AYB Anardan xəbərsiz 150 manata saxta diplom satır - FOTO
1-09-2020, 11:47
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir - red.) saxta diplom biznesi ilə bağlı sensasion faktlar üzə çıxıb.
Axar.az-ın redaksiyasına təqdim olunan faktlardan aydın olur ki, Saman Həsənzadə AYB-nin adından əsasən Güney Azərbaycandan olan və Bakıda uğur qazanmaq istəyən yaradıcı insanlara 150 manata saxta diplom satır. Diplomun – Fəxri Fərmanın üzərində onu təqdim edən orqan kimi Azərbaycan Yazıçılar Birliyi göstərilir.
Fəxri Fərmanda möhür olsa da, qurumun sədri, xalq yazıçısı Anarın imzası yoxdur. Bu da sözügedən Fəxri Fərmanın saxta olduğunu deməyə əsas verir.
Bu saxta “Fəxri fərman”lardan birinə sahiblənən təbrizli aşıq Purismayıl Qaraxanlı iki il öncə onu 150 manat ödəməklə aldığını təsdiqləyib. Həmçinin bildirib ki, Saman Həsənzadənin Güneyli sənət adamlarına və yazarlara “böyük qayğısı” bununla kifayətlənmir. S.Həsənzadə onları müxtəlif “dərnək”lərə, “federasyon”lara üzv yazdıraraq, ildə 50-70 manat miqdarında üzvlük haqqı da alır. Bu qurumların fəaliyyəti və onlara görə alınan üzvlük haqqının Azərbaycan qanunvericiliyinə uyğun olub-olmadığı isə bəlli deyil.
Azərbaycan Yazıçılar Birliyinin sözçüsü Xəyal Rza saytımıza açıqlamasında məsələnin çox ciddi şəkildə araşdırılacağını deyib.
Mövzunu davam etdirəcəyik...