Vətən müharibəsinin daha bir qəhrəmanı-Olxan Quliyev

21-01-2021, 15:42           
 Vətən müharibəsinin daha bir qəhrəmanı-Olxan Quliyev
Hələ 33 yaşı tamam deyil. Amma baxışından, hərəkət və davranışlarından toxtaq və kamil bir insan kimi görünür. Uca boyludur, olduqca çevik və cəsarətlidir. Sadə bir ailədə, Azərbaycandan çox uzaqlarda-Rusiya federasiyasının Ulyanovsk vilayətində anadan olub. Atası Sabirin, anası Nəzakət xanımın diqqəti, qayğısı heç zaman ondan əskik olmayıb. Bütün uşaqlar kimi o da ailənin sevimlisi olub. Yurda bağlı, Vətən sevdalısı kimi böyüdülüb. Orta məktəb yaşı çatanda isə Vətənə dönüblər. Atası Gəncə avtomobil zavodunda, anası isə hərbi tibb müəssisəsində çalışıb. Olxan bir qayda olaraq uşaqlıq dostları arasında seçilib. Səmimiyyəti, davranışı ilə özünü sevdirə bilib.
1996-ci ildə Gəncə şəhəri İsrafil Məmmədov adina 27 sayli tam orta məktəbin 1-ci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib. Orta məktəb illərində isə özünün dediyi kimi hərbçi olmaqdan başqa heç nə düşünməyib. Ermənilərin vəhşiliyi, torpaqlarımızın işğalı, bu yolda şəhid olan igidlərimiz hər an onu düşündürüb. Nə vaxtsa əlinə silah alıb müqəddəs Vətənin azadlığı uğrunda döyüşmək istəyib. Elə bu istəklə də 2007-ci ilin oktyabr ayinda Gəncənin Nizami rayonundan həqiqi hərbi xidmətə yola düşüb. Həqiqi hərbi xidmətini isə Azərbaycan Respublikasi DİN-nin Daxili Qoşunlarinin “N” saylı hərbi hissəsində keçib. Bir əsgər olaraq hərbi tapşırıqları qüsursuz yerinə yetirib, döyüş sirrlərini, silah-sursatları incəliklərinə kimi öyrənib. Yorulmayıb, hərbi rejimdən bezməyib. Mükəmməl bir əsgər kimi yetişməyə can atıb. Fiziki sağlamlığına isə daha çox diqqət yetirib, idmanla məşğul olub. Elə bu üzdən də xidmət müddəti başa çatandan sonra, yəni 2011-ci ilin yanvar ayindan etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinda müddətdən artiq xidmətə başlayıb. Özü də xüsusi təyinatlı dəstədə. Burda təbii ki, tələbkarlıq daha yüksək olub, hər bir əsgərin əsil cəngavər kimi yetişməsi üçün xüsusi qaydalar tətbiq edilib, tapşırıqlar verilib və qüsursuz yerinə yetirilmə tələb olunub. Onun ən yadda qalan illəri isə qardaş Türkiyədə kurslarda olması və təlimlərdə iştirak etməsidir. Dünyaya meydan oxuyan belə cəsur ordunun döyüş təcrübəsini öyrənmək onun gənclik həyatının ən şanlı səhifələri olub. Daha da mətinləşib, əslində döyüşə tam hazır bir əsgər kimi sınaqlardan üzüağ çıxıb. Müasir ordu quruculuğu çərçivəsində hazırlanan baş çavuş Olxan Quliyev 2020-ci ilin avqust ayinda Mudafiə nazirliyinin xüsusi təyinatli qüvvələrinə ezam olunub.
Qəhrəman olmaq, bu cür tanınmaq təkcə sərəncamlarla yadda qalmır məncə. Ölümün buz kimi soyuq baxışlarını dəf edərək düşmən üzərinə cəsarətli hücumların özü də hünərdir, qəhrəmanlıqdır. Ən əsası döyüş zamanı ölmək üçün yox öldürmək üçün düşünməkdir. Bu düşüncə ilə də düşmənin ciyərini sökməkdir. Olxan kimi gəncləri olan millət doğrudan bəxtəfərdir. Qürurlu və başı ucadır.
