cəfəroğludan “Bu nə paxıllıqdır?” cavabı gəldi...
Bakının gül dükanları nisbətən qaynamağa başlayıb. Paytaxtın bütün gül salonlarında bir azdan gəlhagəl olacaq. İldə bir-iki dəfə üzü gülən gül satanlar üçün son üç günün əməlli-başlı bayram olacağı gözlənilir.
Özlərinin də dediyi kimi, əslində 8 Mart qadınların yox, gül satanların bayramıdır. Ötən gün “Yeni Müsavat” üçün gül mağazalarından reportaj hazırlayarkən şahid olduq ki, müəyyən qədər canlanma yaranıb.
Satıcılar isə deyirlər ki, əsas şıdırğı alver martın 7 və 8-də olacaq. Onların sözlərinə görə, koronavirusun yayılması bu il işlərə təsir göstərib. Çünki məktəblərdə dərslər dayanıb, müəllimələrə gül bağışlanması olmayacaq. Gül satanlar yalnız doğmalarına, ailə üzvlərinə gül hədiyyə edənlərə ümidlərini bağlayıblar. Halbuki hər il 8 Mart günü ərəfəsində məktəblilərin valideynləri gül dükanlarının qarşısında növbəyə dayanardılar. Bu da istər-istəməz qiymətlərin qalxmasına səbəb olurdu. İndi isə gül dükanlarında qiymətlər adi günlərdən elə də fərqlənmir.
Məsələn, ən çox alınan qızılgülün bir ədədi 4-5 manatdır. Yəni 10 ədəd qızılgül buketi bağlatmaq üçün 50 manat xərcləməlisən. Elə adi vaxtlarda da qızılgül həmin qiymətə satılır. Bundan başqa, müştərilərin bəyəndiyi güllərdən olan xrizantemanın biri 2-3 manat arası satışdadır. Təxminən 6 ədəd müxtəlif rənglərdə xrizantema buketinə 12-15 manat xərclənir.
Satıcılar deyir ki, 8 Mart ərəfəsində dibçək gülü alanlar da var. Onların qiyməti 5-7 manatdır. Həmçinin kala, lalə, pion, liliya gülləri da alınır.
“Yerli güllərin özünün spesifik gözəlliyi var. Yerli bazarımız da zəif deyil. Ancaq qışda bir az zəifləyir. Çünki qışda istilik çox tələb olunur, o da ki artıq xərcdir. Buna görə yerli güllərdən az istifadə olunur”, - deyə gül satan Kamil bildirir.
Onun sözlərinə görə, Azərbaycana Hollandiya, Latın Amerikası ölkələri, Ekvador, Kolumbiyadan gül gətirilir: “Bu il işləri məktəblərin bağlanması korladı. Bizim əsas bazarımız məktəblərdir. Bir həftə dərslərin olmamasına görə valideynlər gül almırlar, kimisi pul verir, kimisi hədiyyə alır. Dərs olanda isə şagird həm hədiyyə, həm də əlində gül aparıb müəlliməyə verirdi”.
Yeri gəlmişkən, hər şey 1857-ci ildə Nyu-Yorkda toxuculuq fabriklərində işləyən qadınların “boş qazanlar marşı”" adlı yürüş keçirməsindən başlayıb. Zəhmətkeş qadınlar maaş azlığından və çətin iş şərtlərindən şikayət ediblər. 1910-cu ildə Kopenhagendə keçirilən qadınlar forumunda alman kommunisti Klara Setkin 8 martı beynəlxalq qadınlar günü kimi təsis etməyi təklif edib.
Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib. 1920-ci ildə Klara Setkin ilk dəfə SSRİ-yə köçür və burada Lenin və Krupskaya ilə tanış olur. Növbəti illərdə Setkin Komiternanın konqreslərində iştirak etmək üçün tez-tez Moskvaya gedirdi. Lenin və Krupskya ilə Setkini dost əlaqələri bağlayırdı.
