Həkimlərin ailəsi necə qorunur? - “Tibb işçiləri üçün ayrıca yer ayrılsın”

3-04-2020, 20:15           
Həkimlərin ailəsi necə qorunur? - “Tibb işçiləri üçün ayrıca yer ayrılsın”
Koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə dayanan ordu həm xəstəliyə yoluxanların, həm də bəşəriyyətin xilası üçün çalışır.
Ağ xalatlı həkimlər, ümumilikdə tibb işçiləri koronavirus libasına bürünərək fədakarlıq göstərirlər. Təəssüf ki, İtaliya, İspaniya, Amerika, İran və digər inkişaf etmiş ölkələrdə tibb işçiləri arasında dünyasını dəyişənlər çoxluq təşkil edir.

Azərbaycanda koronavirusla mübarizədə fədakarlıq göstərən tibb işçilərinin sosial vəziyyəti ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Ancaq digər bir məsələ həm tibb işçilərinin, həm də onların ailələrinin təhlükəsizliyi ilə bağlıdır.
Tibb işçiləri həm koronavirusa qarşı mübarizə aparır, həm də birbaşa virusun daşıyıcılarıdır. Bu zaman təhlükənin yayılma arealı şaxələnir.

Belə olan halda, tibb işçilərinin ailələrinin təhlükəsizliyinə kim cavab verməlidir? Məsələ ilə bağlı hansı zəruri addımlar atılmalıdır? Hazırkı mərhələdə tibb işçilərinin müdafiəsi üçün nə etməliyik?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında mövzunun aktuallğını xüsusi qeyd edib:

“Tibb işçilərini koronavirus təhlükəsindən qorumaq çox çətindir. Almaniya,Türkiyə, İtaliya kimi səhiyyə sistemi inkişaf etmiş ölkələrdə koronavirusa yoluxub dünyasını dəyişən tibb işçiləri də var. Qardaş Türkiyədə 600-dən çox həkim bu virusa yoluxub və dünyasını dəyişənlər də var. Allaha şükürlər olsun ki, koronavirus ölkəmizdə o ölkələrdə olduğu kimi deyil. Tibb işçilərimizin sosial durumunu artırmaq üçün dövlətimiz tərəfindən çox yaxşı işlər görülür. Bunlar alqışalayiqdir”.

Komitənin sədr müavini məsələnin vacibliyindən danışarkən tibb işçilərinin ailələrinin müdafiəsiz olduğunu deyib:

“Tibb işçilərinin ailəsinin müdafiə olunması vacib məsələdir. Tibb işçilərimiz səhər koronavirusun ocağına gedib, gün ərzində onlarla mübarizə aparırlar. Axşam da evə gəlirlər. Hesab edirəm ki, fədakar və zəhmətkeş tibb işçilərimizin müdafiəsindən daha çox onların ailə üzvlərinin müdafiəsi də çox vacibdir. Hər bir tibb işçisi koronavirus daşıyıcısına çevrilə bilər. Belə bir ehtimal var. Tibb işçilərinin ailəsinin müdafiəsi üçün addımlar atılmalıdır.
Təklifim odur ki, tibb işçiləri üçün ayrıca yer ayrılsın. Bu xəstəxanaya yaxın bir yer də ola bilər. Hazırda otellər fəaliyyət göstərmir. Tibb işçiləri üçün otellərdə yer ayrıla bilər ki, onlar axşam evlərinə yox, otelə getsinlər. Tibb işçilərinin ailələrinin izolyasiya olunması çox vacibdir. Biz həm tibb işçilərimizi, həm də onların ailə üzvlərini qorumalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.