“İtaliya futbol matçı keçirəndə Azərbaycan özünütəcridə başlamışdı” – Rusiyadan necə görünürük?

9-04-2020, 14:24           
“İtaliya futbol matçı keçirəndə Azərbaycan özünütəcridə başlamışdı” – Rusiyadan necə görünürük?
“Küçələrdə ancaq it gəzdirənlərlə rastlaşa bilərsən”

Azərbaycan hakimiyyətinin nəyi də olmasa, vətəndaşları qlobal təhlükələrə qarşı təşkilatlandırmaq bacarığına söz ola bilməz. Əslində dünyanın bəlkə də ən uzunömürlü hökuməti olmasının sirri də bundadır. Beynəlxalq qurumların hesabatlarında, eləcə də hakimiyyətin öz ideoloji təbliğatlarında bu sirrin inikasını görmək mümkündür – stabillik. Sözsüz ki, ölkədəki stabilliyin qorunması ciddi təşkilati iş tələb edir. 27 ildir hakimiyyətini bu iksirlə qorumağı bacaran Azərbaycan hakimiyyətinin COVİD-19 mərəzinə qarşı mübarizəsində də eyni təcrübəsindən faydalanması, etiraf edək ki, koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Özü də işsizliyin, yoxsulluğun, sosial problemlərin xirtdəyə dayandığı bir ölkədə vətəndaşları karantində saxlamaq asan deyil.
“Hər pis işdə bir xeyir var” aforizmini yada salan bu təcrübə dünyanın da gözündən yayınmır. Xatırlayırsınızsa, bir müddət əvvəl Ukrayna mətbuatında Azərbaycanın koronavirusa qarşı mübarizəsini Kiyevə örnək göstərən bir yazı dərc olunmuş, biz də onun tərcüməsini yayımlamışdıq. Maraqlıdır ki, Rusiya mediası da Bakı barədə bənzər təəssüratları bölüşür. “360 TV” nəşrinin Azərbaycanın koronavirusla mübarizəsinə həsr olunmuş “İzləmə sistemi, cərimələr və işsizlik. Yerli sakinlər Azərbaycanda “COVID-19” dövrü haqqında” sərlövhəli məqaləsini Ovqat.com oxucularının müzakirəsinə buraxırıq.

ABŞ-ın “COVID-19”la mübarizə üçün virusun daha çox yayıldığı Nyu-Yorka qoşun yeritdiyi, İtalyanın bu yeni xəstəlikdən ölənlərin sayına görə liderlik etdiyi, Böyük Britaniyanın baş nazirinin isə yoluxaraq xəstəxanaya düşdüyü bir vaxtda Rusiyanın qonşuluğunda yerləşən Azərbaycan pandemiya ilə əminliklə mübarizə aparır. Bəs bu keçmiş Sovet respublikası hansı qaydaları tətbiq edir və yerli sakinlər bu haqda nə düşünür?

Evdən çıxmaq üçün icazə
Bakı sakini Nəzrin danışır:
Təhsil aldığım ABŞ-dan Azərbaycana qayıtdıqda 2 həftə evdə oturmalı oldum. Təyyarədə bizim hərarətimizi ölçür, karantin qaydalarının yazıldığı məlumat kitabçaları paylayırdılar. Karantin bitdikdən sonra isə evdən yalnız iş üçün çıxırdım: mağazaya, nənəmlə görüşməyə və diş həkiminə.
Azərbaycanda insanların evdən çıxmasının qarşısını almaq üçün zamana və cərimələrə ehtiyac var imiş. İndi küçədə daha az insan görünür. Onlar da əsasən it gəzdirir və ya zibil atmağa gedir. Şəxsən mən ərzaq almaq üçün yaxınlıqdakı mağazaya gedirəm. O, evimizin 200 metrliyindədir. Bunu da təbii ki, maska və əlcəkdə edirəm.
Evdən çıxmaq üçün müəyyən olunmuş nömrəyə SMS göndərməklə, hansı məqsədlə çıxmaq istədiyini bildirməlisən. Mən artıq bu xidmətdən istifadə etmişəm. Tibbi yardım, ərzaq ehtiyacı, qohum dəfnində iştirak lazım olduqda, 1-dən 3-dək rəqəmlərdən birini yazır, eyni vaxtda pasportunun seriya və nömrəni göndərirsən. Bununla da 2 saat müddətinə evdən çıxmağa icazə alırsan.

Çətin maliyyə durumu
Bakı sakini Nailəni dinləyək:
İndi ölkədə vəziyyət normaldır. Lakin insanlar küçəyə çıxmaqdan heç də dərhal imtina etmədilər. Əhalini koronavirusla bağlı həm mətbuat, həm də küçələrdə patrullar məlumatlandırdı. Doğrudur, bəzi insanlar görülən tədbirlərdən narazıdır, çünki onların bir çoxu özəl sektorda çalışır. Heç də hamının rəsmi iş yeri yoxdur. Belə şəxslər hazırda maddi baxımdan çətin vəziyyətə düşüblər.
Bir çox insan indi ümumiyyətlə pul almır. Məsələn, anam maaşsız qalıb, çünki onun maaşı birbaşa satışdan asılı idi. Atalığım isə evdən işləyir və hərdən nəsə imzalamaq lazım olduqda bir neçə saatlıq işə gedir. Mən də hazırda işləmirəm, lakin mənə bu müddətdə əmək haqqımın üçdə ikisini ödəyəcəklər.
İnsanlar özləri də əlbir olub, başqalarına bacardıqları kimi yardım edirlər. Onlar zəngləşir, bir-birinə mənəvi dayaq olur, imkan daxilində maddi dəstək verirlər. Könüllülər isə aztəminatlı ailələrə ərzaq paylayır.

