Şahbaz və Dilqəm harda saxlanılır? - “Ermənilər Şuşadan çıxıb getsələr də...”
2-11-2020, 16:49
“Beynəlxalq Qızıl Xaç Komitəsi girovların təhlükəsizliyinin təmin olunmasına zəmanət versə də, onlar üçün çox narahatıq. Hər gün yeni xəbərlər gözləyirik, intizardayıq”.
Bu sözləri Cebhe.info-ya açıqlamasında 6 ildir erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları bildirib.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun sözlərinə görə, döyüşlərin Şuşada getdiyi bir vaxtda atasının hələ də Şuşa həbsxanasında saxlanılması onların narahatlığıını birə-beş artırıb.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə oktyabrın 24-də atama məktub yazdım. Amma hələ də atamla görüşməyiblər. Hər gün Qızıl Xaç Komitəsi ilə danışıram. Əmin edirlər ki, atamın təhlükəsizliyi qorunur”.
Şahbaz Quliyevin qardaşı Manaf Quliyev də qardaşına görə narahatlığını ifadə edib. O, girovların yerlərlərinin dəyişdirilib-dəyişdirlmədiyindən xəbərsizdir:
“Şahbaza göndərmək üçün bir həftə əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi bacımdan və digər qardaşımdan məktub yazmalarını istədi. Onlar da məktub yazıb Komitəyə təqdim etdilər. Bundan əvvəl isə özüm Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əlaqə saxlamışdım. Komitədən dedilər ki, girovlar təşkilatın nəzarəti altında saxlanılır və onların sağlamlıqlarına hər hansı zərər gələ bilməz. Yəni ermənilər Şuşadan çıxıb getsələr də, girovlara Komitə nəzarət edir. Yenə də qardaşıma görə çox narahatıq. Hesab edirəm ki, qardaşımı yaxın günlərdə azad edərlər. Çünki ordumuz qələbə qazanır”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildir ki, əsirlər Dağlıq Qarabağ ərazisi olan Şuşa həbsxanasında saxlanılır.