Xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə təhsili dayandırılır? VİDEO

Dünən, 12:27           
Xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə təhsili dayandırılır?  VİDEO
Bakının Nəsimi rayonundakı 268 saylı xüsusi məktəbin müəllimləri, eləcə də bu təhsil müəssisəsinin bəzi şagirdlərinin valideynləri xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə təhsilinin dayandırıldığını bildiriblər.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, illərdir evdə fərdi təhsil verilən həmin uşaqlar indi məktəbdə təhsilə cəlb edilirlər.

Bu məsələ valideynlər və müəllimləri narazı salıb.

35 illik təcrübəsi olan Fatmaxanım müəllimə bildirib ki, bu uşaqların fərdi təhsilə ehtiyacı var, çünki bir sinif dolusu şagirdlə məşğul olan müəllim xüsusi qayğıya ehtiyacı olan uşağı yetişdirə bilməz.

Kəmalə Quliyeva deyir ki, övladı özünü idarə edə, təbii ehtiyaclarını qarşılaya bilmir. Onun sözlərinə görə, 11 yaşlı qızı əvvəlcə normal məktəbdə təhsil alsa da, daha sonra ona autizm sindromu qoyulub.

İlahə Əsədova isə 20 ilin müəlliməsidir. Sertifikasiyadan da yüksək bal toplayıb. O, ingilis və fransız dillərini tədris edən müəllimlərə dərs saatlarının verilməməsindən narazıdır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, diaqnozu "evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları"nda qeyd edilmiş sağlamlıq imkanları məhdud uşaqların evdə təhsilə cəlb edilməsi davam edir. Yalnız uşağın sağlamlığında olan məhdudiyyət xəstəliklər siyahısındakı diaqnoza uyğun gəldikdə bu qərar qəbul edilir. Digər hallarda uşaqlar xüsusi, inteqrasiyalı, inklüziv və ya ümumi təhsil müəssisəslərində təhsilə cəlb edilirlər: "Valideynlərə bildiririk ki, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarları uşaqların fərdi inkişafının dəstəklənməsinə, tədris prosesində fasiləsiz iştirakına və onların sosial inteqrasiyasının təmin olunmasına xidmət edir".

Agentlikdən o da qeyd edildi ki, yeni tədris ilindən evdə təhsilə cəlb olunmuş uşaqların sayının azalması səbəbindən bəzi müəllimlərin dərs saatlarında azalma olub. Yerli təhsili idarəetmə orqanları müəllimlərin əlavə dərs saatları ilə təmin edilməsi istiqamətində işlər aparırlar və qısa müddətdə bu çətinliklər aradan qaldırılacaq.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru