Ermənilərin itkilərini gizlətməsinin gizlinləri üzə çıxdı - ölənlərin çoxu muzdlulardır...

21-07-2020, 10:40           
Ermənilərin itkilərini gizlətməsinin gizlinləri üzə çıxdı -
Qarabağ qazisi Rey Kərimoğlu yenisabah.az-a verdiyi müsahibədə Tovuz döyüşləri ilə bağlı çox ciddi məqamlara toxunub. Tovuz rayonu istiqamətində Ermənistanın təxribatından sonra 4 gün gedən döyüşlər nəticəsində ermənilərin verdiyi itkilər barədə danışarkən Qarabağ qazisi ciddi faktlar açıqlayıb.

Sitat: “Reallıq budur ki, bizim ordumuz düşmənə kifayət qədər sarsıdıcı zərbələr vurub, onların kifayət qədər itkisi var, amma hamı Ermənistan mətbuatında, sosial şəbəkələrdə bu itkinin sayını, əsgər və zabitlərin adını axtarır. Çox nahaq yerə belə edirlər. Çünki ortada 1991-1994-cü illərin təcrübəsi də var. Bildirim ki, ermənilər Tovuz istiqamətində hücum edərkən orada 18 yaşlı əsgərlər olmayıb. Əməliyyatda Suriyadan, Livandan və digər ölkələrdən olan muzdlular və müqavilə ilə işləyənlər, yəni müddətdən artıq işləyən hərbi qulluqçular iştirak edib. Onların hamısının müqaviləsində birmənalı olaraq qeyd olunub ki, cəbhə istiqamətində döyüşdə həlak olarlarsa, bu haqda heç bir məlumat verilməyə bilər. Bu, Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir.

Onlardan kimsə Azərbaycanla döyüşdə həlak olsa, onun haqqında məlumatı 1 il sonra da yaya bilərlər, cəsədi ailələrinə lap 5 ay verilməyə bilər. Yəni onların fəaliyyətlərində belə nüanslar var. Bu isə Ermənistan tərəfinin məsələdən çox məharətlə istifadə etməsinə şərait yaradır. Amma fakt odur ki, qərargahları vurulub, 30 zabitin içərisindən 5-6-sı sağ çıxıb, qalanları ölüb. Sadəcə, məlumatları gizli saxlayırlar".

Hərbi ekspert Üzeyir Cəfərov R.Kərimoğlunun fikirlərinə şərikdir: “Ermənistanda, ümumiyyətlə, çağırışçı məsələsi bir neçə illərdir ki, ciddi problemə çevrilib. Nəzərə alsaq ki, Ermənistanın öz ərazilərində, o cümlədən işğal altındakı ərazilərdə xidmət keçənlərin çoxu həm imtina edirlər, həm çatışmırlar, həm də müxtəlif yollarla xidmətdən yayınmaq istəyirlər. Bu problemi həll etmək üçün Ermənistan erməni mənşəli, o cümlədən xaricdə yaşayan həmvətənlərinin çevrəsində erməni millətindən olmayanları Ermənistana və işğal altındakı ərazilərə cəlb edirlər. Bu əvvəlki illərdə də olub. İndi də var. Bundan sonra vəziyyətləri pisləşəcəksə, ermənilər bu yolu davam etdirəcəklər. Mən də o fikrə qatılıram ki, bu səbəbdən Ermənistanın itkilərini gizlətmək imkanları daha çoxdur. Ona görə çoxdur ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərində hospitallar, hərbi şəhərciklər var deyə həlak olanları orada bir müddət gizlədə bilirlər. Doğrudan da onlarla kimsə maraqlanmır. Doğması, əzizləri olmayanları kim axtaracaq ki? Amma yerli əsgər olanda bunu edə bilmirlər. Çünki onlar 1-2 həftədən bir evlərinə zəng edirlər, yaxud yanlarına gələnlər olur. Bu nöqteyi-nəzərdən əgər onların başına bir iş gəlsə, bu məsələ erməni generalları, komandirləri üçün problemə çevrilə bilər. Ona görə də onlar muzdluları cəbhəyə yerləşdirməyə, təxribatlara cəlb etməyə üstünlük verirlər. Gəlmələri müəyyən güzəştlərlə, şərtlərlə buna cəlb edə bilirlər. Məsələn, dağılmış evləri bərpa edib, onları ora yerləşdirirlər. Bu minvalla onlar günlərini keçirirlər. Tovuz istiqamətində həlak olanların bir qismi də bu qəbildəndir. Doğrudur, onların sənədini görməmişəm, hansı dövlətlərdən gəldiklərini bilmirik. Amma onu dəqiq bilirəm ki, ermənilər heç zaman öz itkilərini dünyanın düz vaxtında belə açıqlamırdılar. İndiki müharibədə də əvvəl itkilərini dandılar, sonra iki-iki açıqlamağa başladılar. Əvvəl iki zabit, sonra bir əsgər və bir çavuşu elan etdilər. İyulun 16-da günün birinci yarısında 10 itki dedilər, günün sonlarına isə 36 dedilər.

Bunun ardınca Müdafiə Nazirliyi dedi ki, ölən və yaralananların sayı yüzə qədərdir. Həqiqətən də onlar itkiləri hər zaman gizlədiblər. 2016-cı ili xatırlasaq, o il də ilk günlərdə ordularının onsuz da sarsılmış olan ruhunu sarsıtmamaq üçün deyirdilər ki, heç bir itkimiz yoxdur. Amma sonradan həmin itkiləri etiraf etməyə başladılar. Diqqət edin, diqqəti özlərindən yayındırmaq üçün onlar son 1-2 gündə saysız-hesabsız fake səhifələr yaradıblar. Ortada şayiələr, dezinformasiyalar yayırlar. Guya 8 nəfəri öldürüblər, nə bilim 15-20 nəfər arası yaralayıblar. Guya yaralıların vəziyyəti ağırdır, meyitləri ortada qalıb, Azərbaycan tərəfi itkiləri gizlədir. Bu, erməninin xislətinə uyğun olan bir məsələdir. Bir də itkilərini gizlədib nə edəcəklər? Mənim üçün bu məsələ çox cüzi rol oynayır. Azərbaycan əsgərinin canının salamat, sağlam olması mənim üçün əsasdır. Verilən tapşırıqları ən yüksək səviyyədə əsgərimizin yerinə yetirməsi bizim üçün əsas olmalıdır. Yerdə qalanlar boşdur. Erməni bizim düşmənimizdir, son mənzilə kimi də düşmən olaraq qalacaq. Əgər kimsə fikirləşirsə ki, ermənidən bundan sonra adam olacaq, yaxud normal qonşu olacağıq, şəxsən mən o fikirlərə inanmıram. Çünki onilliklər, yüzilliklərdir ki, ermənilər türk dünyasına həqarətlər yağdırırlar. Bundan sonra onların bizə normal münasibətlər göstərəcəklərinə şəxsən inanmıram. Son itkilər, yaralananlar, xüsusilə mülkü şəxslərin evlərinin dağıdılması erməninin bir daha iç üzünün hansı iyrənc formada olmasını bütün dünyaya sübut etdi”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.