Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? — Rəsmi açıqlama
Bu gün, 15:46
Bakı Metropolitenində yeni stansiyaların istifadəyə verilməsi ilə bağlı ictimaiyyət arasında maraq artır. Hazırda bir neçə istiqamətdə tikinti işləri davam etdirilir.
Yaxın aylarda yeni stansiyalardan ən azı birinin istifadəyə verilməsi planlaşdırılır. Bununla bağlı konkret tarix hələlik açıqlanmayıb, lakin ilkin mərhələdə hansı stansiyanın daha tez hazır olacağı barədə müzakirələr gedir.
Mövzu ilə baku.ws-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, 2025-2030-cu illər üçün Dövlət Proqramına daxil olan stansiyalarla bağlı Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir:
"Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər görülür. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur. Digər stansiyalar dövlət proqramının həyata keçirildiyi dövr ərzində inşa ediləcək".