Virusun "yaratdığı" yeni dünya: Kim qalib çıxacaq? - TƏHLİL

2-04-2020, 16:43           
Virusun "yaratdığı" yeni dünya:
Aylardır gündəmi zəbt edən koronavirus pandemiyası dünyanın iqtisadi sistemini iflic etdiyi kimi, siyasi münasibətlərdə də bir sıra məqamlara yol açıb.

Dünyanın bir sıra tanınmış ekspertləri artıq indidən “postkorona” dövründə dünyamızın yeni iqtisadi-siyasi şəkil alacağını, yeni dünya düzəninin formalaşacağını bilddirirlər.

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə paralel neftin qiymətinin kəskin ucuzlaşmasının beynəlxalq nizamda ciddi siyasi və iqtisadi dəyişikliyə gətirib çıxarması istisna deyil.

Bu dərin böhrandan sonra əvvəlki nizamın davam etməsi mümkün deyil:

“Bu, bütün parametrlərdə özünü göstərəcək. Xüsusilə Çin və Rusiya düşünür ki, dünya nizamının formalaşması və şəkillənməsində önə keçə bilər. Amma neftin qiymətinin kəskin ucuzlaşması və ABŞ-ın artıq Çinə qarşı təzminat davasının açması hər iki iddialı dövlətin prosesləri ələ almasına mane ola bilər. Çin Afrika və yaxın və Orta Şərqdə güclənmək, Cənubi-Şərqi Asiyanı öz periferiyası etməklə yeni qütb formalaşdırmağa çalışır.

Rusiya Çinlə birlikdə Qərbi Yaxın və Orta Şərqdən çıxarmağı qarşılarına məqsəd qoyub. Amma bu epidemiya və iqtisadi böhran vəziyyəti kəskin dəyişir. Bu pandemiya Avropa və ABŞ arasında siyasi fikir ayrılıqlarına son qoysa da, tərəflərin əvvəlki kimi iş birliyi olmayacaq. Rusiyanın növbəti mərhələdə güclənməsi çətin bir prosesdir”.

“İşğalçıya dəstək zəifləyəcək”

Politoloq qeyd edib ki, neft və qaz qiymətlərinin ucuzlaşması hazırkı məqamda Moskvanın Cənubi Qafqaz siyasətində müəyyən zəifləməyə gətirə bilər. Xüsusilə Ermənistana maliyyə yardımı və işğalçıya ölkəyə tam dəstəyi ciddi zəifləyəcək:

“Qeyd edim ki, Rusiyanın Ermənistana hərbi və maliyyə dəstəyinin zəifləməsi növbəti mərhələdə Moksvanın bu ölkədən çıxmasına gətirə bilər. Məhz Ermənistanın indiki hakimiyyəti Rusiyanın ölkəsindən çıxarması üçün əlverişli zamanı gözləyir. Əgər koronovirus epidemiyası Ermənistanı defolta gətirib çıxarsa, Rusiya yardım etməsə, Paşinyan açıq şəkildə Moskvanın üzərinə gedəcək. Baş nazir xalqa bu çətin məqamda Rusiyanın kömək etmədiyini deyəcək və Rusiyanın Gümrüdəki hərbi bazası üçün təhlükə yaranacaq. Artıq Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinə epidemayaya qarşı maliyyə yardımı edib. Bu yardımlar hər üç Cənubi Qafqaz ölkələrinə şamil olunur. Göründüyü kimi bu çətin məqamda Qərb öz tərəfdaşlarına yardım əlini uzatdı. Bu, yeni mərhələdə Rusiyanın regionda xüsusilə, Ermənistanda dayaqlarının zəifləməsinə gətirəcək. Əgər, Rusiya Ermənistanda dayaqları sarsılsa, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün tarixi məqam yetişəcək. Yeni siyasi nizamda Türkiyə regionumuzda aktiv olacaq və Azərbaycanı hərbi cəhətdən təchiz edəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.