Bir-birinə əl tutmaq
Bakı sakini Elvira danışır:
Ailəmiz evə çatdırılma xidmətlərindən istifadə etmir. Biz iki aylıq tədarükümüzü görmüşük. Sürücümüz var və xırda alış-verişimizi o edir. Özümüz çalışırıq evdən çıxmayaq.
Ölkədə internet mağazalar vasitəsilə ərzaq çatdırılması işi o qədər də yaxşı qurulmayıb. Saytlar çox köhnədir, çatdırılma heç də yüksək səviyyədə həyata keçirilmir, onlayn ödəniş imkanları yoxdur və fikrimcə, bu səbəbdən internet alış-veriş mənasını itirir. Ümid edirəm ki, yaranmış vəziyyətlə əlaqədar, Azərbaycanda onlayn şopinq və nağdsız ödənişlər inkişaf edəcək.
Dövlət xalqa çox kömək edir. Kredit tətilləri verilib, kommunal ödənişlərin dayandırılması nəzərdən keçirilir. Həmçinin hazırda işsiz əhali qeydiyyata alınır, onlara ödənişlər ediləcək.
Məni yaxşı mənada təəcübləndirən sadə insanların davranışıdır. Sosial şəbəkələrdə paylaşımlar edilir, köməyə ehtiyacı olan baba və nənələrin ünvan və telefonları öyrənilir ki, onlara ərzaq və s. yardımı edilsin. Çoxları aztəminatlı ailələrə əşyalar bağışlayır. Sadə insanlar ərzaq payları düzəldib, kasıb ailələrə çatdırır. Mənim işlədiyim şirkət 500-dən artıq ailəyə ərzaq payı ayırıb.

Həkimlər yüksək səviyyədə
24 yaşlı Bakı sakini D.Abbasovun dediklərindən:
Kommunal xidmət və ya kredit sahəsində hələlik kömək edilməyib. Artıq kredit və ya ipoteka ödəyən insanlar arasında lətifələr dolaşır. Deyirlər guya bank əməkdaşları müştərilərə zəng vurub əvvəl can sağlığı arzulayır, evdən çıxmamağa çatırır, sonra isə ödənilməmiş borclarını xatırladır. Yəni “evdə qalın, ancaq kredit ödənişindən qalmayın, cənablar”.
Təhlükəsizlik məqsədilə müxtəlif rayonlar arasında yollar bağlanıb. Bu qadağanı müxtəlif yollarla pozmaq cəhdləri olur, lakin bunu edənlər böyük məbləğdə cərimələnir, yaxud sürücülük hüququndan məhrumetmə şəklində inzibati məsuliyyətə cədb olunur.
Həkimlərə gəldikdə, İtaliyadan gələrkən karantinə yerləşdirilmiş tanışım və onun dostlarının sözlərinə görə, bizim xəstəxana və həkimlər yüksək səviyyədədirlər. Onlar yorulmadan çalışır, şərait çox yaxşıdır, mühit isə tam müsbət və komfortludur. Həmin tanışım bloq idarə etdiyindən, karantin dövründə videolar çəkir, gündəlik hesabatlar dərc edir. Onlara baxdıqda görürsən ki, dedikləri tam doğrulur.

Vaxtında verilmiş reaksiyanın nəticəsi
Danışır Aliyə Mahmudova, 46 yaş, Bakı sakini:
Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etdikdə, mən narahat oldum. Onu yalnız ölüm halları 12%-ə çatdıqda elan edirlər. Mən dərhal tədbirlər gördüm, ezamiyyətləri təxirə saldım və ailəmlə birlikdə özümü təcrid etdim.
Azərbaycan yaranmış vəziyyətə ilk reaksiya vermiş azsaylı ölkələrdəndir. Tədricən tibb müəssisələri boşaldıldı, yoluxmuş ölkələrdən gələn vətəndaşlar ora yerləşdirildi. Hansı ki, həmin vaxt İtalyanın özündə futbol matçları keçirilirdi.
Dövlət və tibb müəssisələri də vəziyyətə dərhal reaksiya verdi. Həkimlər üçün yoluxanlarla ünsiyyətin yolları barədə treninqlər keçirildi, tibb işçilərinə pasientləri necə, hansı kateqoriyalara ayırmalı olduqları öyrədildi. Bütün yoluxan ölkələrin ümumi statistikasına baxsaq, biz yoluxanların və ölümlərin sayına görə heç də ilk sıralarda deyilik.
Con Hopkins Universitetinin məlumatına görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 641 nəfərə çatıb. Onlardan 7-si ölüb, 44 nəfər isə sağalıb.
Hazırda 590 nəfər xüsusi rejimli xəstəxanalarda müalicədədir. “Onlardan 11-nin vəziyyəti ağır, 17-i isə orta ağırdır. Qalanlarının vəziyyəti sabitdir”, - deyə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.

360 TV, Rusiya
Kseniya Daqayeva, Səbinə Əbubəkirova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.