Aprel döyüşləri haqqında düşüncələr....

2-04-2020, 18:48           
Aprel döyüşləri haqqında düşüncələr....
Son illərin ənənəsinə uyğun, bu günlərdə 2016 aprel döyüşləri haqqında fikirlərimi bölüşürəm.
Bu il başlamaq istəyirəm başqa bir müharibənin epizodı ilə, Vyetnam müharibəsinin gedişinə həlledici təsir etmiş məhşur "Tet hücumu" ilə. Dönüş yaratmış bu təsir psixoloji faktorla bağlı olmuşdu:
ABŞ komandanlığı amerikan ictimayətinə Vyetnamda (o zaman artıq üç il idi gedən müharibədə) hər şeyin nəzarətdə olduğunu bəyan etdiyi zaman, 1968-ci il yanvarın 31-i Tet(Vyetnamda Yeni İl bayramı) atəşkəsi günü kommunistlərə aid partizanlar(vyetkonqçular) Cənub Vyetnamın şəhərlərinə gözlənilmədən hücuma keçib, bəzi yerləri tutmuşdular. Baxmayaraq ki, partizanlar heç bir ciddi uğura nail olmadılar və tamamilə darmadağın edildilər, amerikan komandanlığının “hər şey nəzarətdədir” bəyanatları fonunda vyetkonqun genişmiqyaslı hücumunun baş tutması ABŞ cəmiyətində hakimiyətə dərin inamsızlıq böhranı yaratdı. Cəmiyətdə əvvəldən olan anti-müharibə əhvalı geniş vüssət aldı. Müstəqil amerikan jurnalistlərinin döyüşlərdən apardıqları reportajlar sayəsində isə ABŞ və Cənub Vyetnam ordularının qələbəsi amerikan cəmiyətinə məğlubiyət kimi təqdim olundu. Amerikada geniş yayılmış anti-müharibə, pasifist hərəkatı yeni ABŞ administrasiyasını Vyetnamdan çıxmağa məcbur elədi və sonda məğlub olması təsəvvürünü yaratdı. Sonrakı amerikan ədəbiyatı və bədii filmlər hamıda birmənalı təsəvvür yaradıb ki, Amerika Vyetnama məğlub olub. Halbuki, bu məğlubiyət hərbi deyil, srateji siyasi məğlubiyət olmuşdu.
“Tet basqını” müasir hərbi tarixdə qüdrətli ölkənin zəif rəqibi üzərində şəksiz hərbi uğurları fonunda psixoloji və informativ məğlubiyətinin strateji məğlubiyətində həlledici rol oynamasının örnəyi kimi qalıb.

2016 aprel döyüşləri Azərbaycan ordusunun birmənalı uğuru olmasına baxmayaraq, psixoloji baxımdan cəmiyətimizdə bütövlükdə uduzuldu. Bunu isbat etməyə xüsusi ehtiyac yoxdur. Psixoloji məğlubiyətin əsas səbəbi cəmiyətin geniş kəsimlərinin hakimiyətə inamsızlığı fonunda Müdafiə Nazirliyinin əməliyatların informativ təminatını təşkil etməməsi olmuşdu. Tet basqınında amerikan jurnalistlərinin rolunu bizdə iqtidarın bəzi siyasi opponentləri, o cümlədən xarici ölkələrə sığınmış bəzi keçmiş hərbçilər və düşmənin informasiya strukturları oynamışdı. Aprel əməliyatları, torpaqlarımızın azad olunmasının ümumi strategiyasının tərkib hissəsi kimi təqdim olunmadı. Əvəzində, beyinlər, “hakimiyətin baş qatmaq oyunu”, “iki təpəyə görə sayıseçmə oğlanların qırdırdılar”, “satdılar”, “fəlakət”, “faciə”, “Rusiyanın əmri ilə geri qayıtdılar” və digər məlum dil əzbəri olmuş əsk-təbliğat şablonlarla dolduruldu. Aprel döyüşlərinin gedişi, nəticələri və əhəmiyəti təhrif olundu. Cəmiyətin hərbi maarif səviyəsinin son dərəcə aşağı olması, rəsmi mənbələrə etimadın olmaması, bədbinliyə və panikaya meyillilik da psixoloji məğlubiyətimizdə ciddi rol oynamışdı.
Həmçinin, ordumuzun və DSX-nin 2016-cı ildən sonra müxtəlif istiqamətlərdə həyata keçirdiyi bir sıra uğurlu əməliyatların və irəliləyişlərin qabaqlayıcı informasiya təminatının olmaması ciddi boşluqlar yaratdı ki, bunları doldurmuş təhriflərin təkzibi cəhdləri “arxadan atılmış daş” effekti yaradır və inandırmır.
Göstərilən faktorların hamısı hazırda da mövcuddur və özünü koronavirus pandemiyasının qarşısının alınmasına yönəlik tətbirlərə cəmiyətin reaksiyasında göstərir və getdikcə daha çox göstərəcək.
Əminliklə demək olar ki, işğalçı və onların havadarları və eyni dərəcədə iqtidarın siyasi opponentləri bu nöqsan və qüsurlardan gələcəkdə də istifadə edəcəklər. Təkcə sosial mediada yalan məlumatları yayanların təgibi ilə heç bir ciddi nailiyət əldə etmək mümkün deyil. Fövqaladə vəziyətlərdə sosial medianın hətta tam bağlanması informasiya və məlumatlandırmada əks-effekt yaradacaq.
Məsələnin həlli cəmiyətin hakimiyətə və rəsmi mənbələrə inamının yaradılmasında və çevik, qabaqlayıcı məlumatlandırma siyasətinin aparılmasındadır. İnformasiya siyasəti peşəkarlara tapşırılmalı, bu sahədə “pul silinməsi” və korrupsiya ləğv edilməlidir. Qarabağ müharibəsi və Silahlı Qüvvələrimizin son zamanlardakı uğurları, irəliləyişləri haqqında həqiqətləri əks etdirən yüksək bədii səviyəli filmlər, sənədli filmlər yaradılmalıdır. Bir sözlə, informasiya sahəsində həm dünyanın, həm öz mənfi təcrübəmizdən nəticələr çıxarılmalıdır.
Nazim Bayram
Hərbi ekspert
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.