Mübariz Mənsimov Gülənlə bağlı istintaq çərçivəsində həbs edilib
18-03-2020, 09:57
Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov barəsində həbs qərarı verilib. Mübariz Mənsimovla birgə şirkətin meneceri Nuray Nurcihan Perker saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, Mübariz Mənsimov və Nuray Nurcihan Perkeri Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar. Mübariz Mənsimovun qurucusu və rəhbəri olduğu “Palmali” Şirkətlər Qrupundan BBC-yə “hər şey yaxşı olacaq” deməklə kifayətləniblər.
Türkiyə mətbuatı yazır ki, Mübariz Mənsimov İstanbul Polis Təşkilatı yanında Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışların aparıldığı deyilir. “Palmali” Şirkətlər Qrupu 1998-ci ildə Türkiyədə qurulub. Şirkət qlobal dəniz daşımaları istiqamətində fəaliyyət göstərir. Mübariz Mənsimov bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə ortaq şirkət yaradıb. Hissələrin 65 faizi SOCAR-a və 35 faizi “Palmali” şirkətinə məxsus olub. Sonradan Mübariz Mənsimov ortaqlığı tərk edib.
Mübariz Mənsimov 2015-ci ildə “Forbes” jurnalının dünyanın ən zəngin 500 biznesmeni siyahısına daxil olub. O, 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.musavat.com/