"Öldürmək olmaz yaşatmaq" - Vergülün yerini reklam təyin etməlidir, yoxsa səviyyə?

21-01-2021, 10:22           
"Öldürmək olmaz yaşatmaq" -
"Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur".

Azərbaycanda internet saytlar fəallaşmağa başlayandan çap mediasının öz əhəmiyyətini itirdiyi barədə fikirlər səslənir. Hətta media nümayəndələri arasında "insanlar məlumatları qəzetdən deyil, saytdan oxuyurlar" tipli mübahisələrə də rast gəlirik. Sputnik Azərbaycan hazırkı dövrdə çap mediasının yaşadılmasının zəruri olub-olmadığını araşdırıb.

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni medianın yaranması ilə qəzetlərin tarixə qovuşduğu barədə fikirlər səslənsə də, bununla razı deyil: "Onlayn medianın yaranması o demək deyil ki, çap media sıradan çıxmalıdır. Ölkədə ictimai rəy yaradan, xalqın düşünən hissəsinin fikirlərini çatdıran, bu fikirlərlə də ictimai rəyə təsir edən məhz qəzetlərdir. Son vaxtlar çap mediasına qarşı aqressiv fikirlər artıb. Düzdür, bəzi qəzetlərin səviyyəsində problemlər müşahidə olunur. Etiraf edək ki, çap mediası operativlik məsələsində onlayn mediaya uduzur. Bu, təbii haldır. Amma çap mediasında olan araşdırma materialları, hadisələrə kökündən yanaşma və təhlil, qaçaraq informasiya çatdıran elektron mediadan daha sanballıdır. Buna görə də hesab edirəm ki, çap mediasının yaşamasına hələ uzun müddət ehtiyac var".

R.Məcid deyir ki, ümumilikdə götürdükdə Azərbaycan mediasında problem qəzetlərin varlığı yox, reklam bazarının olmamasıdır:

"Çox təəssüf ki, son illərdə həm çap, həm televiziya, həmçinin də onlayn media dövlət dəstəyi arzulayır. Əslində media iqtisadi cəhətdən müstəqil olmalıdır. Bunun üçün isə reklam bazarı olmalıdır. Bəzi onlayn media rəhbərləri hesab edirlər ki, qəzetlərə ayrılan maliyyə yardımı yeni mediaya ayrılarsa, orada hansısa uğurların şahidi olacağıq.

Amma hesab edirəm ki, yeni mediada jurnalistin yetişməyi qəzetdə yetişməsindən fərqlidir. Jurnalistika təhsilindən sonra qəzet - jurnalistləri yetişdirən ikinci məktəbdir. Jurnalist üçün vacib olan yazmaq bacarığı, intuisiya, müşahidə qabiliyyəti, bunların təhlil olunması bacarığına qəzetdə yiyələnmək mümkündür.

Bütün bunlar yeni mediada mümkün deyil. Üstəlik, yeni mediada qəzetlərdəki kimi parlaq jurnalistlər yetişmir. Əgər biz səslə müşahidə olunan görüntülü informasiyanı mediaya aid ediriksə, onda mənim balaca nəvəmin də instaqram səhifəsi onlayn mediadır. Yeni audiovizual media subyektləri adlandırdıqlarımızın bir çoxunun əhəmiyyətli izləyici sayı yoxdur. Bu məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur. Media bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirməyi tələb edir. Yeni audiovizual mediada isə bu prinsiplər qorunmur. Onların çoxu operativliyi qorumaq naminə informasiyanı xammal şəklində çatdırırlar. Qəzetdə isə jurnalistikanın bu tələblərinə əməl edilir. Keyfiyyətli araşdırma yazıları, analitik məqalələr hazırlanır. Bu baxımdan çap media yaşamalıdır".

Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər başlanılan islahatlar medianın bütün sferalarını əhatə etməlidir: "Medianın İnkişafı Agentliyi yaranması ilə Azərbaycan mətbuatında islahatlar prosesinin keyfiyyətcə yeni mərhələsinə start verilib. Hesab edirəm ki, bu islahatlar medianın bütün sferalarını əhatə edəcək.

Düşünürəm ki, hər nə qədər media digitallaşmaya getsə də, klassik media nümunəsi olaraq qəzetlərin mövcudluğu önəmlidir. Qəzetlər tarixdir. Ancaq qəzetlər rəqabət şəraitinə tab gətirmək üçün öz informasiya siyasətlərinə yenidən baxmalıdır. İnformasiya agentliklərinin köhnəlmiş məlumatlarını bir gün sonra dərc etmək qəzetlərin rəqabətdə uduzması ilə nəticələnir. Qəzetlər araşdırma yazılarına, maraqlı müsahibələrə üstünlük verməlidir.

Dünya praktikası göstərir ki, internet media hər nə qədər inkişaf etsə də, araşdırma yazılarına, özəl məlumatlara üstünlük verən qəzetlər öz satışlarını və mövqelərini qorumaqdadır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.