Niyə bəzi işçilər ciddi rejim olmasa, işləyə bilmirlər?
Bu gün, 12:44

Son illərdə Z nəslinin iş mühitinə yanaşması geniş müzakirə mövzusu olub. Bu nəsil əsasən daha rahat, elastik və balanslı iş şəraitini üstün tutur. Onlar üçün sərbəstlik və yaradıcı azadlıq motivasiya amili hesab olunur. Lakin bəzi işçilər tam əksinə, yalnız ciddi rejimdə işləyə bildiklərini bildirirlər. Belələri üçün sərt qaydalar, dəqiq çərçivələr və nizam-intizam məhsuldarlığın əsas şərtidir. Məsələn, hər iki işçiyə mülayim şəkildə iş tapşırılanda rahat iş rejimində işləyən işçi işi görərkən, ciddi iş rejimində işləyən işçi o işi görə bilmir. Maraqlıdır, niyə bəzi işçilər ancaq ciddi iş rejimində işləyə bilirlər? Ciddi iş rejimi işçilərin karyerasına müsbət təsir edirmi?
Phoenix Development MMC-nin Təsisçi direktoru Rufanə Qasımova Valyuta.az-a bildirdi ki, hər iki yanaşmanın, yumşaq və sərt rejimin öz üstünlükləri, çətinlikləri və mənfiləri var. Ciddi rejimi seçənlər üçün qaydaların və strukturların mövcudluğu psixoloji rahatlıq yaradır: “Onlar iş prosesinin dəqiq planlı olmasını istəyir, qeyri-müəyyən mühitdə isə çətinlik çəkirlər. Bu tip işçilər çox vaxt daxili motivasiyadan çox, nəzarət və xarici təzyiq altında daha yaxşı nəticə göstərirlər. Onlar spontan qərarlardan və çevik dəyişikliklərdən çəkinə bilirlər. İnsanların yetişdirilmə tərzi, vərdişləri və xarakterləri də bu seçimdə mühüm rol oynayır”.
Sərt iş rejimi riskli ola bilir
Ekspertin fikrincə, sərt rejimdə çalışanlarda da bəzi risklər mövcud ola bilir: “Dəyişməz nizam, yüksək məsuliyyət və davamlı təzyiq tükənmişlik sindromuna (burnout) gətirib çıxara bilər. Ciddi iş rejiminin karyeraya təsiri isə şəraitdən asılıdır. Burada “doğru” və ya “yanlış” yoxdur. Əsas məsələ işçinin özünü tanıması və işəgötürənin fərqlilikləri düzgün idarə etməsidir. Sərt rejim balanslı şəkildə tətbiq olunduqda, karyera inkişafına müsbət təsir göstərə bilər”.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, hər bir fərdin xarakteri, iş üslubu, psixoloji durumu və motivasiya mənbəyi başqalarından fərqlənir: “Uşaqlığını internet, smartfon və sosial şəbəkələrlə keçirən şəxsləri Z nəsli adlandırırıq. Bu nəslin fərqli xüsusiyyəti onların rəqəmsal şəxsiyyət formalaşdırmasıdır. Rəqəmsal şəxsiyyəti formalaşan insanları ənənəvi qaydalarla məsuliyyətə cəlb etmək çətin olur. Çünki onlar sərbəstlik və yaradıcı azadlıq içində daha rahat işləyirlər. Bu səbəbdən də iş yerlərində klassik nəsillərlə yeni nəsil arasında qarşıdurma müşahidə olunur. Əvvəlki nəsillər üçün qayda və intizam məhsuldarlığın əsas şərti idi. Yeni nəsil isə əksinə, sərt çərçivələrdən çox azad mühitdə özünü göstərə bilir. Xüsusilə yaradıcı yanaşma tələb edən peşələrdə nizam-intizam artıq əsas meyar sayılmır”.
R.Nəcəfovun sözlərinə görə, internet imkanları ilə formalaşan peşələr, uzaqdan və hibrid rejimdə çalışan şirkətlər intizama əsaslanan ənənəvi qurumları geridə qoyur: “Belə mühitlərdə fəaliyyət göstərən insanlar özlərini həm daha azad, həm də psixoloji cəhətdən sağlam hesab edirlər. Çünki sərbəstlik onlara iş həyatında balans yaradır və yaradıcılıq potensiallarını ortaya çıxarmağa imkan verir. Amma məsələ yalnız nəsil fərqi ilə bağlı deyil. Burada psixoloji mövqelər əsas rol oynayır”.
Psixoloq deyir ki, bir qrup insan üçün sərt qaydalar təhlükəsizlik və sabitlik deməkdir: “Onlar aydın çərçivələr daxilində işləyəndə özlərini daha inamlı hiss edirlər. Qeyri-müəyyənlik onları çaşdırır və məhsuldarlığı azaldır. Uşaqlıqdan ciddi məktəb və ailə mühitində böyüyən bu insanların həyatında intizam məhsuldarlığın sinoniminə çevrilib. Belə insanlara tam sərbəstlik veriləndə onlar nə edəcəklərini müəyyənləşdirə bilmir və nəticədə işdə ləngimə yaradırlar. Digər tərəfdən bəzi insanlar sərt rejimdə öz yaradıcılıqlarını boğulmuş hiss edirlər. Onlar üçün məhsuldarlığın şərti azadlıqdır. Çünki sərbəst mühitdə yeni ideyalar ortaya qoymaq, fərqli yanaşmalar sınamaq imkanı qazanırlar. Bu tip işçilər qaydalarla yox, çevikliklə işləyəndə öz potensiallarını tam şəkildə göstərirlər”.
Peşənin xarakteri də mühüm əhəmiyyət kəsb edir
Klinik psixoloq qeyd etdi ki, maliyyə, hüquq, hərbi sahə, mühəndislik və psixologiya kimi istiqamətlərdə qayda və nizam zəruridir: “Bu sahələrdə dəqiqlik və məsuliyyət tələb olunur. Amma innovasiya, reklam, media, dizayn və texnologiya sahələrində isə yaradıcılıq və sərbəstlik ön plandadır. Hər bir peşənin tələbi fərqlidir və iş mühiti buna uyğun qurulmalıdır. Bu gün dünyanın inkişafı sərt qaydalarla əməyin üzərində deyil, çevik və yaradıcı nəticələr üzərində formalaşır. Müasir insan yalnız məhsula deyil, həm də təcrübəyə və estetik görünüşə üstünlük verir. Ona görə də yaradıcılıq bütün sahələrdə əsas şərtə çevrilib. Məsələ hansı iş rejiminin düzgün hesab olunmasında deyil. Əsas olan odur ki, insan hansı şəraitdə öz bacarıq və imkanlarını tam göstərə bilir. Müasir iş mühitində həm intizam, həm də yaradıcılıq üçün azadlıq əhəmiyyətlidir. Ən səmərəli nəticə isə bu iki yanaşmanın düzgün şəkildə uzlaşdırılması ilə əldə olunur. Belə bir balans həm şəxsi inkişafı dəstəkləyir, həm də müəssisələrin rəqabət gücünü artırır”.