DTX əməliyyatı: Nazir vəzifədən gedir? - GƏLİŞMƏ

10-07-2020, 16:09           
DTX əməliyyatı:
Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat XİN rəhbəri Elmar Məmmədyarovun vəzifədən azad ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Xarici İşlər naziri Elmar Məmmədyarov özü istefaya getməlidir.

Politoloq qeyd edib ki, aşkarlanan korrupsiya hallarında Xarici İşlər nazirinin əlinin olmaması mübahisəlidir:

“Bu, uzun illərdir formalaşmış rüşvət və korrupsiya sistemidir. Fikrimcə, bu sistemin başında da rəhbərlik dayanır. Nəinki onun işdən çıxarılması, hətta cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də gündəmə gələ bilər. Əlbəttə, istintaq gedir və nəticəni də istintaq elan edəcək. Sadəcə, indiyə qədər yayılan rəsmi məlumatlar göstərir ki, keçirilən əməliyyat, ortaya çıxarılan faktlar kifayət qədər ciddidir. Bu səbəbdən də təkcə nazirin yox, nazirlik aparatının böyük tərkibdə yenilənəcəyi cəmiyyətdə müzakirə edilir”.

Millət vəkili Elman Nəsirov da bildirib ki, Elman Məmmədyarovun vəzifədən azad edilməsi gözləniləndir:

“Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında rüşvətxorluq və korrupsiyaya qarşı amansız mübarizə aparılır. Prezident məmurlar qarşısında çox aydın şəkildə məsələ qaldırıb ki, xalqa ləyaqətlə xidmət edib mükafatlanın, əks təqdirdə isə cəzalanacaqsınız. Bundan nəticə çıxarmayanlar öz talelərini sual altına qoyurlar. Bəzi rayon icra başçılarının korrupsiyaya görə həbs edilməsi, bundan başqa, eyni əməllərə görə DSX-də, Mədəniyyət Nazirliyində DTX-nin əməliyyatlar keçirməsinin ardında XİN-də ortaya çıxan faktlar göstərdi ki, yenə də kimlərsə bundan nəticə çıxarmayıb, yenə də nazirliklərdə bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması kimi hallar qeydə alınır. Bütün bunlar Xarici İşlər Nazirliyində idarəetmə məsələlərində müəyyən boşluqlar olduğunu təsdiqləyir.

Əlbəttə, Elmar Məmmədyarovun Xarici İşlər naziri vəzifəsindən azad edilməsi birbaşa Prezidentin səlahiyyətindədir. Bu əməllərdə Xarici İşlər nazirinin məsuliyyət səviyyəsinin nə dərəcədə olmasını Prezident hamıdan yaxşı bilir. Hesab edirəm ki, o, hər zaman çox ciddi faktlar və arqumentlər əsasında qərar qəbul edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.