Kimin yanında olmalı: - Dost diktatorun, yoxsa tanımadığımız demokratların?
13-08-2020, 10:10
Belarusda keçirilən prezident seçkiləri və seçkilərdən sonra baş verən kütləvi etiraz aksiyaları Azərbaycanda da qızğın müzakirə olunur. Hadisələrə yanaşmalar müxtəlifdir: Etirazçıların haqqını müdafiə edənlər də var, hazırkı Prezident Aleksandr Lukaşenkonun tərəfini tutanlar da, neytral qalmağa üstünlük verənlər də.
Bugünlərdə Respublikaçı Alternativ Partiyasının (ReAL) funksioneri, deputat Erkin Qədirlinin sərgilədiyi mövqe də diqqət çəkdi. Belə ki, o, baş verənlərə Azərbaycanın marağı prizmasından yanaşıb: “Belarus iqtidarının Azərbaycana münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır. Oradakı müxalifətin bizə münasibətini bilirkmi? Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz”.
Mövzunu AYNA-ya şərh edən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, Belarus vətəndaşlarının səslərini qorumaq üçün Minskin küçələrinə axışması, post-sovet məkanının ən sabit, müəyyən qədər rifahı olan ölkələrində də artıq çoxillik hakimiyyətlərdən, bir şəxsin eyni postda onilliklər boyu qalmasından təngə gəldiyinə işarədir: “Uzun illərdir ki, Belarusu idarə edən Lukaşenkodan, hakimiyyətin dəyişməzliyindən bezmiş, yeniliklər istəyən bir çoxları üçün yeni namizədlər ümid mənbəyinə çevrildi. Lukaşenko hakimiyyətdə olduğu 26 ildə rəqiblərini adətən seçkidən sonra həbs edirdisə, bu dəfə Qərbin təzyiqlərini və s. göz önünə alaraq seçkidən əvvəl həbs dalğası başladı. O, bir qayda olaraq Qərbi ölkəsinin daxili işlərinə qarışıb rəqiblərinə dəstək verməkdə ittiham edirdisə, indi Moskvanı eyni məsələdə ittiham edir”.
““Vaqner”çilərin bu yaxınlarda Minskdə həbs olunması ona dividend qazandırıb. Onun həbs etdirdiyi rəqibi Babariko 20 il Rusiyanın “Qazprom” şirkətinə bağlı “Belqazpombank”ın başçısı olub. Ən etibarlı adamlarından biri hesab etdiyi Barbarikonun ona qarşı çıxması Batyanı şoka salıb və bu da onu göstərir ki, Prezidentə etimadsızlıq artıq ölkənin siyasi və biznes elitasına da sirayət edib. Öz həbsinə qədər Barbariko 425 min imza toplamışdı ki, bu da az rəqəm deyil. Gənclər yenilik istəyir, Qərbə inteqrasiya arzusundadırlar. Belarus gəncləri Lukaşenkonu tənqid edirlər, Batya isə daha çox Sovet İttifaqı üçün nostalji hisslər yaşayan yaşlılara arxayındır”, -politoloq deyib.
Məmmədova Lukaşenkonun Qərb və Rusiya ilə münasibətlərinə də toxunub: “Koronovirusa qarşı lazımi tədbir görməməkdə ittiham olunan Batka tənqidlərə daha tez-tez məruz qalır. Onun Moskva ilə münasibətləri son dövrdə pisləşib, Qərblə isə əksinə, yaxınlaşıb. Artıq “Avropanın sonuncu diktatoru” ifadəsi onun adı ilə yanaşı çəkilmir. Hər zaman rus dilində deyil, belarus dilində danışanları təhqir etməkdən çəkinməyən, millətçiləri həbs edən Lukaşenko heç kəsə ölkənin suverenliyini pozmağa imkan verməyəcəyini vurğulayıb. Belarus diplomatları Qərbdəki həmkarlarını əmin etməyə çalışırlar ki, Lukaşenkonun siyasi rəqiblərinin həpsi demokratik proseslərə hücum deyil, Rusiyanın müdaxiləsinə labüd cavabdır. Bununla belə, Avropa İttifaqı Babrikonun həbsinə etiraz edərək, dərhal onun azad olunmasını tələb edib. Belarusu Avropa Şurasına qəbul etməyən Qərb dairələri indi hesab edir ki, o, Belarusun suverenliyinin qarantıdır. Bu isə Lukaşenkoda bir arxayınlıq yaradır”.
“Seçkidən sonra tərəfdarları Svetlana Tixanovskayanın lehinə nümayişlər keçirməyə başlayıblar. Lakin bu etirazların geniş vüsət alması gözlənilmir. 65 yaşlı Prezident sovet tipli iqtisadi modelə üstünlük verdiyi kimi, ölkənin siyasətini də partokrat təfəkkürü ilə idarə edir. O da bütün avtoritar liderlər kimi düşünür ki, əvəzolunmazdır və o, hakimiyyətdən getsə, ölkə batar və s. Bu, bütün post-sovet avtoritarizminin bəlalı yeridir”, - siyasi şərhçi bildirib.
Müsahibimiz deputat Erkin Qədirlinin Belarusda baş verənlərlə bağlı səsləndidiyi fikirlərə də münasibət bildirib: “Belarusda Lukaşenko və ya qeyrisinin hakimiyyətdə olmasının bizim üçün bir fərqi yoxdur. Çünki anlaşılan odur ki, elə indiki müxalifət, mitinqlər də Moskvadan yönəldilir. Belə olan halda, bizim üçün Bakı-Minsk yox, Bakı-Moskva münasibətlərinin xüsysiyyətləri önəmlidir, çünki hazırkı Belarusda iqtidar da, müxalifət də Moskvadan yönəldilir. Bəlkə də, Lukaşenko müxalifətdən daha artıq müstəqil, qərbyönümlüdür”.
“Lukaşenko Azərbaycanın dostu olduğunu dəfələrlə təsdiqləyib. Hətta, buna görə Ermənistan tərəfindən tənqidlərə də məruz qalıb. Azərbaycanın milli maraqları baxımından onun hakimiyyətdə olması, əlbəttə ki, bizə sərf edir. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı bəzi məxfi məsələləri Lukaşenko vasitəsilə öyrənmişdi. Ermənistanın böyük ümidlər bəslədiyi KTMT kimi bir təşkilatın üzv olduğu, silah aldığımız Belarusun rəhbərinin kim olması bizim üçün çox vacibdir. Lukaşenko bizə dost siyasətçidir. Lakin demokratiyanın inkişafı, post-sovet məkanında bir şəxsin uzun müddət hakimiyyətdə qalması, demokratik seçkilər, siyasi rəqiblərə qarşı amansızlıq baxımdan Lukaşenkonun hakimiyyətdə qalması heç də yaxşı hal deyil”, - politoloq əlavə edib.ayna.az