Onun keçdiyi döyüş yoluna qısaca nəzər yetirək. İkinci Qarabağ müharibəsi başlayanda baş çavuş Olxan Quliyev döyüs əməliyatlarina müdafiə nazirliyinin xüsusi təyinatli qüvvələrinin tərkibində yollanıb. İlk gündən də ön siralarda olub. 27-30 sentyabr 2020-ci ildə Toğana-Murovdağ (Kəlbəcər) istiqamətində, 02-08 oktyabr Cəbrayil rayonu istiqamətində, 10-21 oktyabr Fizuli rayonu və Hadrut qəsəbəsi ugrunda gedən döyüşlərdə, 22-29 oktyabrda Xocavənd istiqamətində, 30 oktyabir 2020-ci il tarixdən 3 noyabr tarixədək Laçin, 4-8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə əsil əsgər kimi döyüşüb və çox operativ olub. 9 noyabir 2020-ci il tarixdə Şuşada yaralanan Olxan Quliyev DİN-in Daxili Qoşunlarin hərbi hospitalinda müalicə olunub. Müalicə müddəti başa çatan kimi də xidmətə yollanıb.
Onunla müharibə günlərindən danışmaq istəyirəm. Bir anlıq susur. Başını qaldırıb gözlərimin içinə baxır. Gözləri yaşla dolub. Sonra aram-aram, qırıq-qırıq danışmağa başlayır. Müharibə filmlərdə gördüyümüz kimi deyil. Orda rejissor yanaşması, ssenarist baxışları var. Real müharibə isə ölüm-qalım savaşı, bir amal uğrunda qətiyyətdir. Bizim amalımız ədalətli idi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməliydik. Şükürlər olsun ki, buna da az itgi ilə nail olduq. Şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına. Ruhu şad olsun şəhidlərimizin, qazilərimizə Allah şəfa versin. Mənim üçün ən unudulmaz döyüş Kəlbəcər ugrunda oldu. Həmin döyüşdə mən qardaslarimi dostlarimi itirdim. Çox acı çəkdim. Onları heç vaxt unutmayacam. Həmin anda duşundum ki, nəinki onların, birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını almalıyıq. Məni qələbəyə səsləyən də elə bu qisas hissiydi. Bircə məqsədimiz var idi. Yalniz irəliləmək və qələbə qazanmaq, şəhidlərimizin qisasını almaq. Axı bizim qələbə qazanmağımız həm də gələck nəsillərin rahat, təhlükəsiz yaşaması demək idi. Sentyabr ayinin 30-u bizə yeni hücum tapşırığı verildi. Bu dəfə Lələtəpə isdiqamətindən Cəbrayila hücuma keçdik. Hava dumanlı, ciskin və yağışlı idi. Bu da hücum üçün çox əlverişli əhəmiyyət daşıyırdı. Döyüş yoldaşlarimin cəsarəti və qorxmazlığı nəticəsində biz Cəbrayıl uğrunda gedən doyüşdə də qələbə qazandiq, işğaldan azad etdik. .
İndi baş çavuş Olxan Quliyevin sinəsini “Fizulinin azad olunması”, “Cəsur döyüşçü” və “10 il qüsursuz xidmətə görə” medalları bəzəyir. Əslində onun ömrünün ən şanlı səhifəsi böyük bir millətin qürurunu və şərəfini özünə qaytarmaq üçün qanlı döyüşlərə atılması, hamımızın dilini uzun etməsidir. Olxanın bir şirin oğul balası da var. Mövruddur adı. Müharibə günlərində anası ilə birgə hər gün atasına, bütün əsgər və zabitlərimizə dualar edib, uca Allaha əmanət kimi tapşırıb hamısını. Dilindən Vətən ruhlu şerlər düşməzdi. Şəhid acılarına, qazilərimizin hünərinə bayatılar söyləyərdi. Beləcə, indi Quliyevlər ailəsində daha bir vətənpərvər böyüyür, vətənin pərvanəsi ola biləcək igid yetişir.
Bu gün işğaldan azad edilən, sinəsi ağ örpəyə bürünən ərazilərimizdə şəhidlərimizin, qazilərimizin, Olxan kimi minlərlə igid əsgərimizin qələbə, zəfər izləri var. Onların saldığı izlər tarixdir, şərəf və qürurdur. Başımızın ucalığı, dilimizin uzun olmasıdır. Ali Baş Komandanın cəsur əsgərlərinin rəşadətidir. Təbii ki, illər, əsrlər keçəcək, amma, bu izlər heç vədə pozulmayacaq. Həmişə qələbə soraqlı zəfər yolu kimi təzə-tər qalacaqdır.
Qalib Rəhimli.
Teref.az



шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.