Xırdalanda 51 yaşlı kişi iynədən ölüb? — AÇIQLAMA
Bu gün, 16:06

Sentyabrın 5-də Abşeron Rayon Mərkəzi Xəstəxanasında 51 yaşlı şəxsin antibiotik inyeksiyasından sonra şoka düşərək ölməsi ilə bağlı iddiaya aydınlıq gətirilib.
Hadisə ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat bildirilib.
Məlumata görə, 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) sentyabrın 4-də saat 09:30 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Dəri və dərialtı yumşaq toxumanın dəqiqləşdirilməmiş yerli infeksiyası, dəqiqləşdirilməmiş hepatit virusu diaqnozu təyin edilən pasiyent dərialtı inyeksiya üçün Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Xəstəyə dərialtı inyeksiya üçün prob qoyulub. Prosedurdan sonra vətəndaşın vəziyyəti ağırlaşıb, ona zəruri tibbi xidmət göstərilib. Təxminən 2 saata yaxın Kardiopulmonar Reanimasiya (CPR) tədbirləri aparılıb, ürəyin fəaliyyəti bərpa olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin aparılan tibbi yardımlara baxmayaraq, sentyabrın 5-i saat 01:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih üçün aidiyyəti üzrə təhvil verilib.
Meyit patoloji-anatomik ekspertizaya göndərilib. Rəyin təxminən 1 həftə – 10 gün ərzində təqdim olunması gözlənilir. Ekspertiza nəticələri əsasında aidiyyəti tibb personalının fəaliyyətində nöqsanların olub-olmaması araşdırılacaq və müvafiq tədbirlər görüləcək.