"Made in Uhan" - Çin "malı" Bakıda nə gəzir?
7-04-2020, 22:43
Çin insan övladının bütün həyat dəngəsini məhv edən koronavirusun «Uhan virusu» adlandırılmasına etiraz edir. Vallah, bu qədər də üzlülük olmaz. Kim deyirsə, əcəb edir, bu virusdan mənəvi və psixoloji əziyyət çəkən biri kimi mən də deyirəm: hələ ki 70 mindən çox adamın həyatına son qoyan, hər ölkədə insanların bütün həyatını alt-üst edən Uhan virusudur!
Pekinin iddiası ona bənzəyir ki, elə bil, ölkə olaraq dünya müharibəsinə başlayırsan və sənin suçun üzündən olan bu qırğına tarix üçün ad qoyanda yaxanı kənara çəkirsən, inciyirsən, hay-küy salıb etiraz edirsən. O zaman, «Yaponiyaya atom bombası atan ABŞ deyil» deməliyik, II dünya müharibəsini Hitler Almaniyası yox, Vyetnam qamışlığındakı silahlılar başladıb söyləyək. Çin səddinə də Misir səddi deyək. Ya da Uyğur müstəqil dövləti… Necədir? Təbii, sonuncu da daxil heç biri doğru və xoş deyil…
İndi hamı bu mərətin yayıldığı Çindən çox, Allah bilir, o ölkənin hansı səmtində yerləşən 10 milyon əhalisi olan Uhanın adını gecə yuxudan oyatsan da əzbər deyər. Doğrudur, virus indi başqa ölkələrdə Çindən daha çox can alıb, amma Uhan yaddan çıxmayıb, çıxmayacaq da. O səbəbdən Çin hökumətinin ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeonu koronavirusa «pasport verərək» «Uhan virusu» adlandırmasını qərəz hesab edir. ABŞ kimi ölkə bu xəstəlik səbəbindən 10 mindən çox itki verib, dünyada etibarı sarsılıb, daha ağrısını necə ifadə etsin ki? Amerika və Çin davası məlum, koronavirusa görə deyil, bu səbəbdən başlamayıb. Amma Pekinin ABŞ-ı və ya bir başqa ölkəni bu cür dəqiq ifadəyə görə ittiham etməsi, buna qarşı arsız bir dirəniş göstərməsi, düzü, çox qıcıq doğurur. Bu göydən gəlmiş bəla, sonradan dünyaya yayılan azar olsa deyərsən, Çin hökuməti haqlıdır. Uhanın it-pişik bazarından yayılan bu virus sizindir, sizin millətin «yaradıcılığıdır», buyurun, ona da yiyə durun. Bu qədər ağır bir yük…
Çin istehsal etdiyi heç bir məhsulun üzərinə başlarını da kəssən, başqa bir dövlətin adını yazmaz. Baxmayaraq ki, xammal da, zavod da xaricilərin investisiyası ilə ərsə gəlir, Çin yalnız ərazisini və işçisini icarəyə verir, amma məhsulu özününküləşdirir. İndi isə «made in Uhan» yarlığından israrla imtina edir, «mənim istehsalım deyil» deyir.
Səbəb aydındır: indi «virusa qalib gəldik» deyib, küçələrdə dolaşmağa başlayan bu ölkə dünyanın istehsalat emalatxanasıdır. Pis, yaxşı, bu belədir. Amma dəyişən dəngələr Çini bu dəfə SARS-dan da pis sarsıdıb, imicini isə təkcə küçə heyvanlarını yeyilməsinə qoyulan qadağa (yəqin ki, həm də müvəqqəti) ilə xilas etməklə alınmaz, bu koronavirus bəlası üstündən təmizlənməlidir. Amma bu boyda həngamədən sonra necə? Bu, Çin kimi nüvə dövlətinin də bacara bilməyəcəyi işdir. Ona görə Uhan virusu adından vəlvələyə düşüblər.
Çin boynuyoğun dövlətdir, bunu dünya bilir və qəbul edir. Amma Çin həm də totalitar və azad olmayan dövlətdir. Yalnız iqtisadiyyatının liberallaşması hesabına dünyada güclü iqtisadi bazaya sahibdir. Bu səbəbdən «Uhanda xəstəlik bitdi» deyən və cəmi 3-4 min arası adamın tələf olduğunu bəyan edən (bu rəqəm ciddi şübhə doğurur) Çinin kommunist hökumətinə inanmayan təkcə Vaşinqton deyil, çox ölkədə bu iddiaya ciddi yanaşmırlar.
Biz kommunist rejimində yaşamışıq, mahiyyətini bilirik. SSRİ dönəmində iqtisadiyyatı bərbad olan ölkədə bütün respublikalar kimi bizə də dondurulmuş mal və balıq əti yediriblər. Amma dinimizin haram buyurduğu heyvanın ətini zorla yedirtməyiblər. İndi nə əzəmətli kommunistlər var, nə o SSRİ. Kommunist koloniyası isə qalır. Bir az fərqli metodla idarə olunsa da, mahiyyət etibarilə Çin həmin sovet rejiminin davamçısıdır. Bolşeviklərə isə, Qəmlo demiş, inanmaq olmaz.
Amma indi əsas məsələ rejimin mahiyyəti deyil, buna xalq özü qərar verə bilər. Fəqət, aydındır ki, Uhan virusu indilikdə kommunist rejimindən də təhlükəlidir və dünyada kabus kimi hələ də dolaşmaqdadır…
Nazim SABİROĞLU
Musavat.com