1923-cü ilin iyulunda Reyxstaqa vaxtından əvvəl seçkilərdə milli sosialistlər Almaniya parlamentində üstünlük təşkil edirlər. Reyxstaqın baş deputatı kimi Klara Berlinə gedir və orada nasizmin təhlükələri haqqında çıxış edir və hər kəsi antifaşist cəbhə yaratmağa dəvət edir. Almaniyanın sol partiyaları ləğv edildikdən sonra Setkin SSRİ-yə sürgün edilir.
1933-cü ilin 20 iyununda Klara Setkin Moskva ətrafında, Arxangelsdə, 76 yaşındaykən vəfat etmişdi.
İnqilabçı qadının dəfn mərasiminində 600 mindən çox insan iştirak etmişdi. Setkinin qalıqları Moskvada Qızıl meydanda Kreml divarında yerləşdirilib.
Ancaq Azərbaycanda bu bayramın qeyd olunmasının əleyhdarları da var. Onlardan biri jurnalist Əvəz Zeynallıdır. Xural.com-un baş redaktorunun “Yeni Müsavat”a bildirdiyinə görə, hər bayram xalqın öz bağından qopmalıdır. Onun fikrincə, millətin xeyir və şər günləri özündən qaynaqlanmalıdır: “Mən bir neçə dəfə 8 Mart günü haqda fikirlərimi açıqlamışam. Bu bayram sosialist düşərgəsinin ölkələri tərəfindən qeyd edilirdi. Sonra qadın mövzusu olduğu üçün kapitalist dövlətlər də bayramı keçirməyə başladılar. Sadəcə, burada ideologiyadan daha çox millətin tarixi günləri dayanır. Klara Setkinin əsasını qoyduğu 8 Mart yəhudi-xristian bayramına uyğun gələn gündür. Yəni ən çox yəhudilərin bayramıdır”.
Ə.Zeynallı hesab edir ki, qadınları təbrik etməliyik: “Onlara hər gün xoş sözlər deməliyik, gül-çiçəklə təbrik etməliyik. Amma konkret olaraq 8 martda qadınlar bayramının qeyd edilməsini doğru saymıram.
Kaş ki, ölkəmizin ən ağır problemləri həll olunaydı, torpaqlarımızı azad edəydik, onda bu, qadınlara bir hədiyyə, bayram olardı..."
Jurnalist əlavə etdi ki, 8 Mart günü heç də bütün dünya xalqları tərəfindən qeyd edilmir: “Bu gün əməkçi qadınların bayramıdır. Yəni beynəlmiləl bayram deyil. İndi qarşısını almaq da mümkün deyil. Sadəcə, 8 Martın Azərbaycan qadınlarının günü olduğunu hesab etmirəm. Çünki ilk vaxtlarda bolşevik və rus qadınları qeyd edirdilər, SSRİ oturuşanda biz də bayramı qəbul etməyə başladıq. Bununla belə, mən qadınlarımızı təbrik edirəm”.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Yeni Müsavat”a bildirdi ki, hər gün qadınlar üçün bayram olmalıdır. Onun fikrincə, qadınlar həmişə zəhmət çəkirlər və onlar üçün bayramlar çox olmalıdır: “Mən istəyərdim ki, analar günü, qadınlar gün, qadına zorakılıq əleyhinə günü keçirilsin. Mən başa düşə bilmirəm ki, bu nə paxıllıqdır? Nə olsun ki, bolşevik bayramı olub? Qadına bir xoş söz demək, ətir, gül almaq, ona stimul vermək lazımdır”.
N.Cəfəroğlu qadınların hər səhər xoş bir sözə, sevgiyə ehtiyacı olduğunu vurğuladı: “Oğul anasına zəng edib əhvalını soruşanda, kişi qadınına gülərüz göstərəndə elə bayramdır. Ona görə imkan verin bayramımızı qeyd edək, paxıllıq göstərməyin”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Fotolar müəllifindir