Ombudsman aparatı iddialara BELƏ CAVAB VERDİ

2-04-2020, 10:04           
Ombudsman aparatı iddialara BELƏ CAVAB VERDİ
"2020-ci il 30 mart tarixində vətəndaş Abbaszadə Xaliq Əvəz oğlunun bir sıra internet saytlarında (teref.az, dia.az, hurriyyet.org və s.) qarşı tərəfin mövqeyi öyrənilmədən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının fəaliyyətini tənqid edən birtərəfli yazısı verilmişdir". Bu sözlər Teref.az-a Ombudsman Aparatının mətbuat xidmətindən göndərilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra bildirilir: "Qeyd edilənlərlə bağlı bildiririk ki, Abbaszadə Xaliq Əvəz oğlu “8.323 manat məbləğində pulun tutularaq “Rəvan Sığorta” ASC-yə ödənilməsinə dair” Suraxanı Rayon Məhkəməsinin 28.11.2016-cı il tarixli qətnaməsinin icra edilməsindən narazı qalması haqqında Ombudsmana müraciət etmişdir.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə (şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək) əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır.

Araşdırmanın nəticəsi barədə X.Ə.Abbaszadəyə məktubla cavab (19.03.2020, № 2/6045-20) verilmiş və bildirilmişdir ki, həmin qətnamə icraya yönəldilərək, qətnamə üzrə tərtib edilmiş 09.01.2017-сi tarixli icra sənədi icra edilməsi üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədinə əsasən şöbədə başlanmış icraat zamanı qeyd olunan vəsait X.Ə.Abbaszadə tərəfindən ödənilməmiş, icra məmuru tərəfindən bununla əlaqədar məcburi icra tədbirləri həyata keçirilməklə, tələbin onun əmlakı hesabına icra edilməsi istiqamətində tədbirlər görülmüşdür.

Cavabda, eyni zamanda qeyd edilmişdir ki, X.Ə.Abbaszadənin yerli icra qurumuna qarşı “Maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiasına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış, məhkəmənin 17.10.2018-ci il tarixli qərardadı ilə iddianın təmin edilməsi mümkünsüz sayılmış və həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.

X.Ə.Abbaszadənin xəbər portallarına verdiyi məlumatda həmin qətnamə üzrə icra sənədinin olmadığı qeyd edilsə də, Ədliyyə Nazirliyindən verilmiş cavabda bu qətnamə üzrə 09.01.2017-сi tarixli icra sənədinin tərtib edilərək icraya yönəldiyi göstərilmişdir.

Məlumat üçün bildiririk ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

Qeyd edilən Konstitusiya Qanununun 1.6-cı maddəsinə əsasən, hakimlərin fəaliyyətinin yoxlanılması Ombudsmanın səlahiyyətinə aid olmadığından, X.Ə.Abbaszadə prosessual normalara uyğun olaraq, müvafiq məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verə bilər.

Bir daha qeyd edirik ki, Ombudsmanın ünvanına daxil olmuş hər bir müraciət diqqətlə öyrənilir, təhlil edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür. X.Abbaszadənin şikayəti üzrə də müvafiq Konstitusiya Qanununun tələbləri rəhbər tutulmaqla araşdırma aparılmış və nəticəsi barədə ona qanunamüvafiq cavab verilmişdir.

Ombudsman təsisatı hər zaman konstruktiv təklifə və tənqidə açıqdır, həyata keçirdiyi çoxşaxəli fəaliyyətində daim insanların hüquq və azadlıqlarının, habelə qanuni maraqlarının təmin edilməsi prinsiplərini rəhbər tutur. Bununla yanaşı,

təsisatın fəaliyyətini tənqid edərkən onun işgüzar nüfuzuna xələl gətirəcək və həqiqəti əks etdirməyən məlumaların yayılmaması üçün qurumun fəaliyyətini tənzimləyən qanunu diqqətlə oxumağı, mübahisələndirilən məsələ üzrə qanunvericiliyin tələbləri ilə yaxından tanış olmağı məqsədəmüvafiq hesab edirik.

Unutmamalıyıq ki, hamı və hər kəs qanun qarşısında bərabərdir".

DİA.AZ-dan: Qeyd edək ki, məsələyə Ombudsman Aparatının mətbuat xidmətinin rəyini ilk başdan öyrənmək istəsək də, suallarımıza cavab verən olmamışdı. Amma yenə də qarşı tərəf münasibətini bildirdi, biz də peşə borcumuza uyğun olaraq işıqlandırdıq. Lakin Ombudsman Aparatının mətbuat xidmətinin diqqətinə bir məqamı da çatdırmaq istəyirik ki, onlayn-media çap mediasından əgər operativ xəbər yayımı ilə fərqlənirsə, həm də istənilən an istənilən materiala müdaxilə imkanı ilə də fərqlənir. Yəni onlayn-mediada xəbərlər açıqdır və istənilən an reaksiyanızı bildirə bilmək imkanınız var...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.